R

"Beynəlxalq Avrasiya Mətbuat Fondu Fransa prezidenti Emmanuel Makronun 24 aprel tarixinin "erməni soyqırımı"nın rəsmi anım günü kimi qeyd olunmasına dair bəyanatını qətiyyətlə pisləyir".

Bu barədə Fondun fevralın 6-da yaydığı bəyanatda bildirilir. Sənəddə qeyd olunur ki, Fransa hökuməti bu cür addımlarla Azərbaycan ərazisinin 20 faizini işğal etmiş təcavüzkar və işğalçı ölkəyə birbaşa dəstək verir.

"1980-ci illərin sonlarında etnik azərbaycanlıların Ermənistandan, həmçinin işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayondan kütləvi deportasiyası son dərəcə qəddarlıqla həyata keçirilib və qətllərlə müşayiət olunub. Bir milyondan artıq azərbaycanlı ata-baba torpaqlarından vəhşiliklə qovulub, on minlərlə insan həlak olub, əlil olub, əsir götürülüb. Bir gecədə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərində kütləvi qırğın törədərək, 613 dinc sakini öldürüb.

Bu günə qədər Xocalı soyqırımı dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və qınanılıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı 13 sənəd qəbul edib.

Bu ölkələr arasında Fransa hələ də yoxdur. 2001-ci ildə isə Fransa "erməni soyqırımı" nı rəsmən tanıyıb.

Bu gün Ermənistan törətdiyi vəhşiliklərdən əl çəkmir, əksinə, azərbaycanlıların soyqırımına vicdansızcasına haqq qazandırır və bu soyqırımı törədənləri ölkəsinin milli qəhrəmanı hesab edir.

Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazisində tarixi abidələr və memarlıq nümunələrini dağıtmaqda davam edir. Bir milyondan artıq qaçqın və məcburi köçkün hələ də öz evinə qayıda bilmir.

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında Əsas Məşvərətçi statusa malik sülhməramlı humanitar təşkilat olaraq, Beynəlxalq Avrasiya Mətbuat Fondu açıq şəkildə bəyan edir ki, bu cür hərəkətlər Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi statusu ilə daban-dabana ziddir. Başqa tərəfdən, bu hadisə müxtəlif ölkələrə münasibətdə ikili standartlarla yanaşmanın mövcudluğunu bir daha nümayiş etdirir.

Bu cür ədalətsiz davranış və işğalçının dəstəklənməsi Avropa dəyərləri və ədalət anlayışına zidd olmaqla, regionda sülhün bərqərar olmasına deyil, əksinə, münaqişənin daha da alovlandırılmasına xidmət edir".