R

Mayın 31-də Bakıda Britaniya Məktəbi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycanın müharibədən əziyyət çəkmiş regionlarından olan qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətinə dəstək olaraq illik Beynəlxalq Yarmarka keçirib. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (1 iyun) ərəfəsində təşkil olunan bu ilki tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən əziyyət çəkən, Azərbaycanın cəbhə bölgələrində yaşayan uşaqların ehtiyacları və çətinlikləri barədə danışmaq və BAMF ilə Bakıda Britaniya Məktəbi arasında əməkdaşlığı davam etdirmək arzusunu göstərməkdir.

Tədbirdə Bakıda Britaniya Məktəbinin direktoru Maksen Uittinqam, həmçinin Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, səfirlər, korporasiyalar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Prof.Vəliyev qonaqları salamlayıb. O, Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün görülən işlərin vacibliyini vurğulayıb.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxışında, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbin tələbələrini təbrik edib və tədbirin müxtəlif xalqların mədəniyyətlərinin yaxınlaşmasındakı əhəmiyyətini qeyd edib.

Britaniya Məktəbinin direktoru Maksen Uittinqam və direktor müavini Filip Roşe məktəb tərəfindən  humanitar sahədə həyata keçirilən mühüm işlərdən söz açıblar. Filip Roşe, həmçinin BAMF-in fəaliyyəti barədə məlumat verib və Fondla iş təcrübəsindən danışıb.

"Umud Mirzəyevlə (BAMF-in prezidenti) görüşərkən və onu dinləyərkən çox təsirləndim. Münaqişə bölgəsini könüllü olaraq ziyarət etdim. Mən özümdən soruşdum ki, bu insanlar hər gün bombalanmış evlərdə, susuz, elektriksiz necə yaşayırlar. Amma onların gözündə güc və cəsarət gördüm. Onlar uğur qazanmaqda qərarlıdırlar. Məktəblə bağlı çətinlikləri var, lakin təhsil vasitəsilə onları dəstəkləyə bilərik. BBM-nin bu fəaliyyətdə iştirak etməsindən qürur duyuram. Tədbirdə yığılan bütün pullar bu insanların dəstəklənməsinə xərclənəcək", deyə Filip Roşe bildirib.

BAMF-in prezidenti Umud Mirzəyev Filipə belə bir mühüm tədbirin təşkilində verdiyi böyük dəstəyə görə təşəkkür edib. Onun sözlərinə görə, bu gün dünyada hərbi münaqişələr nəticəsində 65 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və Azərbaycan müharibədən əziyyət çəkən ölkələrdəndir.

Tədbirdə BAMF tərəfindən hazırlanmış Azərbaycanın cəbhə bölgələrindən olan uşaqların həyatına dair qısa video da nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsi ibtidai və orta məktəbin şagirdlərinin hazırladığı əyləncə proqramları ilə davam edib. 

Bakıda Britaniya Məktəbinin İdarə Heyətinin üzvü Rohayu Kutep lenti kəsib və 2019-cu il Yarmarkasının rəsmi açılışını elan edib. Burada Azərbaycandakı müxtəlif səfirliklər öz ölkələrinin mədəniyyətinin müxtəlif nümunələrini, qastronomiyanı təqdim edib və öz mədəniyyəti və adət-ənənələri barədə məlumat veriblər.

Qeyd etmək lazımdır ki, Filip Roşe BAMF-in dəvəti ilə Azərbaycanın Tərtər rayonuna səfər etmiş. O, Britaniya Məktəbi və BAMF-in təşəbbüsü ilə keçirilən xeyriyyə kampaniyasında iştirak etmişdir. Bundan əlavə, o, qaçqın və məcburi köçkünlərə dəstəyini nümayiş etdirmək və bölgə əhalisinə (məcburi köçkünlərə) kömək məqsədilə pul toplamaq üçün bir neçə mahnı yazıb.

BAMF 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) yanında Əsas Məşvərətçi statusu almış qeyri-hökumət təşkilatıdır. Hazırda Fond 5 əsas istiqamət üzrə fəaliyyət göstərir: Sülhyaratma və münaqişələrin həlli; Qaçqınlar / məcburi köçkünlərlə bağlı məsələlər; Media və vətəndaş cəmiyyətinin inkişafı; İcmanın inkişafı; və Təhsil. BMT-nin müxtəlif qurumları, xarici diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlarla birlikdə əhalinin həssas qruplarının, əsasən qadınlar, uşaqlar və minadan zərər çəkmiş qurbanların dəstəklənməsinə yönəlmiş humanitar, sosial, təhsil və media layihələri üzərində çalışır. Bakıda Britaniya Məktəbi ilə bu ildən əməkdaşlıq etməyə başlayıb.

1

 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
11