R

Xalq yazıçısı Çingiz Abdullayev BMT-nin İqtisadi və Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik Şurasının sədri seçilib. Bu barədə fondun prezidenti Umud Mirzəyev məlumat verib. 

Bu gün BAMF-ın qonağı olan Xalq yazıçısı fondun işləri ilə yaxından tanış olaraq U.Mirzəyev ilə gələcək əməkdaşlıq haqqında müzakirələr aparıb. Daha sonra fondun prezidenti Çingiz Abdullayevi kollektivlə tanış edib. U.Mirzəyev onun təklifini müsbət dəyərləndiyi üçün Xalq yazıçısına öz təşəkkürünü bildirib. 

təssürratlarını bölüşən Çingiz Abdullayev bu təklifi yüksək dəyərləndirdiyini və BAMF ailəsinə qoşulduğu üçün çox şad olduğunu bildirib.

“Beynəlxalq Avrasiya Mətbuat Fondu çox nüfuzlu təşkilatdır. Bu qurum nəinki Azərbaycanda, sizin böyük səylərinizin nəticəsində bütün dünyada tanınır. Mənə BAMF-ın Himayəçilik Şurasının sədri vəzifəsinə təklif etməyiniz böyük şərəfdir. Çox sağ olun. Mən də bu gündən sonra çalışacam ki, əlimdən gələn yardımı Beynəlxalq Avrasiya Mətbuat Fondundan əsirgəməyim”. 

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev 1959-cu ilin aprelin 7-də Bakı şəhərində, hüquqşünas ailəsində dünyaya gəlib. O, üç ali təhsil alıb. Hüquq elmləri doktorudur. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, Azərbaycan PEN Klubunun prezidentidir. O, həm də atıcılıq üzrə idman ustasıdır. 

Çingiz Abdullayev ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Onun əsərləri 32 dildə və 30 milyondan çox  nüsxə ilə Almaniya, İrlandiya, Fransa, Rusiya və digər xarici ölkələrdə kütləvi tirajla çap olunub. 

Azərbaycan və xarici ölkə kinematoqrafçıları Çingiz Abdullayevin əsərləri əsasında “Dronqo”, “Lisenziyasız xəfiyyə”, “Məhkumların cənnəti”, “Çevrilmiş dünya”, “Xeyirlə Şərin rəqsi” və s. film və seriallar çəkilib. O, bir sıra şəhərin fəxri vətəndaşı və 14 beynəlxalq mükafatın sahibidir. Çingiz Abdullayev həmçinin müxtəlif xarici ali təhsil ocaqlarının fəxri doktor adına layiq görülüb.

 

O, 2005-ci ildə Xalq yazıçısı adını alıb. Xalq yazıçısı 2009-cu ildə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət", 2014- cü ildə MDB ölkələri ulduzu, 2019 “Şərəf” və 6 ölkənin xarici ordenləri ilə təltif  edilib. 

31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Qeyd edək ki, daha əvvəl BAMF-ın Himayəçilik Şurasının sədri vəzifəsini mərhum ziyalılarımız fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, əməkdar elm xadimi Hətəm Quliyev və Azərbaycan  Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri , AMEA-nın müxbir üzvü,  professor Akif Musayev icra edib.

1

1