R
Xalq yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub və Fondun Prezidenti Umud Mirzəyevlə görüşüb. Görüşdə BAMF və Azərbaycan Yazıçılar Birliyi arasında faydalı əməkdaşlığın qurulması üçün perspektivlər imkanlar müzakirə olunub. Umud Mirzəyev, qonağa  fondun fəaliyyət istiqamətləri, beynəlxalq arenadakı fəaliyyəti və eləcə də müharibədən əziyyət çəkmiş rayonlarda uğurla həyata keçirilən layihələr barədə məlumat verib. Bundan əlavə, qonaq , «Eurasia Dairy», «Eurasia Press» и «Eurasia Production»-nın daxil olduğu «Eurasia Media Network»-un fəaliyyəti ilə tanış olub.
 
Xalq yazıçısı Çingiz Abdullayev BAMF-ın  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində , o cümlədən beynəlxalq təşkilatlarla uğurlu  dialoqun qurulmasında , regional əhəmiyyət daşıyan birgə layihələrin icra olunmasında oynadığı rolu yüksək qiymətləndirib. Cənab Abdullayev sonda  «Eurasia Dairy» portalına müsahibə də verib. 
 
Qeyd edək ki, 1992-ci ildə əsası qoyulan BAMF BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan dünyada 136 beynəlxalq dərəcəli QHT-dən biridir.  BAMF dörd əsas sahədə çalışır: Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; İcmanın inkişafı; Qaçqın və Məcburi Köçkünlərlə bağlı məsələlər; Sülhyaratma və Münaqişələrin həlli. BAMF müntəzəm şəkildə BMT-nin BMTİP, UNICEF, YUNESKO, BMT QAK kimi qurumları, Amerika Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu,  bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.