R

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Mişel Petersen və səfirliyin qrantlar üzrə koordinatoru Nigar Əliyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisinə baş çəkib və Fondun prezidenti Umud Mirzəyevlə görüşüb. 

Qonaqlara BAMF-in yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyi hazırki layihələri barədə məlumat verilib. Bundan əlavə, Umud Mirzəyev 2010-cu ildə ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Tərtər rayonunda əsası qoyulmuş peşə hazırlıq mərkəzinin (VTC) müasir avadanlığı, habelə orada keçirilmiş təlimlər barədə danışıb.

BAMF-in prezidenti BAMF ilə ABŞ Dövlət Departamenti, ABŞ-ın Bakıdakı səfirliyi, qeyri-hökumət təşkilatları, KİV və Amerika Birləşmiş Ştatlarının ekspertləri arasında sıx əməkdaşlığın tarixi köklərə malik olduğunu qeyd edib. O, birgə humanitar layihələrin Azərbaycanın müharibə bölgələrində icmanın inkişafına, sülhməramlılığa, davamlı inkişafa, xalqın sosial və iqtisadi rifahının yaxşılaşdırılmasına, müharibədən zərər çəkmiş insanların sosial reinteqrasiyasına, insan hüquqlarının qorunmasına dəstəyi nəzərdə tutduğunu deyib.

Umud Mirzəyev, həmçinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Mişel Petersenə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud olan vəziyyət və cəbhə bölgələrində yaşayan insanların çətinlikləri barədə məlumat verib. Onun sözlərinə görə, bu münaqişənin həlli üçün beynəlxalq səviyyədə daha çox diqqət yönəldilməsi tələb olunur.

Mişel Petersen, dəvətə görə BAMF-in prezidentinə təşəkkür edib və səfirlik ilə birgə fəaliyyətin nəticələrindən məmnun olduğunu bildirib. O, Azərbaycanın müharibə bölgələrindən olan qaçqın və məcburi köçkünlər üçün VTK-da ingilis dilində kursların təmin edilməsi sahəsində əməkdaşlıq imkanlarından danışıb.

Münaqişədən əziyyət çəkən qaçqın və məcburi köçkünlər barədə eşitdikləri məlumatlardan təsirlənən ABŞ səfirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri regionlarda tətbiq oluna biləcək layihələr üzərində düşünmək fikrini dəstəkləyib.

Görüşdə BAMF-in vitse-prezidenti Ramil Əzizov və BAMF-in prezidentinin köməkçisi Anastasiya Lavrina da iştirak edib.