R

ABŞ-ın Nyu Cersi ştatında yerləşən İnsan Haqları, Azadlıq və Tolerantlıq muzeyinin prezidenti və icraçı direktoru, konfliktoloq İqor Kotler Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub, fondun Prezidenti Umud Mirzəyevlə görüşüb.

 BAMF Prezidenti qonağa Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası, Qarabağ problemi, ölkəmizin 2020-ci ilin payızında apardığı Vətən müharibəsi, eləcə də müharibədən sonra qarşılaşdığı ciddi mina problemi barədə məlumat verib. O, eyni zamanda, rəhbəri olduğu təşkilatın fəaliyyəti, bu problemin həlli üçün 30 il ərzində gördüyü işlərdən söz açıb.

Umud Mirzəyev qonağı BAMF-ın nəzdində fəaliyyət göstərən Eurasia Diary analitik informasiya portalının fəaliyyəti, o cümlədən BAMF-ın çoxşaxəli fəaliyyəti ilə tanış edib.

Konfliktologiya sahəsində fəaliyyət göstərən İqor Kotler görüş zamanı Umud Mirzəyevlə Qarabağ problemi, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin kökü barədə maraqlı müzakirələr aparıb. Bakıdan sonra Tbilisi və Yerevana da səfər edəcəyini qeyd edən qonaq, BAMF Prezidentinə münaqişələrin araşdırılması, o cümlədən həlli sahəsində birgə əməkdaşlıq təklifi edib. BAMF-la sıx əməkdaşlıq etmək niyyətinin olduğunu qeyd edən İ.Kotler fondla birgə konfliktlərin həlli, mina problemi sahəsində birgə seminarlar keçirmək istədiyini bildirib, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti institutları arasında dialoqun təşkili sahəsində vasitəçi ola biləcəyini vurğulayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində doğulan İqor Kotler 1987-ci ildə ABŞ-a köçüb. O, Los Ancelesdəki Kaliforniya Universitetində tarix fənni üzrə təhsil alıb, sonradan həmin universitetdə, eləcə də İudaizm Universiteti, Qolden Qeyt Universiteti və digər universitetlərdə yəhudi, rus, sovet, Amerika və dünya tarixini, o cümlədən Finiks Universitetində din üzrə fənləri tədris edib.

Tarixçi İ.Kotler üç dildə 30-dan çox məqalə və kitabın müəllifidir. O, Holokost (soyqırım) və antisemitizmə həsr olunmuş konfranslar əsasında ingilis və rus dillərində üç kitabın birgə redaktoru olub. İqor Kotler həmçinin, Holokost Təhsili üzrə Nyu Cersi Dövlət Komissiyasının üzvüdür. O, ABŞ, Rusiya, Almaniya və Latviyada antisemitizm, irqçilik və ksenofobiya mövzusunda bir çox konfranslarda, o cümlədən 2011-ci ildə BMT QAK-ın Qaçqınlar Konqresində iştirak edib.