R
Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.
 
Bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib.
 
Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.
 
Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.
 
Səsvermə nəticəsində idarə heyətində jurnalsitlər arasında 11 nəfər əsas, 2 nəfər əlavə heyətə seçilib.
 
Əsas heyət: Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev.
 
İctimaiyyət nümayəndələri arasında: Vüqar Səfərli, Müşviq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli.
 
İnternet Portalları: Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov.
 
Qurultay öz işini başa çatdırıb.
 
x x x
 
Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının nizamnaməsinə dəyişiklik edilib.
 
Nizamnamə dəyişikliyinin nəticəsi olaraq İdarə Heyətinin tərkibi genişlənib və üzvlərin sayı 17-dən 23-ə çatıb.
 
Nizamnamə dəyişikliyi ilə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq.
 
x x x
 
Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı işə başlayıb. Qurultay Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
 
Qurultayı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açıq elan edib. Daha sonra ötən qurultaydan bu vaxta qədər dünyasını dəyişmiş jurnalistlərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Ə.Amaşov bildirib ki, bu qurultayda 169 təşkilatdan 241 nümayəndə qeydiyyatdan keçib.
 
Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxuyub.
 
Əflatun Amaşov bu gün Əli Həsənovun doğum günü olduğunu xatırladaraq Prezidentin köməkçisini bu münasibətlə təbrik edib. Onun hər zaman jurnalsitlərinin yanında olduğunu bildirib.
 
Ə.Həsənov təbrikə görə təşəkkür edib.
 
Bildirib ki, 25 illik məmur stajına malik olduğu müddətdə 3 halda özünü güclü hiss edib:
 
“Prezidentimin yanında olanda, ondan tapşırıq alanda, Milli ordumuzun paradı keçiriləndə hökumət evinin qarşısında ordunun texniki vasitələrini görəndə, media təmsilçiləri içərisində olanda özümü güclü hiss edirəm. Biz dövlətimizin başçısı, milli ordumuz və qələm sahibləri olan sizlərlə güclüyük. Bu hallarda bizə heç kim heç nə edə bilməz”.
 
x x x
 
Azərbaycan Mətbuat Şurasının (MŞ) qurultayı başlayır.
 
Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək.
 
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. 
 
Konfransda, həmçinin MŞ İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Belə ki, Təşkilat Komitəsi İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklifini edib. Bununla əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.
 
MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.
 
Qurultay iştirakçıları Nizamnamə dəyişikliyi təklifini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək.