R

Bu gün Pakistan və Meksikadan olan bir qrup jurnalist beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı oldular. Qonaqlar arasında pakistanlı jurnalistlərdən “BOL Xəbər Şəbəkəsi”nin XİN və diplomatik fəaliyyət üzrə müxbiri Muhamməd Ənvər Abbas, “National Herald Tribune” qəzetinin redaktoru Riaz Əhməd Malik, “Pakistan In The World” jurnalının redaktoru Tazin Axtar, eyni zamanda meksikadan olan jurnalistlər arasında “The Pulse News Mexico” qəzetinin redaktoru Tereza Marqolis və “El Sol De Mexico” qəzetinin jurnalisti və “TV kanal 11” və “ABC” radiosunun aparıcısı Federiko La Mont təşrif buyurdular. 

Qonaq jurnalistlər BAMF rəhbəri Umud Mirzəyevlə görüşdü və Azərbaycanda baş tutan növbədənkənar seçkiləri müşahisə etmək üçün Bakıya gəldiklərini bildirdilər. 

BAMF-ın prezidenti Umud Mirzəyev öz növbəsində qonaqlara Azərbaycanda baş verən bu əlamətdar hadisəni maraqla izləyərək Bakı şəhərinə gəldikləri üçün təşəkkürünü bildirdi və səfərləri zamanı ölkəmizdəki təəssüratları ilə maraqlandı. 

BAMF-ın ilk dəfə qonağı olan jurnalistlər təşkilatın fəaliyyəti ilə yaxından tanış oldular, eyni zamanda Azərbaycan gündəmində ən prioritet məsələlərdən biri olan Dağlıq-Qarabağ münaqişəsi mövzusuna da toxundular. Umud Mirzəyev 90-cı illərdə Erməni vəhşəti nəticəsində öldürülən və didərgin düşən soydaşlarımız və dağıdılaraq işğal altında olan rayonlarımız haqda jurnalistlərə bəhs etdi. 

“BAMF-ın yaradılmasında ən zəruri səbəb elə Dağlıq-Qarabağ münqişəsinin özüdür. O zamanlar haqqları taptalanaraq öz isti yuvalarından erməni separatistləri tərəfindən didərgin salınan həmvətənlərimizin səsini düyaya çatdırmaq bir o qədər də asan deyildi. Azərbaycan yenicə Sovetlərin caynağından xilas olduğu bir zamanda dünyaya hələ öz suverenliyini, ərazi bütövlüyünü tanıtdıra bilməmişdi. Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə bütün bu problemlərə aydınlıq gətirmə zərurətindən dolayı yaradıldı və biz hələ o zaman Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Təşkilatlardan olan nümayəndələri Azərbaycana onlarda bütün bu hadisələr barədə təəssürat yaratmaq üçün dəvət etdik.” 

Umud Mirzəyev eyni zamanda, öz ölkələrinin müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən jurnalist qrupunun sulallarını da cavablandırdı. 

Jurnalistlər arasında Pakistanın BOL Xəbər Şəbəkəsinin XİN və diplomatik fəaliyyətlər üzrə müxbiri Muhamməd Ənvər Abbas Pakistanın ağrılı yeri olan Kəşmirin də Qarabağ kimi gündəmdə olan ən vacib konfliktlərdən olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan da Pakistan kimi hərbi və iqtisadi potensiala malikdir və yeri gəldikdə bu konflikti hərb yolu ilə də həll etməyə qadirdir. 

BAMF rəhbəri jurnalistin fikirlərinə cavab olaraq bildirdi ki, Azərbaycan istənilən an sülh tərəfdarıdır və hərbi mövqeyi tutmağı ən son vasitə olaraq əsas bilir. 

“Siz bilirsiniz ki, Dağlıq-Qarabağ münaqişəsinin bu günədək həll olunmamış qalmasının əsas səbəbi ölkəmizdə müəyyən mənafeləri olan dünyanda güc mərkəzi olan dövlətlərdir. Hələ 1992-ci ildən bəri danışıqlar aparan ATƏT-in Minsk qrupu və dünyanın aparıcı dövlətləri bu problemlərin həllində mühüm addımlar atmaq yerinə münaqişənin yalnız iki dövlət arasında həll yolunu tapa biləcəyini bildirir. Bundan əlavə, nə üçün Birləşmiş Millətlər Təşkilatının hələ də çıxardığı 4 qətnaməyə əməl olunmur? Bəyəm dünya bunca olanlardan xəbərsizdirmi? 

Siz yəqin 2016-cı il Aprel döyüşlərini xatırlayarsınız? Həmin vaxtı biz öz hərbi mövqelərimizdə xeyli irəlilədik, lakin bunu uğurla sona çatdıra bilməməyimiz beynəlxalq müdaxilə və çağırışlar nəticəsində oldu,” deyə Umud Mirzəyev belə vurğuladı. 

Görüş zamanı, U.Mirzəyev qonaq qismində təşrif buyuran Meksikanın ABC radiosuna da eksklüziv müsahibə verdi. Müsahibəsində BAMF rəhbəri bugün mövcud olan sosial şəbəkə, internet və digər resursların yaratdığı böyük imkanların təqdirə layiq olduğunu vurğuladı. O, Azərbaycanla Meksika arasında mədəni və ictimai əlaqələrin, eyni zamanda media əməkdaşlığının inkişaf etdirilməsi sahəsində meksikalı jurnalistlərin qarşlıqlı olaraq ölkələrarası səfərlər etməsi kimi təşəbbüsü dəstəklədiyini vurğuladı. 

Görüşün sonunda qonaqlar BAMF-ın həyətində Dağlıq-Qarabağ münaqişəsini və onun Azərbaycana vurduğu zərərləri əyani əks etdirən foto şəkil və stendərlə tanış oldular. Qonaqlar eyni zamanda BAMF rəhbəri ilə birgə Qarabağ uğrunda canlarını fəda verən şəhidlərin məzarını ziyarət etdilər.

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1