Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Ağstafa rayonunda həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihəsi çərçivəsində rayonda yaşayan mina qurbanlarının problemlərinə həsr olunmuş görüş keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin, mərkəzi rayon xəstəxanasının, rayon polis şöbəsinin, rayon hərbi komissarlığının, zona tibbi-sosial ekspert komissiyasının nümayəndələri, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ərazi üzrə nümayəndələri və 20 nəfərdən çox mina qurbanı iştirak edib.<br />
BAMF-ın departament rəhbəri Siyab Məmmədov 2007-ci ilin iyul ayından Ağstafada həyata keçirilən layihə barədə tədbir iştirakçılarına məlumat verib, rayonda yaşayan minadan zərərçəkənlərin üzləşdikləri problemlərin həlli ilə bağlı müvafiq strukturların qarşısında duran vəzifələrdən danışıb. ANAMA-nın Ağstafa rayonundakı Saloğlu bazasının meneceri Asif Əliyev vaxtilə sovet ordusunun yerləşdiyi Saloğlu hərbi bazasının 1991-ci ildə rus hərbiçiləri tərəfindən partladılmasından sonra baş verən faciələrdən, rayonun ərazisinin minalardan və partlmamamış hərbi sursatlardan təmizlənməsi sahəsində bu gün görülən işlərdən söhbət açıb.
Görüşdə mina qurbanları üzləşdikləri problemlərlə bağlı müvafiq qurumların nümayəndələrinə müraciət ediblər. Şəxsiyyət vəsiqəsinin alınması, nikah qeydiyyatı, nikahsız ailələrdə doğulan uşaqlara doğum haqqında şəhadətnamə verilməsi, pay torpaqlarının sənədləşdirilməsi, mənzil tikmək üçün torpaq sahələrinin verilməsi, ünvanlı sosial yardımların ayrılması və digər məsələlər haqqında minadan zərərçəkənlərin müracətləri müzakirə olunub və mövcud problemlərin həlli yolları müəyyənləşdirilib. Görüş BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində Ağstafada yaşayan minadan zərərçəkənlərin problemlərinin həllində yeni mərhələ təşkil edib.
