Aprelin 18-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və səfirliyin nümayəndələri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində səfərdə olublar. Nümayəndə heyəti Ağdamda fəaliyyət göstərən minaaxtaranları ziyarət ediblər.
Səfər zamanı ABŞ səfiri Mark Libbi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən ANAMA, Minalar üzrə Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birgə tərəfdaşlıqla həyata keçirilən “Məcburi köçkünlərin müharibədən zərər çəkmiş bölgələrə təhlükəsiz qayıdışına dəstək məqsədilə Azərbaycanın humanitar mina aksiyaları tədbirlərinə dəstək” layihəsinin heyəti, onların fəaliyyətləri və iş prosesləri ilə yaxından tanış olub. M. Libbi çıxışında mina qurbanlarının yaxınlarına, ailə üzvlərinə başsağlığı verib, mina hadisəsi zamanı xəsarət alanlara isə sağlamlıq arzu edib.
ABŞ səfiri Azərbaycanda qadın və kişilərdən ibarət ilk qarışıq minatəmizləmə qrupları ilə görüşü zamanı onların gördüyü işlərin əhəmiyyətindən danışıb:
“Çox sevinirəm ki, belə bir vacib işdə Azərbaycan qadınları da iştirak edir. Azərbaycanda tez bir zamanda mina ilə çirklənmiş ərazilərin təmizlənməsini arzu edirəm. ABŞ hökuməti də dünyada minaların təmizlənməsi prosesində yaxından iştirak edir. Dövlətimiz bu məsələdə böyük vəsaitlər xərcləyib. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon dollar ayırıb. Bundan sonra da Azərbaycanda mina təmizlənməsi işində ABŞ dövləti niyyətinə sadiq qalacaq və Qarabağın işğaldan azad edilmiş ərazilərində minadan təmizlənməsi işinə yaxından dəstək olacaq.”
Daha sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov Azərbaycanın mina problemindən və minaların insanlara və təbiətə mənfi təsirindən danışıb. O, ölkənin ən vacib məsələlərindən olan mina probleminin həlli istiqamətində ANAMA-ın gördüyü işləri, qurumun QHT-lərin və beynəlxalq təşkilatların fəaliyyətinə dəstəyini və uğurlu nəticələri qonaqların diqqətinə çatdırıb. Həmçinin, o, BAMF-ın mina aksiyası çərçivəsində indiyədək həyata keçirdiyi önəmli layihələrini, təhlükəsiz və sağlam mühitin yaradılmasına töhfəsini və QHT kimi xüsusi rolunu vurğulayıb.
BAMF prezidenti Umud Mirzəyev çıxış edərək, ilk öncə ABŞ səfirinə və dövlətinə Azərbaycanda mina aksiyasına verdikləri dəstəyə görə təşəkkürünü və minnətdarlığını bildirib:
“Azərbaycan bu gün çox ciddi bir problemlə üz-üzədir. Qarabağ başdan-başa minalarla çirkləndirilib və Azərbaycan xalqı hər an mina və partlayıcı sursatların təhlükəsi ilə yaşayır. Siz özünüz də bura gələrkən ərazilərin hansı səviyyədə çirkləndiyinin şahidi oldunuz. Biz isə vətəndaş cəmiyyəti təşkilatı olaraq əlimizdən gələni edəcəyik ki, minatəmizləmə aksiyası prosesi sürətlənsin və məcburi köçkünlər tezliklə öz yurd-yuvalarına qayıtsınlar”.
Umud Mirzəyev, həmçinin, ABŞ səfirinə BAMF-ın tarixi, təşkilatın çoxillik fəaliyyəti və ABŞ dövlətinin dəstəyi ilə fondun həyata keçirdiyi layihələr haqqında məlumat verib. O cümlədən, BAMF-ın humanitar aksiyalarda iştirakı, minatəmizləmə fəaliyyəti, mina maarifləndirməsi və minadan zərərçəkənlərin problemləri ilə bağlı gördüyü işlərdən danışıb.
Minalar üzra Məsləhət Qrupunun (MAG) ölkə direktoru Cenet Dikstra MAG, BAMF və APOPO əməkdaşlığından və təşkilatın fəaliyyətindən danışıb. O, təqdimatdan sonra minaaxtaranlara sertifikatların təqdim olunması üçün qonaqlara müraciət edib. Səfir Mark Libbinin, ANAMA-nın İdarə heyətinin sədr müavini Samir Poladovun, BAMF prezidenti Umud Mirzəyevin, MAG-ın ölkə direktoru Cenet Dikstra və Texniki Sahə Meneceri Bobbi be Dirin iştirakı ilə qadın minaaxtaranlara sertifikatları təqdim olunub.
Bundan başqa minaaxtaran itlərlə və siçovullarla apardığı mina təmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının fəaliyyəti haqqında da məlumat verilib. Səfir heyvanların minatəmizləmə fəaliyyətini izləyib və onların nəticələri ilə tanış olub.
Qeyd edək ki, səfər zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev və əməkdaşı Çapay Əmirov da iştirak ediblər.
Sonda ABŞ səfiri bu cür səfərlərin davam edəcəyini dilə gətirib:
“Bu səfər sonuncu olmayacaq. İşğaldan azad edilmiş digər ərazilərə də səfərlərimiz davam edəcək”.