“Novaya Qazeta” Beynalxalq Mətbuat İnstitutunun mükafatına layiq görülüb

04.05.2009 · 1330 baxış

imgresDünyanın aparıcı media qurumu olan Beynəlxalq Mətbuat İnstitutu (BMİ) özünün ənənəvi illik mükafatının “Azad Media Pioneri” qalibinin adını açıqlayıb. Bu xəbər 3 may – Dünya Mətbuat Azadlığı günü ərəfəsində açıqlandı. Bu il “Azad Media Pioneri” mükafatın qalibi hakimiyyət tərəfindən müxtəlif təzyiqlərə, təpkilərə, şantaja, məhkəmə basqılarına məruz qalan Rusiyanın “Novaya Qazeta” qəzeti oldu. BMİ-nin direktoru Deyvid Dəcin verdiyi məlumata görə, qəzet bu mükafata Rusiya hakim dairələrinin basqılarına baxmayaraq, söz azadlığı və müstəqil medianın inkişafı istiqamətində göstərdikləri fəaliyyətə görə layiq görülüb.
Qeyd edək ki, məşhur tədqiqatçı jurnalist Anna Politkovskaya da daxil olmaqla qəzetin üç əməkdaşı vəhşicəsinə qətlə yetirilib. Bu qətllərin açılmasına çalışan iki nəfər də öldürülüb. Sifarişli məhkəmə qərarları ilə sözügedən qəzet iki dəfə yüksək məbləğdə – 1 milyon və 500 min ABŞ dolları civarında cərimələnib.
Mükafat bu il iyun 7-də Finlandiyanın Helsinki şəhərində keçiriləcək jurnalistlərin 58-ci Dünya Qurultayında təqdim ediləcəkdir.
Xatırladaq ki, “Novaya Qazeta” qəzeti 1993-cü ildə sovetlər dövründə çap edilən “Komsomolskaya Pravda” qəzetinin sabiq əməkdaşları tərəfindən yaradılıb. Həftədə üç dəfə çıxan bu qəzetin kollektivi mülkiyyət payının 51 %-na malikdir. Digər pay hissəsi isə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov və rusiyalı sahibkar Aleksandr Lebedevə məxsusdur.
Azərbaycandan isə bu beynəlxalq mükafata 2004-cü ildə Azər Həsrətin başçılıq etdiyi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) layiq görülüb.

(c) 2018. IEPF