Minaya düşənlər…

31.07.2008 · 1638 baxış

Müəllif: Məlahət Rzayeva, “Şərq” qəzeti, 14 iyun 2008
Əlilliklə bağlı boşananlar, dağılan ailələr də var
Qarabağ uğrunda savaşlarda mina faciəsini şəxsən yaşamış Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bizimlə söhbətində dedi ki, dünyanın super-güclərinin siyasi və iqtisadi maraqlarından doğan dəhşətlər – müharibələr təkcə ölüm saçmır, onların gətirdiyi faciələrin bəlkə də ən böyüyü nəhəng əlillər ordusunun yaranmasıdır. Müharibələr nə vaxtsa bitir, lakin torpağa basdırılmış minalar uzun illər insanlara faciələr gətirir. Bizim Qarabağ müharibəsi əlillərimiz var. Məlum məsələdir ki, bu insanlar Vətən döyüşçüləridir və onların döyüş zamanı minaya düşmələri də mümkün reallıqdır. Ancaq atəşkəs dövründə minalardan zərərçəkən mülki şəxslər də var ki, onların say çoxluğu düşünməyə vadar edir. İstər müharibə əlili olsun, istərsə də mülki şəxs, onları bir acı gerçək birləşdirir – əlillik.

“Əlillərin mənəvi dayağa ehtiyacları var”
E.Əsədovun sözlərinə görə, Qarabağ Əlillər Cəmiyyətinin (hazırda QQİB) vaxtilə 10 minə yaxın üzvü olub ki, onlardan hardasa 30 faizi məhz minaya düşərək əlil olanlar idi:
– Əlillərin müalicəsi və əlilliyin bərpası ilə bağlı hazırda demək olar ki, problem yoxdur. Paytaxt da daxil olmaqla bir sıra regionlarda reabilitasiya mərkəzləri yaradılıb, Protez-ortopedik Bərpa Mərkəzləri də mövcuddur ki, orada əlillərin müalicə kursları keçməsinə və əlilliyin bərpası üçün hər bir şərait var. Fikrimcə, minadan zərərçəkənlərin daha çox mənəvi dayağa və psixoloji reabilitasiyaya ehtiyacları var. Müharibə insanlarını ilk növbədə müharibə sıxıntısı və onun yaratdığı psixoloji gərginlikdən azad etmək lazımdır. Əlil insan yuxuda özünü sağlam görür. Başqası pilləkənləri qaça-qaça enəndə əlilin keçirdiyi hissləri ancaq əlil olan bilər. Bu mənada xüsusi ixtisaslaşmış xəstəxanalar yaradılmalı və əlillər xüsusi psixoloji müalicə kursları keçməlidir. Bu cür kurslar ailə münasibətlərində, əlil valideyn-uşaq münasibətlərinin düzgün formalaşmasına da yardım edər. Nəzərə alınmalıdır ki, fiziki qüsurla yanaşı, əlillər həm də mənəvi zərbə almış insanlardır. Ona görə də bu insanlar tibbi müalicə öz yerində, eyni zamanda psixoloji yardım görməlidir. Mina elə bir şeydir ki, insan həyatına daxil oldusa, ömrünün sonunadək onu izləyir. Onun gətirdiyi əlillik – fiziki qüsurluq insanın psixikasına ciddi təsir edir. Başqasının köməyinə ehtiyac duymaları çox zaman bu insanlarda özünə inamsızlıq, natamamlıq hisslərini formalaşdırır ki, bu da bədbinliyə və cəmiyyətdən təcrid olunmaya gətirib çıxarır. Onlar əsəb sarsıntılarına tez-tez məruz qalır, cəmiyyətə inteqrasiya ola bilmirlər. Normal, fiziki qüsursuz insanlara qarşı bəzən hətta onlarda antipatiya da yaranır. Şəhərə gəzintiyə çıxmağa çəkinirlər. Sanki özlərindən utanırlar. Bunun bir səbəbi də əlil insanların şəhərdə rahat hərəkət etmələri üçün infrastrukturun olmamasıdır. Əlillik ailə münasibətlərinə də təsir edir. Əlil insan ailə qurmağa asanlıqla razılaşmır. Qarşıdakı çətinliklər onu düşündürür. Əlilliklə bağlı boşananlar, dağılan ailələr də var. Bu baxımdan əlil insanlar, onların ailə üzvləri (həm kişilər, həm qadınlar) üçün xüsusi seminarların təşkil edilməsi, təlimatların keçirilməsi zəruridir. Ailə üzvü əlil insanla davranış qaydalarını bilməlidir. Qarşı tərəf daim yadında saxlamalıdır ki, əlil insan əsəbidir. Psixoloji gərginlik onu daim müşayiət edir. Bu məsələdə psixoloqlara müraciət üçün “kömək bankı” yaradılsa, çox səmərəli olar.

Psixoloji gərginlikdən iqtisadi sıxıntıya
E.Əsədov qeyd etdi ki, ailədə yaşanan gərginlikdə mənəvi depressiya ilə yanaşı, iqtisadi sıxıntılar da böyük rol oynayır. Qarabağ Əlillər Cəmiyyəti fəaliyyətdə olduğu dövr biz əlillərin övladlarının təhsil haqqından azad edilməsinə, kommunal xərclərdə güzəştlərə nail olmuşduq. İndi heç bir güzəşt yoxdur və bu gün Qarabağ əlillərinin təqaüdü əlillik dərəcəsindən asılı olaraq orta hesabla 100 – 130 manat arasıdır. Bu məbləğlə əlil insan ailəsini necə dolandıra bilər?! Fiziki qüsur bir yandan, iqtisadi sıxıntı da bir yandan. Bütün bunlar ailədə diskomfort şəraiti yaradır. Bu ailənin hansı çətinliklə üzləşdiyini təsəvvür etmək məncə, çətin deyil.
İqtisadi sıxıntıdan danışanda əlillərin işlə təminatında mövcud kvotaya əməl edilməməsini xüsusi vurğulamalıyam. Qəbul edilmiş qanuna əsasən əlillər üçün kvota müəyyənləşib. Müəssisələrdə 25 işçidən biri əlil olmalıdır. Amma müəssisə rəhbərləri, sahibkarlar buna əməl etmir. Qanun pozuntusuna görə cərimə o qədər cüzidir ki, sahibkar cərimə ödəməyi əlili işə götürməkdən üstün tutur. Burada yenə də əlillərin sərbəst hərəkəti, işləməsi üçün infrastrukturun olmamasına gəlib çıxırıq. Bununla belə elə peşələr, işlər var ki, əlillər onun öhdəsindən gəlməyə tamamilə qadirdir. Əlilləri iqtisadi sıxıntıdan müəyyən qədər azad etmək üçün qanuna əməl edilməsi tələb olunur. Bu həm əlillərin sosial durumunu yaxşılaşdırar, yaradılan infrastruktur isə onların cəmiyyətə inteqrasiyasını gücləndirər və əlil insan özünü cəmiyyətin tamhüquqlu, normal üzvü hiss edər. Bu insanlara cəmiyyət etinasız olmamalı, qayğı göstərməlidir. Fikrimcə, mətbuat və və elektron KİV-də əlil insanlarla bağlı proqramlar yayımlanmalıdır ki, cəmiyyət onları tanısın, onlara bələd olsun. Əli, ayağı olmayan, əlil arabasına məhkum insan görəndə üzünü yana çevirib keçməsin.

Kasetli silahlar qadağan ediləcəkmi?
E.Əsədov insanları şikəst edən müharibələrin gətirdiyi faciələrdən danışarkən son zamanlar bir sıra ölkələrin insan əleyhinə minaların qadağan olunması istiqamətində başlatdığı kampaniyaya da toxundu: “Mina insanlara faciə gətirən dəhşətli silahdır. Hazırda kasetli silahların qadağan edilməsi kampaniyası aparılır. Təəssüf ki, bəzi dövlətlər, bu kampaniyaya qoşulmaqdan imtina edir. Bunlar dəhşət saçan silahlardır. Və onlardan istifadə bütün dünyada kənar köməyə möhtac insan ordusu yaradır”.
Qeyd edək ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun məlumatına görə, bu ilin 29-31 may tarixlərində keçirilmiş Dublin Diplomatik Konfransında kasetli silahların qadağan edilməsi ilə bağlı beynəlxalq sənəd hazırlanıb və NATO-ya üzv bir neçə dövlət də daxil olmaqla 100 ölkənin nümayəndəsi sənədə müsbət rəy bildirib. Konvensiyanın imzalanması prosesi bu ilin dekabr ayında Oslo şəhərində həyata keçirilməlidir. Konvensiyanın qüvvəyə minməsi üçünsə sənəd 30 ölkə tərəfindən ratifikasiya olunmalıdır. Sənəddə kasetli silahların qurbanlarına müvafiq yardımların, beynəlxalq əməkdaşlıq və kömək, bu silahlarla çirklənmiş ərazilərin təmizlənməsi, ehtiyatların məhv edilməsi və şəffaflıq ciddi nəzərə alınıb.
1991-ci ildən bu günə kimi minalardan 359 nəfər həlak olub
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Agentlik – ANAMA-nın informasiya üzrə meneceri Əziz Əliyevin verdiyi məlumata görə, 1991-ci ildən bu günə kimi 359 nəfər məhz minalardan həlak olub. 2001-ci ilin sentyabrından cəbhə bölgələri və təmas xəttinə yaxın rayonlardan toplanan rəsmi hesabatlara əsasən isə göstərilən dövrdən bu günə kimi 137 nəfər yaralanıb, 55 nəfər həlak olub. ABŞ Dövlət Departamentinin “Təhlükəsiz torpaqda gəzmək” adlı 7-ci hesabatın Azərbaycana aid hissəsində isə qeyd olunur ki, 2006-cı ildə 17 minaya düşmə hadisəsi baş verib, 2 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Minalardan əziyyət çəkənlərə əsasən Füzuli, Ağdam, Tərtər və Ağstafa rayonları ərazisində rast gəlinir. Füzuli, Ağdam və Tərtər rayonları cəbhə bölgələri olduğundan orada baş verən partlayış və ölüm halları başadüşüləndir. Bəs Ağstafa? Ə.Əliyev bildirdi ki, burada söhbət 1991-ci ilin avqustundan nəzarətsiz qalmış hərbi sursat anbarından gedir. Əhali bəzən metal qırıntısı toplamaq üçün əraziyə daxil olur, bu da onların həyatına real təhlükə yaradır. Cəbhə bölgələrində isə əhali bəzən təmas xəttinə çox yaxınlaşır, yaxud otlaqlardan istifadə zamanı mina təhlükəsi ilə üzləşirlər. İndiyədək ANAMA xətti ilə Azərbaycan ərazilərinin 65 milyon kv.metri minalardan təmizlənib və təhlükəsiz ərazilərdir. 280 milyon kv.metr ərazi isə təhlükəli və şübhəli hesab edilir. Bəs minadan zərərçəkmiş mülki şəxslər əsasən hansı problemlərlə üzləşir?
Ə.Əliyev qeyd etdi ki, zərərçəkmiş insanlarla tez-tez görüşür, onların davranış tərzini, ehtiyaclarını öyrənirlər:
– Biz sorğular həyata keçiririk, bu isə bizə minadan zərərçəkmiş insanlarla daha yaxından tanış olmaq imkanı verir. Deyərdim ki, bu insanların tibbi qayğı ilə yanaşı, işlə təmin olunması və yeni peşələrə yiyələnməsinə böyük ehtiyac var. Əlil insanların işlə təmini çox çətindir. Onların müəyyən peşələrə yiyələnməsi üçün xüsusi dəzgahlar olmalıdır. Biz çalışırıq ki, əlil insanların maddi vəziyyətinin yaxşılaşmasına kömək edək. Bir sıra bölgələrdə ANAMA həyata keçirdiyi layihələr çərçivəsində xalçaçılıq və dərzilik kimi ənənəvi istehsal sahələri yaradılıb və əlillərin ailə üzvləri işə cəlb edilib. Minalardan zərərçəkənlərə şəxsi təsərrüfatlarını genişləndirmək üçün kreditlər verilib. 2 həftə əvvəl Gəncə şəhərində 15 nəfərə əlil arabası paylanıb. Zərərçəkənlərdən 11 nəfəri Tovuz, 3-ü Tərtər, 1-si isə Daşkəsən rayon sakinidir. Biz əlillərlə görüşəndə onlarla ətraflı söhbət aparırıq. Aralarında nikbinləri də, bədbinliyə qapılanları da var. Əksəriyyətin yaşadığı gündəlik qayğılar onları da narahat edir və əlil insan onların öhdəsindən gələ bilməyəcəyini düşünəndə daha da bədbinləşir. Müharibə veteranlarından fərqli olaraq mülki şəxslərin əlilliyə görə aldığı təqaüd xeyli aşağıdır. İlyarım əvvəl başa çatmış layihənin nəticələrinə görə, I qrup əlil 70, II qrup 60, III qrup əlil isə 50 manat təqaüd alırdı. Son zamanlar təqaüdlərə edilən artımlar isə cüzidir. Amma iqtisadi sıxıntı, təqaüd azlığının gətirdiyi ağırlıq bu insanların yaşadığı dəhşət müqabilində heç nədir. ANAMA olaraq biz 2001-ci ildə tədqiqat aparmışdıq ki, minalardan əziyyət çəkənlərin ehtiyaclarının ödənməsində əsas çatışmazlıqlar hansıdır. Sorğuda iştirak edənlərin əksəriyyəti birinci növbədə psixoloji reabilitasiya tədbirlərinin keçirilməsini qeyd etmişdilər. Əlil insan tənhadırsa, onun cəmiyyətə adaptasiyası daha çətin həyata keçir, nəinki ailədə yaşayan əlilin. Əlil insan ailəyə – icmaya qayıdanda stresdən daha tez çıxır. Ailə, qohumlar, yaxınlar, dostlar onun normal həyat tərzinə qayıtmasına kömək edir. Tək qalan insan isə daha çox bədbinliyə qapılır. Bir də əlillər əlil arabalarını əldə etməyi daha çox istəyirlər. Əlil arabası ona görə istəyirlər ki, sərbəst hərəkət imkanları geniş olsun. Kiməsə möhtac qalmasınlar. Başqa birisinə möhtac olmaq bu insanların psixologiyasına mənfi təsir edir.
Ürəyini misralara boşaldan oğlan
Bir əlil yeniyetmə də tanıyıram; Alıcayev Alıca Rafiq oğlu. 1991-ci ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində dünyaya gəlib. Hazırda ATU-nun 5 saylı qaçqın yataqxanasında ailəsi ilə birgə yaşayır. Alıca 10 yaşında olarkən ailəlikcə kəndə nənəsigilə qonaq gedib. Əmisi oğlu ilə kənddəki bulaqüstünə gəzməyə çıxıblar. Əmisi oğlunun 8 yaşı varmış. Bulaq başına yaxınlaşarkən minaya düşüblər. Əmisi oğlu aldığı yaralardan keçinib. Alıcanı isə xilas etmək mümkün olub. Yuxarıda həmsöhbətlərimin qeyd etdiyi stress, əsəb sarsıntısı, psixoloji gərginlik hələ də Alıcanın daxilində yuva salıb. Minaya necə düşdüyü, hansı hissləri keçirdiyi, indiki vəziyyəti barədə danışmağı heç sevmir və bu səpkili söhbətlərdən qaçır. Əvəzindən anası Validə xanım danışır. Validə xanım deyir ki, indi də oğlunun bütün bədəni qəlpə yaralarıdır: “Hadisə olan kimi uşağı rayon xəstəxanasına apardıq. İri qəlpələri çıxardılar. Xırda qəlpələrsə hələ də qalır. O zaman uşaq idi deyə, ona əlillik dərəcəsi verilmədi. Dedilər, 18 yaşına çatandan sonra dərəcə təyin ediləcək. Yaşa görə pensiya ayırdılar. 2001-ci ilin dekabrından 2004-cü ilin martınadək bu təqaüdü almışıq. Artıq 4-cü ildir ki, heç bir təqaüd almır. Sənədləri də hazırlamışam. Ancaq həkim komissiyasından keçməyə onu heç cür razı sala bilmirik. Deyir, həkimə getmirəm, vəssalam. 5 nəfərlik ailəyik. Yoldaşım da fəhlədir. İş tapanda işləyir, tapmayanda işləmir…” Alıca hazırda 50 saylı orta məktəbin məzunudur. Anasının dediyinə görə, orta məktəbdə yaxşı oxuyub. Xüsusən coğrafiya və tarix elmlərinə marağı var. Bir də şeir yazır. Çoxlu şeirləri var. Deyir, şeirlərimi toplayıb çap etdirəcəm. Özünə təxəllüs də götürüb – Coşğun.
Bu da Alıca Coşğunun bir şeri:

Yaşım az olsa da ürəyim qoca,
Mən bu dünyada nələr görmüşəm;
Ağsaçlı ananın bircə övladın,
Döyüş meydanında ölər görmüşəm,
Coşğunam, dolannam fani dünyanı
Heç yerdə görmədim vəfalı yarı,
Çiçəyə, bülbülə həsrət bir bağı,
Tez açıb, tez solan güllər görmüşəm…

(c) 2018. IEPF