Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu il üçün maliyyələşdirdiyi 226 layihədən 106 layihənin monitorinqi aparılıb. Bu barədə “Mediaforum”a BAMF-ın həyata keçirdiyi “Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi” layihəsinin monitoru Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, layihənin işçi heyəti aparılan monitorinqlər zamanı bir çox maraqlı faktlar aşkarlayıblar. “Əvvəlcə onu qeyd edim ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının müəyyənləşdirdiyi 15 istiqamətdən 7-i üzrə nəzərdə tutulan 113 layihənin 106–da iyul-avqust aylarında monitorinq aparılıb. 7 layihənin monitorinqi isə bizdən asılı olmayan səbəblərdən baş tutmayıb. 113 layihəyə bütövlükdə 894,000 manat vəsait ayrılıb. Maksimum qrant məbləği 16,920 manat, minimum məbləğ isə 4,000 manat təşkil edib. Monitorinqə hazırlıq mərhələsində təşkilatda layihənin işçi heyəti formalaşdırılıb, heyətə BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir tərəfindən 2 günlük təlim keçilib. Təlimlərdə monitorinq aparacaq ikinci təşkilat olan Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin layihə heyəti də iştirak edib. Monitorinqin təqvim-planı hazırlanıb və monitorinq olunacaq layihələrin rəhbərləri qabaqcadan məlumatlandırılıb”.
R.Kərimoğlu müəyyən nöqsanlar olsa da, monitorinqi aparılan layihələrin əksəriyyətinin icrasının qənaətbəxş olduğunu deyir. Onun sözlərinə görə, aparılan birinci mərhələ monitorinq sübut edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası bütün istiqamətlər üzrə cəmiyyətimiz üçün çox vacib olan, həm Azərbaycan dövlətinin, həm də xalqın maraqlarına uyğun, vətəndaş cəmiyyətinin inkişafına təkan verə biləcək layihələri dəyərləndirərək onları maliyyələşdirib. R.Kərimoğlu əvvəlcə uğurlu layihələrdən və onların əhəmiyyətindən danışdı: “Monitorinq zamanı bir sıra layihələr həm müəyyən etdiyi problemin əhəmiyyətinə, həm də keyfiyyətli icrasına görə diqqəti daha çox cəlb edib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadənin rəhbərliyi ilə həyata keçirilən və İrəvan xanlığının tarixinə aid bir neçə dildə sənədli filimin istehsalına həsr olunan layihə Ermənistan dövlətinin azərbaycanlıların yaşadığı bir ərazidə dövlət qurmasının tarixi fakt olduğunun bir daha dünya ictimaiyyətinə isbatı baxımından çox əhəmiyyətlidir. Layihə çərçivəsində sonuncu İrəvan xanı Pənah xanın nəticəsi Ofeliya xanımın tapılıb danışdırılması layihənin icrasında müstəsna əhəmiyyət kəsb edib. Heç kəsə sirr deyil ki, bu layihənin uğuru erməni işğalı barədə dünyaya obyektiv məlumatların çatdırılması baxımından Azərbaycan dövləti və cəmiyyəti üçün çox vacibdir. Amma təəssüflər olsun ki, bu cür əhəmiyyətli bir layihənin icrasından cəmiyyətin elə də məlumatı yoxdur. Layihə barədə mətbuatda daha yaxşı iş aparmaq olardı. Bu məsələ layihə rəhbərinin diqqətinə çatdırılıb.”
Bu istiqamətdə əhəmiyyəti və icra vəziyyəti baxımdan “Lider qadınlar” İctimai Birliyinin uğurla həyata keçirdiyi “Ermənistan Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi Johannes Raunun gözü ilə” layihəsini qeyd etmək yerinə düşərdi. Almaniyanın keçmiş prezidenti Johannes Raun Azərbayacnın qarşılaşdığı Qarabağ problemi ilə bağlı həqiqətləri qələmə alaraq alman dilində kitab nəşr etdirib. Bu kitabda Azərbaycanın haqlı mövqeyi faktlarla, tarixi fotolarla bir daha təbliğ olunur. Kitab layihə çərçivəsində ingilis dilinə tərcümə olunaraq çap olunub.
“Yaradıcı Təşəbbüslər” İctmai Birliyi Azərbaycanın müsiqi mədəniyyətinin şanlı səhifələrini özündə əks etdirən maraqlı bir layihə həyata keçirir. Layihə çərçivəsində “Azərbaycanın mənəvi irsi” adlı multimedia portalı yaradılır. Portalda Uzeyir Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin, Qara Qarayevin və Azərbaycanın digər görkəmli incəsənət xadimlərinin tərcümeyi-hallarını, fəaliyyətlərini, ictimai mövqelərini, yaradıcılıq əlaqələrini, məktublarını, məqalələrini, mötəbər məclislərdə etdikləri məruzə və çıxışlarını əks etdirən materiallarla, onların ailə tərkibləri, müxtəlif fotoları ilə tanış olmaq mümkündür. Bundan əlavə, portalda dahi bəstəkarlar tərəfindən yaradılan müxtəlif əsərlər barədə məlumatlar da yer alıb. Portal Azərbaycan musiqi mədəniyyəti tarixinin zəngin səhifələrinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
“Regional İnkişafa Yardım” İctimai Birliyinin həyata keçirdiyi “İmkansız ailələrdən olan uşaqların sünnət mərasiminin təşkili” layihəsi də cəmiyyətdə diqqət mərkəzində olan layihələrdən biri idi. Şırvan şəhərində, Sabirabad və Hacıqabul rayonlarında həyata keçirilən aksiya zamanı Şirvanda 50, Sabirabadda 25, Hacıqabulda isə 25 nəfər olmaqla 100 imkansız ailədən olan uşaq sünnət olunub. Layihənin əhəmiyyətindən danışarkən 20 yaşlı gəncin, 3 rus millətindən olan uşağın da sünnət olunması faktını qeyd etmək yerinə düşərdi. Bütövlükdə layihənin icrası və sənədləşdirilməsi yüksək səviyyədə olub. Şəxsən mən bu layihənin digər regionlarda da həyata keçirilməsinə ehtiyac olduğu qənaətindəyəm.
Regionlarda həyata keçirilən layihələrdən söz düşmüşkən, “Yurd” Məcburi Köçkünlərə Qayğı İctimai Birliyinin “Göygöl rayonunun Murovdağ qəsəbəsində yaşayan məcburi köçkünlər üçün “Murovdağ” İnkişaf mərkəzinin yaradılması” layihəsi yüksək səviyyədə icra olunur. Layihənin rəhbəri Kamran Nəsibov Murovdağ qəsəbəsində orada yaşayan məcburi köçkün uşaqları üçün yüksək səviyyədə kompüter və dil kursları təşkil edib. Xüsusi ilə qeyd edilməlidir ki, bu məqsədlə yaradılmış geniş otaqda uşaqlar üçün internetə çıxış da təmin edilib.
“Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi”, “Proffessional Kinoaktyorlar Gildiyası”, “Davamlı İnkişaf Cəmiyyəti”, “Qarabağ Qaziləri”, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” və “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birlikləri, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası, Azərbaycan Yaradıcılıq Fondu, “Həyat” Beynəlxalq Humanitar Təşkilatı, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu icra etdikləri layihələrdə daha yaxşı uğurlar əldə ediblər.”
R.Kərimoğlu bunlarla yanaşı monitorinq qrupunu narahat edən məqamlardan da söz açdı: “Layihələrin əksəriyyəti qənaətbəxş olsa da, xeyli təşkilat Şuranın tələb etdiyi formada layihə qovluğu tərtib etməmişdi. Bəzi təşkilatların layihələrində çalışanların əmrləri, əmək müqavilələri yox idi. Mətbuat adamı kimi, məni daha çox qeyri-hökumət təşkilatlarının mətbuatla yetərincə işləyə bilməməsi çox narahat etdi. Ən aşağısı hər layihə üzrə 3 dəfə mətbuatda məlumat yayıla bilərdi. Layihə başlayanda, ortada və sonda. Yeri gəlmişkən, elə təşkilatlarla rastlaşdıq ki, mətbuat üçün açıqlama hazırlaya bilmirlər. Qeyd etdiyim nöqsanların aradan qaldırılması üçün onlara Şuranın tələb etdiyi formada layihə qovluğu tərtib edilməsində, mətbuatla işləməkdə praktik yardımlar etmişik.”
Bizimlə söhbətində R.Kərimoğlu monitorinqi aparılmayan təşkilatlardan danışarkən bunları söylədi: “Birinci mərhələdə müxtəlif səbəblərdən 7 layihənin monitorinqini aparmaq ümumiyyətlə mümkün olmayıb və bunun da səbəbləri ətraflı təhlil olunub. Məsələn, “Dinc Dünya” Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri Hüseyn İbrahmova, “Biosfer” İctimai Birliyinin rəhbəri Xosrov Qurbanov, “Azəri Yurdu” Gənclər İctimai Birliyinin rəhbəri Rizvan Mehdizadəyə dəfələrlə zəng olunmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək monitorinq aparmaq üçün vaxt ayırmayıblar. Bütün bunlar barədə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etmək üçün hazırlanmış geniş hesabatda öz əksini tapıb”.
