R

Yanvarın 30-da Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) tanışlıq məqsədli səfər etmiş və təşkilatın prezidenti Umud Mirzəyevlə görüşmüşdür.

Eurasia Diary bildirir ki, görüşdə Pakistanın Azərbaycan və Gürcüstan üzrə müdafiə attaşesi, polkovnik Nadim Yaqub Çaudri, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina və beynəlxalq analitik informasiya portalı Eurasia Diary-nin redaktoru Elnur Məmmədli də iştirak edib.

BAMF prezidenti, BMT ECOSOC yanında Ümumi Məşvərətçi statusuna malik və bir neçə əsas fəaliyyət istiqamətləri olan təşkilatın gördüyü işlər barədə məlumat verib. U.Mirzəyev, həmçinin Pakistan təşkilatları, beynəlxalq təşkilatlar, BMT qurumları və xarici diplomatik nümayəndəliklər ilə həyata keçirilən müxtəlif birgə layihələrdən söz açıb.

Tərəflər, BMT-nin mövcud qətnamələrinə baxmayaraq, bir neçə onillikdir ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və Hindistan-Pakistan münaqişəsi barədə danışıblar.

Səfir Səid Xan Mohmand Pakistanın Azərbaycanı hər zaman dəstəkləyən və Ermənistanı Azərbaycan ərazilərini işğal etməsinə görə qınayan mövqeyini bir daha dilə gətirib. O bildirib ki, Pakistan eyni vəziyyəti yaşadıqları üçün Azərbaycanın mövqeyini başa düşür.

Tərəflər hər iki münaqişənin yaxın gələcəkdə həll olunmasının zəruriliyini vurğulayıblar.

Onlar yaxın tərəfdaşlığın qurulması istiqamətində birgə işləməyə və qarşılıqlı layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Görüşün sonunda Pakistan səfiri, Eurasia Diary-yə eksklüziv müsahibə verib. Müsahibə tezliklə saytımızda yayımlanacaq.

Səfir və polkovnik Nadim Yaqub Çaudriyə Azərbaycanın müharibədən zərər çəkmiş bölgələrində yaşayan uşaqların həyatı ilə bağlı BAMF-in hazırladığı film təqdim edilib.