R

Dünyaca məşhur “Rotari klub”un (Rotary Club) rəsmi nümayəndələri ölkəmizdə səfərdədirlər. Yanvarın 23-də onlar Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Fondun prezidenti Umud Mirzəyevlə görüşüblər.

"Rotari klub"un Avrasiya regionu üzrə baş təmsilçisi Altan Arslan görüş zamanı klubun əsas missiyası və planları barədə ətraflı məlumat verib.

Altan Arslan qeyd edib ki, klubun 1 milyon 200 min üzvü var. Bu üzvlər “Rotarian” adlanır. Ümumilikdəysə dünya üzrə 36 min "Rotari klub" fəaliyyət göstərir. Bu klublar 200 müxtəlif regionda yerləşib. Azərbaycanda 2, Türkiyədə isə 85 klub mövcuddur. Rotari klubu müxtəlif regionlar üzrə bölünür: "Mən 2430 saylı regionun təmsilçisiyəm və sözügedən regiona Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan kimi ölkələr daxildir”.

Altan Arslan həmçinin bildirib ki, onun əsas missiyası bu ölkələrdə "Rotari klub"ları böyütmək və inkişaf etdirməkdir: "BAMF-ın layihələrindən və üzərində çalışdığı problemlərdən bütün "Rotari klub"lar məlumat sahibi ola bilər. Və mən məhz bu sarıdan əməkdaşlığımızı zəruri hesab edirəm. Ərazilərin minalardan təmizlənməsi layihəsində olduğu kimi, birlikdə bir çox uğurlu layihələr hazırlaya və gerçəkləşdirə bilərik. Belə layihələr beynəlxalq miqyasda rotarianların sayını artıra bilər".

BAMF Prezidenti Umud Mirəzyev də bu fikirləri bölüşdüyünü deyib: “Bu gün insanlar və bütövlükdə insanlıq üçün görülməsi zəruri olan bir çox işlər var. Biz sizinlə bütün layihə və tədbirlərdə əməkdaşlıq etməyə hazırıq. Fikrimcə, bir çox humanitar layihələr həyata keçirilməlidir ki, insanlar "Rotari klub"un mülki əhali üçün fəaliyyət göstərdiyini bilsin”.

Altan Arslan da öz növbəsində BAMF-la əməkdaşlıqdan məmnun olacaqlarını və BAMF-ın “Rotari-nin səsi” ola biləcəyini bildirib.

O, həmçinin "Rotari Fondu" (Rotary Foundation) barədə ətraflı məlumat verərək qeyd edib ki, bu fond 1917-ci ildə formalaşdırılıb. "Rotari fondu" klubun müxtəlif sahələrdəki fəaliyyətini maliyyələşdirən əsas strukturdur. Fondun özünün maliyyəsi üzvlərin hesabına təmin edilir.

Altan Arslanın sözlərinə görə, "Rotari Fondu"nun maliyyə dəstəyiylə həyata keçirilən dünya miqyaslı “PolioPlus” layihəsi çərçivəsində 1988-ci ildən bəri polimielit xəstəliyinə qarşı mübarizə aparılır: "Nigeriyada poliomielit xəstəliyinə yoluxma halları sıfıra enib. Bu, layihənin uğuruna işarə edir. "Polio" layihəsinin ən böyük dəstəkcisi Merinda və Bil Geyts fondudur. 3 gün əvvəl “Times” qazetində Bill Geytsin müsahibəsi yayımlanıb. Bill Geyts orada qeyd edir ki, “Həyatımda gördüyüm ən yaxşı iş poliomielitlə mübarizə üçün Rotari-yə dəstək verməyim olub”. Altan Arslan bildirib ki, Geyts Fondu "Rotari Fondu"na 950 milyon dollar vəsait ayırıb və ayrılan vəsaitin növbəti illərdə 1 milyard 858 milyon dollar qədər artırılacağına zəmanət verib.

Altan Arslanın sözlərinə görə, "Rotari klub" Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-lə sıx əməkdaşlıq edir: "Rotary-ın gücü ona üzv olan keyfiyyətli və peşəkar insanlardan və şəbəkədən gəlir".

Altan Arslan başda olmaqla, qonaqlar BAMF-ı 9-12 may tarixlərində Bakıda keçiriləcək illik konfransa dəvət ediblər. Bu barədə Altan Arslan BAMF prezidenti Umud Mirəzyevə müraciə edərək qeyd edib ki, “Sizi və təşkilatınızı 500-dən çox rotarianın qatılacağı illik konfransımıza dəvət edirik. Eyni zamanda, bizə media dəstəyi verməyinizi sizdən xahiş edirik. Sizin kimi önəmli və BMT səviyyəsində təmsil olunan bir qurumun media dəstəyini qazanmaq bizim üçün çox vacib bir məsələdir”.

Umud Mirzəyev də öz növbəsində səmimi dəvəti qəbul edib və "Rotari klub"la BAMF-ın media sahəsindəki əməkdaşlığının uğurlu olacağını bildirib: "Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən Qarabağ müharibəsi nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərin, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif sosial-humanitar layihələrin, fəaliyyətlərin icrasını hər zaman dəstəkləmişik".

"Rotari klub"un Azərbaycan nümayəndəsi Taylan Güyer isə " Azərbaycan həqiqətən dünyada işğal nəticəsində ikiyə bölünmüş tək ölkədir " - deyə bildirib.

Daha sonra qonaqlar işğaldan azad olunmuş ərazilərdə məskunlaşan uşaqların həyatına dair BAMF-ın hazırladığı qısametrajlı filmi seyr ediblər.