Qalibləri münsiflər heyəti müəyyənləşdirəcək
Minadan zərər çəkən insanların yaşadıqları faciəni, onların qarşılaşdıqları problemləri cəmiyyətə çatdırmaq məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) tərəfindən jurnalistlər arasında reportaj və araşdırma üzrə elan edilən müsabiqənin birinci hissəsi yekunlaşdı.
Əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 20-dən “Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri” mövzusunda keçirilən müsabiqəyə yazıların qəbulu dayandırılıb. Bu tarixdən sonra dərc edilən yazılar qəbul edilmir. Təşkilat komitəsindən verilən məlumata görə, ümumilikdə müsabiqəyə 20 yazı təqdim edilib. Amma onlardan reportaj və araşdırma janrına uyğun gələn 18 yazı qəbul edilib. Münsiflər heyətinin üzvləri yaxın vaxtlarda yazıların dəyərləndirilməsini yekunlaşdırdıqdan sonra təntənəli təqdimat mərasimi təşkil ediləcək.
Müsabiqənin şərtlərini bir daha xatırladırıq:
- Bu elan verilən gündən başlayaraq yazılar 20 iyun 2008-ci ilədək mətbuatda dərc olunmalı və BAMF-a təqdim edilməli;
- Yazıların həcmi beş min işarədən az olmamalı;
- Yazılar indiyə qədər heç bir mətbu organda dərc edilməmiş olmalıdır.
Bütün yazılarda müsabiqənin mövzusu, həmçinin BAMF ilə AMZA tərəfindən keçirildiyinin qeyd olunması zəruridir.
Mükafatlar:
- 1-ci yer 250 ABŞ dolları və diplom
- 2-ci yer 150 ABŞ dolları və diplom
- 3-cü yer 100 ABŞ dolları və diplom
Fərqlənən jurnalistlər üçün isə qiymətli hədiyyələr və diplomlar veriləcək.
Qeyd edək ki, son illər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlər əsasında həm mina təmizləmə, həm də mina qurbanlarının ehtiyaclarının öyrənilməsi və ödənilməsi istiqamətində xeyli işlər görülüb. Beynəlxalq Avrasiya Mətbuat Fondu da (BAMF) 2000-ci ildən mina probleminin həlli prosesinə qoşulub. İstər mina təhlükəsizliyi, istərsə də minadan zərərçəkənlərin problemlərinin araşdırılıb həll edilməsi istiqamətində BAMF tərəfindən ardıcıl olaraq layihələr həyata keçirilir. Amma minanın insanların həyatına vurduğu zərbədən, onların ağrı-acılarından demək olar ki, cəmiyyətin əksər hissəsi məlumatsızdır. Keçirilən müsabiqənin əsas məqsədlərindən biri də cəmiyyəti bilgiləndirmək, minadan zərər çəkmiş insanların problemini vətəndaşlarımızın diqqətinə çatdırmaqdır.
Əlaqə telefonları: 439-7697; 439-4915
Mobil: (055) 641-3522
E-poçt: [email protected]
Vebsayt: www.iepf-ngo.org
