R
Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri və görüşləri davam edir.
 
Özbəkistan paytaxtında keçirilən görüşlər zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılır. İki türkdilli dövlət arasında elmi, akademik, mədəni, mətbuat və informasiya, humanitar, vətəndaş cəmiyyəti qurumları səviyyəsində əməkdaşlıq imkanları nəzərdən keçirilir.

 Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva sentyabrın 30-da bu məqsədlə Özbəkistan Jurnalistika və Kütləvi kommunikasiyalar Universitetini ziyarət edərək universitetin rektoru Şerzodxan Kudratxoca ilə görüş keçiriblər. Görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, birgə təlimlərin, treninqlərin keçirilməsi müzakirə olunub. Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq zamanı həm Azərbaycan, həm də Özbəkistan tərəfi bir-birinin təcrübəsindən geniş şəkildə istifadə edə bilər.

Müzakirələr zamanı iki ölkə arasında mətbuat sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin zərurəti vurğulanıb. Medianın müasir dövrdəki rolu, aktual problemləri xüsusi olaraq qeyd olunub.

Sonra Azərbaycan nümayəndə heyəti üzvləri ziyarət zamanı universitetdə yaradılmış şəraitlə tanış olub, auditoriyaları gəziblər. Nümayəndə heyətimizin üzvləri universitetin böyük, geniş, müasir tələblərə cavab verən şəraitini xüsusi olaraq qeyd ediblər.

Görüşdə Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib. H.Quliyev ümumi işbirliyinin məhsuldar nəticələnəcəyinə ümidvar olduğunu bildirib və bununla bağlı tövsiyələrini verib.