Minadan zərərçəkənlər üçün xüsusi proqram hazırlanmalıdır

31.07.2008 · 1179 baxış

Müəllif: Xalid Vahidoğlu, “Üç nöqtə” qəzeti, 19 iyun 2008

Əlillərin cəmiyyətin digər üzvləri ilə bərabər şəkildə təhsil almasi, yaşamasi, işləməsi təmin edilməlidir
Erməni işğalçıları torpaqlarımıza hucum edəndə minlərlə vətənpərvər azərbaycanlı kimi Vahid Gülağa oğlu Əliyev də vətənin torpaqlarımızın müdafiəsinə qalxır. Çoxsaylı ağır döyüşlərdə iştirak edən baş gizir Vahid Əliyev 1994-cü il yanvarın 6-da Füzuli rayonu ərazisində gedən döyüşlərdə minaya düşür. Onun həyatını xilas etmək mümkün olsa da, V.Əliyev hər iki ayağını itirir.
Torpaqların müdafiəsində iştirak edən Tahir Abdulla oğlu Mirzəyev də iki dəfə minaya düşüb. Müxtəlif dərəcəli bədən xəsarəti alan Tahir Mirzəyev hazırda da bədənində bir neçə qəlpə gəzdirir.
Hazırda Azərbaycanda minadan zərər çəkən 1970 insan var. Mina partlayışları nəticəsində isə 360 nəfər həyatını itirib. Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, təkcə 2001-ci ilin sentyabrından indiyədək baş verən 100 hadisədə 57 nəfər həlak olub, 136 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Cari ilin iyununadək ANAMA 69 203 955 kvadrat metr ərazini yoxlayaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib. Nəticədə 310 898 mina tapılıb zərərsizləşdirilib. Buna baxmayaraq, Azərbaycan ərazilərinin böyük bir hissəsində yenə də mina partlayışı olması ehtimalı var. ANAMA-nın hesablamalarına görə, təkcə Azərbaycanın nəzarəti altında olmayan ərazilərdə 550 kvadrat kilometr təmizlənmə işləri aparılmalıdır. Deməli, hələ də mina partlayışı səsinin eşidilmə ehtimalı böyükdür.
Minadan zərər çəkən əlillər üçün xüsusi təhsil proqraminin hazirlanmasina ehtiyac var
Araşdırmalar göstərir ki, mina partlayışından zərər çəkənlər bir sıra sosial problemlərlə qarşılaşır. Onların bir çoxu müasir təhsil imkanlarından yararlanmaqda çətinlik çəkir. Belə ki, minadan zərər çəkənlərin böyük əksəriyyəti hərbçilərdir. Onların da çoxu orta məktəbi bitirdikdən sonra ordu sıralarına yollanıb. Dünyanın əksər ölkələrində bu təbəqədən olan əlillər üçün xüsusi təhsil proqramları hazırlanır. Minadan zərər çəkən həmin insanların təhsil alması, yaxud hansısa sənəti öyrənməsi üçün son vaxtlar ANAMA Tərtər, Ağstafa, Füzuli rayonunda kompüter və dil kursları təşkil edib. Minadan zərər çəkənlərin ailə üzvlərinin maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün beznesin təşkili ilə bağlı məlumatlandırılıb və kreditlər verilib. Eyni zamanda onların hüquqi biliklərinin artırılması üçün seminar təşkil edilib. Amma görülən bü tədbirlər minadan zərərçəkənlərin problemlərini həll etməyə kifayət etmir.
Digər bir problem isə əsgərlərin mina partlayışı ilə bağlı hazırlıq səviyyəsinin qənaətbəxş olmaması ilə bağlıdır. Əgər I Qarabağ müharibəsi illərində əsgərlər minaya düşən yoldaşlarına ilkin yardım göstərə bilirdisə, indi bunu görmək olmur. Son illər minaya düşən əsgərlərin çoxu ilkin tibbi yardım almadığından kəskin qan itirmə və ağrıdan dünyasını dəyişir. Müharibə aparan inkişaf etmiş ölkələrdə hərbçilərin bu hallara hazırlığı ilə bağlı xüsusi təlimlər keçirilir. Minaya düşənlərdə ağrının qarşısının alınması üçün xüsusi masajlar müəyyənləşdirilib.
Fiziki cəhətdən qüsurlu insanlara qayği göstərmək dövlətin başlica vəzifəsidir
Cəmiyyətin həssas təbəqəsi sayılan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir.
Əlillərin sözlərinə görə, dövlət tətəfindən müəyyən problemləri həll edilir. Abşeron rayonunun Qobu kəndində yaşayan Vahid Əliyev müalicə üçün bütün şəraitin yaradıldığını bildirir: «Hər iki ayağıma protez qoyulmuşdu. Lakin ayağımın birində protezi gəzdirə bilmirəm. Həkimlərin sözlərinə görə, ayağımın sümüyünün kəsilməsinə ehtiyac var. Ailəmizin sosial vəziyyətinin yaxşılaşması istiqamətində dövlət tərəfindən yardım edilir. Müalicəm üçün şərait yaradılıb».
Əlaqə saxladığımız minadan zərərçəkən digər şəxslər də dövlət tərəfindən müalicə üçün şərait yaradıldığını qeyd edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin səlahiyyətlisi Elnur Kələntərlinin sözlərinə görə, respublikamızda əlillərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində tədbirlər görülür: «Əlillərin statistikası əsasən qruplar üzrə aparılır. Onları əlilliyin yaranma səbəblərinə görə qruplara ayrılmır. Minadan zərər çəkərək əlil olan insanların da cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər görülür. Hazırda respublikamızda 10-dan artıq reablitasiya mərkəzi var və onlar istənilən vaxt həmin mərkəzlərə müraciət edə bilər. Əlillərin Reablitasiya Mərkəzlərində bu təbəqədən olan insanların müalicəsi dövlət hesabına həyata keçirilir. Onlar ildə bir dəfə yoxlamadan keçir və müalicə ilə bağlı xaricdə olan reablitasiya mərkəzlərinə göndərilir. Dövlətin imkanları artdıqca əlillər mənzillərlə təmin edilir. Əlillərin sosial müdafiəsi üçün onlara avtomobillər də paylanılır. Bu prosesə 1998-ci ildən başlanılıb və indiyədək bu qəbildən olan şəxslərə 1600-ə yaxın avtomobil paylanılıb. Eyni zamanda həmin şəxslərin əlil arabaları ilə təminatına da ciddi fikir verilir. Sonuncu dəfə 700 nəfərə əlil arabası verilib. İlk dəfə olaraq bütün əlillər araba ilə təmin edilib».
Əlillərin müdafiəsi ilə bağli qanunlar tam yerinə yetirilmir
Azərbaycan əlil insanların hüquqlarının qorunmasını tələb edən bir neçə beynəlxalq konvensiyanı ratfikasiya edib. Həmin sənədlər iqtisadi, siyasi və mədəni həyatda əlillər üçün bərabər imkanların yaradılmasıni özündə əks etdirir. Bütün bu məsələlər isə Azərbaycan qanunvericiliyində bu və ya digər dərəcədə öz əksni tapıb. Lakin əlillər üçün bərabər imkanların yaradılması ilə bağlı müvafiq dövlət təşkilatlarının bəzisi öz üzərinə düşən işləri tam yerinə yetirmir.
Əlil insanların problemlərinin həlli ilə bağlı Ombudsman Elmira Süleymanova da narahatlıq ifadə edir: «Əlillərin müdafiəsi ilə bağlı bir sıra qanunların tam yerinə yetirilmir. Xarici ölkələrdə əlillər araba ilə rahat şəkildə küçələrdə gəzə, bazara gedə bilirlər. Bizdə isə şəhərin bir neçə yetində görüntü xatirinə pantuslar var. Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dəfələrlə müraciət etmişəm ki, yollar təmir olunarkən pantuslar qurulsun. Hər dəfə buna edəcəklərini vəd etsələr də, konkret iş görülmür. Halbuki bu işlərə xüsusi xərc tələb olunmur. Əlillərin rahat minib-düşməsi üçün liftli avtobusların gətirilməsi barədə Nəqliyyat Nazirliyinə müraciət etmişik. Lakin hələlik həmin avtobuslar alınmayıb».
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli də etiraf edir ki, əlillərin sosial müdafiəsi ilə bağlı bəzi qanunlara tam əməl edilmir: «Əlillərin sərbəst hərəkətinin təmin edilməsi üçün səkilərdə pantusların qurulması qanunvericilikdə əksini tapıb. Həmçinin, yeni açılan hər 25 iş yerindən biri əililərə verilməlidir. Lakin bu qanunlara tam əməl edilmir».
Sovet dövründən qalan ənənələrin dəyişdirilməsi vaxti artiq çatib
Əlilliyin aradan qaldırılması və onların sağlam fərd kimi cəmiyyətə inteqrasiyasının tərkib hissəsi kimi yeni açılan müəsisələrdə əlillərin işlə təmin edilməsi üçün 20 faiz kvota ayrılır. Lakin hazırda əlillərin iqtisadiyyatın 70 faizini təşkil edən özəl sektorda iş tapması böyük problemə çevrilib. Dövlət qurumlarında da işlə təmin olunmaq məsələsi tam həllini tapmayıb. Qeyri-leqal aparılan işə qəbullar zamanı əlillərə sağlam insanlarla bərabər imkanlar yaradılmır. Bu mənada həmin təbəqədən olan insanların işlə təmin olunması üçün dayanıqlı İnkişaf Proqramlarının hazırlanmasına ehtiyac duyulur. Əlillərin müasir texnologiyalardan istifadə imkanları məhduddur. Həmçinin, adi əlil arabaları ilə hərəkət etmək üçün yaşayış binaları və səkilərdə müvafiq yerlər nəzərdə tutulmur. Bu problemin həlli üçün xüsusi dövlət proqramının hazırlanıb həyata keçirilməsinə ehtiyac var.
Təəssüflə qeyd etməliyik ki, bugünədək Azərbaycanda ayrı-ayrı təbəqədən olan əlil insanlar barədə ayrıca məlumat bankı yaradılmayıb. Dünyanın əksər ölkələrində ayrı-ayrı qruplar üzrə əlillərin yaş, cins kateqoriyalar üzrə ayrıca statistik məlumat toplandığı halda, Azərbaycanda buna kifayət qədər diqqət yetirməyib. Belə məlumat bazasının olmaması isə əlillərin sosial problemlərinin həlli üçün layihələrin həyata keçirilməsinə maneələr yaradır. Halbuki əlillərə elə şərait yaradılmalıdır ki, bu təbəqədən olan insanlar digər vətəndaşlardan həyat şəraitinə görə fərqlənməsin. Əlillər də özlərini cəmiyyətdə sadəcə müəyyən qusuru olan insanlar kimi hiss etsinlər. Müəyyən fiziki qüsurları olan olan həmin insanların cəmiyyətə inteqrasiyası üçün bütün sahələrdə onların cəmiyyətin digər üzvləri ilə bərabər şəkildə təhsil alması, yaşaması və işləməsi təmin edilməlidir. Artıq dünyanın bütün inkişaf etmiş ölkələrində əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində işlər bu kriteryalar əsasında aparılır. Onlara təhsil, iş, yaşayış yerləri ilə təminində cəmiyyətin digər üzvləri ilə bərabər imkanlar yaradılır. Əlillərin cəmiyyətə inteqrasiyası üçün onların kompakt yerləşdirilməsinə son qoyulur. Əlillərin digər insanlarla bərabər şəraitdə və eyni yerlərdə yaşaması üçün müvafiq şərait təmin edilir. Azərbaycanda da həsas təbəqədən olan bu insanlara aid sovet dövründən qalma ənənələrin dəyişdirilməsi vaxtı artıq çatıb…

(c) 2018. IEPF