R

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu BAMF-ın prezidenti Umud Mirzəyev və Cenevrə Mərkəzinin icraçı direktoru, səfir İdris Cəzairi imzalayıb. Eurasia Diary xəbər verir ki, memorandumda tərəflər BMT-nin Cenevrə ofisində (UNOG) dinlərarası əməkdaşlıq və anlaşma, insan hüquqlarının qorunması və təşviqi, sülhün möhkəmləndirilməsi ilə əlaqədar mövzularla bağlı panel müzakirələrin keçirilməsi, dünyada sülhün bərqərar olması ilə bağlı qarşılıqlı fəaliyyətlərin dəstəklənməsi, nəşr edilmiş bəyanat və rəylərin hər iki qurumun idarə etdiyi müvafiq kommunikasiya vasitələrində ictimailəşdirmək haqda qarşılıqlı razılığa gəliblər. Beynəlxalq Avrasiya Mətbuat Fondu və Cenevrə Mərkəzi həmçinin növbəti təlim proqramlarında nəzərə alınacaq mövzuların birgə müəyyən edilməsi, birgə press-relizlərin yayılması, təlim modullarının və tədris planlarının inkişafına yardım etmək, təlimçi mühazirəçilərin mübadiləsini asanlaşdırmaq, birgə konsepsiya qeydləri hazırlamaq istiqamətində də anlaşıblar. Memorandumda həmçinin Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri çərçivəsində sülhün təşviqi və insan haqqlarının möhkəmləndirilməsi ilə bağlı birgə fəaliyyətlərin görülməsi nəzərdə tutulub. Tərəflər beynəlxalq ekspertlərin bəyanatlarını, məqalələrini, fikirlərini, müsahibələrini və digər müvafiq materiallarını dərc etmək üçün BAMF-ın nəzdində fəaliyyət göstərən 5 dildə dərc olunan “Eurasia Diary” analitik informasiya portalından platforma kimi istifadə etmək barədə qərara gəliblər.

Qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandıqdan sonra səfir İdris Cəzairi, köməkçisi Mustafa Blerim, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri BAMF-ın ofisində təşkilatın təşəbbüsü ilə həyata keçirilən “Mənim kəndim, mənim vətənim” layihəsi çərçivəsində hazırlanan sərgi ekspoziyası ilə tanış olublar. Sərgidə Azərbaycanın işğal olunmuş və təmas xəttinə yaxın ərazilərində dağıdılmış tarixi-mədəni abidələri, sosial infrasturkturu, güllələnmiş məzarlıqları, xarabalığa döndərilmiş evləri, kəndləri, yaşayış məskənlərini, ekoloji fəlakəti əks etdirən şəkil-posterlər nümayiş etdirilib. Şəkillərin əksəriyyəti BAMF-ın uzun müddətli fəaliyyəti dövründə çəkilmiş və ilk dəfədir ki,  nümayiş etdirilib.  

Qeyd edək ki, İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi (Cenevrə Mərkəzi) Qlobal Şimal və Qlobal Cənub arasında mədəniyyətlərarası, dini və sivilizasiya dialoqu vasitəsilə eləcə də Ərəb bölgəsindəki tərəfdaşların gələcək nəsillərinə təlimlər keçirilməsilə insan hüquqlarının təbliğinə həsr edilmiş beyin mərkəzidir. Təşkilatın icraçı direktoru cənab İdris Cəzairi dünyanın İFAD, CARE, ACORD kimi tanınmış beynəlxalq təşkilatlarının icra orqanlarında yüksək vəzifələrdə çalışıb. BMT İnsan Haqları Şurasının baş komissarının “Birtərəfli məcburedici tədbirlərin mənfi təsirinə dair xüsusi məruzəçisi”dir və insan haqqlarının qorunması sahəsində nüfuzlu şəxslərdən hesab edilir. O, Sivilizasiyalararası 5-ci Bakı Forumu”nun əsas moderatorlarından və məruzəçilərindəndir.