R

Noyabrın 19-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun(BAMF) prezidenti cənab Umud Mirzəyev Hindistan səfirinin ikinci katibi cənab Sujeş Çandra Sinhanı qəbul edib. Görüş Eurasia Diary-nin redaktoru və tərəfdaş qonaqların iştirakı ilə keçib.

BAMF prezidenti cənab Umud Mirzəyev Səfirliyin rəsmisinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranması və son 27 ildə gördüyü işlər barədə məlumat verib. BAMF-ın rəsmi təşkilatlar tərəfindən dəstəklənən və 131000 QHT arasında Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edən 140 QHT-dən biri olduğunu qeyd edib.

BAMF prezidenti ilkin tanışlıqdan sonra diqqəti əsas məsələyə, Azərbaycanın diqqət mərkəzində saxlanılması vacib olan probleminə, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq doğma yurdunun erməni təcavüzkarlarının işğalı altında olduğunu bildirib.

Sujeş Çandra da dəvət üçün təşəkkürünü bilirdirərək hər iki tərəf arasında mümkün olan əməkdaşlığın inkişafından bəhs edib.

Görüş zamanı ikinci katib Sujeş Çandra, həmçinin Azərbaycanla Hindistan arasında mövcud olan mədəni və təhsil əlaqələrindən də danışıb. O, həmçinin özünün də mədəniyyət və təhsil sahəsində çalışdığını, eyni zamanda Azərbaycanda bu sahədə bir çox layihələrin həyata keçirildiyini bildirib.

“Bizim Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığımız var. Bakıda 17-ə yaxın tələbə hind dilini Hindistandan dəvət olunan müəllim sayəsində öyrənir. Bizim bir çox təhsil və təlim proqramlarımız var ki, bunu xüsusilə Azərbaycan vətəndaşları üçün tərəfdaşlıq məqsədilə həyata keçiririk. Biz, həmçinin Bakı Mühəndislər İnstitutu və Lənkəran Dövlət Universiteti ilə tezliklə qarşılıqlı memorandum imzalamağa hazırlaşırıq. Azərbaycan Dövlət Universitetləri və xüsusən Lənkəran Dövlət Universiteti ilə tərəfdaşlıq və əməkdaşlıq yolu ilə həyata keçirdiyimiz təhsil-təlim proqramlarımız var. Bu təlimlər ICR (Hindistan Mədəni Əlaqələri) proqramı çərçivəsində həyata keçirilməklə yanaşı Hindistan hökuməti tərəfindən maliyyələşdirilir". O, həmçinin BAMF-ın nəzdində fəaliyyət göstərən Avrasiya Təhsil Mərkəzinin əməkdaşlığa cəlb olunmasını təklif edib.

Cənab Sujeş Çandra Sinha Hindistan və Azərbaycan arasında media mübadiləsi programına da toxunub.

Hindistan səfirliyi, həmçinin peşəkar jurnalistlər arasında bilik və təcrübə mübadiləsi üçün Azərbaycan və Hindistan jurnalistlərini dəvət etmək istəyir. Xəbərlərimiz və layihələrimizin veb saytınızda yayımlamaq və media orqanı ilə sıx əməkdaşlıq etməkdə çox maraqlıyıq", deyə o bildirib. 

Görüşün sonunda qonağa Azərbaycanın işğal olunmuş əraziləri və məcburi köçkün uşaqların ağır həyatı haqqında qısametrajlı video film təqdim olunub.

BAMF prezidenti Umud Mirzəyev, həmçinin qonağı Qarabağda erməni işğalçılarının törətdikləri vandalizmə aid görüntülərdən hazırlanmış vizual məlumat lövhəsi ilə də tanış edib.