R

Fevralın 5-də Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edərək, təşkilatın prezidenti Umud Mirzəyevlə görüşüb.

Görüşdə həmçinin, səfirin köməkçisi Günel Hacıyeva, BAMF-ın vitse-prezidenti Ramil Əzizov və BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina iştirak ediblər.

Görüşdə təşkilatın və səfirliyin mövcud fəaliyyəti, eləcə də hər iki ölkədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uzunmüddətli tərəfdaşlıq qurmaq imkanları müzakirə olunub.

BAMF-in prezidenti bildirib ki, Fond əhalinin müharibədən əziyyət çəkmiş həssas təbəqəsi, xüsusilə də qadınların və gənclərin müdafiəsi məqsədi ilə müxtəlif humanitar və sosial layihələr üzərində işləyir, bir çox nüfuzlu beynəlxalq və yerli təşkilatlarla, eləcə də diplomatik missiyalarla fəal əməkdaşlıq edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Umud Mirzəyev 2011-ci ildə Meksikanın Senatında Ermənistan ərazilərinin işğalı və Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyi üçün Meksika hökumətinə bir daha minnətdarlığını bildirib: "Dünyadakı bütün insanlar bu faciə barədə xəbərdar olmalıdırlar ki, bu, bir daha təkrarlanmasın".

Səfir Labardini dəvətə görə BAMF prezidentinə təşəkkür edib. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun inkişafına əngəl olur və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə uyğun şəkildə mümkün qədər tez həll olunmalıdır.

"Aydındır ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, işğal olunmuş ərazilər haqqında danışarkən bu, həmin ərazilərin işğalçılara aid olmadığı mənasını verir", - Rodriqo Labardini deyib.

Daha sonra Rodriqo Labardini Azərbaycan ilə Meksika arasındakı ikitərəfli əlaqələrin inkişafında əldə olunmuş mühüm nailiyyətləri qeyd edib. Həmçinin bildirib ki, 2019-cu ildə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün böyük potensial mövcuddur və bu sahədə əlindən gələni edəcək.

Tərəflər hər iki ölkədə turizm, təhsil, mədəniyyət və s. kimi müxtəlif sahələrdə vətəndaş cəmiyyətləri arasında daha sıx inteqrasiyanın təşviq edilməsi və yaxşı tərəfdaşlıq münasibətləri qurulması ilə bağlı razılaşıblar.

Səfirə Azərbaycanın müharibədən əziyyət çəkmiş bölgələrində yaşayan uşaqların həyatını əks etdirən, BAMF-ın studiyasında hazırlanmış qısa film nümayiş etdirilib.

Görüşün sonunda Rodriqo Labardini Eurasia Diary beynəlxalq analitik informasiya portalına eksklüziv müsahibə verib.