Novruz bayramı münasibəti ilə hərbi hissədə tədbir olub

17.03.2011 · 1946 baxış

<b>Millət vəkili Qənirə Paşayeva və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Ermənistanla sərhəddə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib</b><br /> <br /> Martın 17-də Millət vəkili Qənirə Paşayeva və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Qarabağ İctimai Forumunun (QİF) rəhbəri Umud Rəhimoğlu Novruz bayramı münasibəti ilə Tovuz rayonunda Ermənistanla sərhəddə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib.<br />

Səfər zamanı şair Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən “Hünər simfoniyası” adlı kitabının hərbi hissədə təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva Novruz bayramı münasibəti ilə hərbi hissə əsgər və zabitlərini təbrik edib. O, milli bayram ərəfəsində səngərlərdə olan hərbi qulluqçulara öz xidmətlərində intizamlı və dəqiq olmalarını arzulayıb. Xanım millət vəkili düşmənlə sərhəddə, səngərlərdə torpaqları qoruyan hərbiçilərin yanında olmağın hər bir kəsin borcu olduğunu bildirib: “Ölkənin bütün ziyalıları hər gün ordunun yanında olmalıdır. Xüsusi ilə bayram günlərində bayramları onlarla birlikdə keçirməli və onlara göstərməliyik ki, millət, xalq olaraq biz ordumuzun arxasında dayanmışıq. Bu gün biz Qarabağ İctimai Forumu ilə birgə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Hünər simfoniyası” adlı bu kitabın hərbi hissədə təqdimatını edirik. Əsgərlərimiz bu kitabları oxuyub belə qəhrəmanlardan örnək götürməlidirlər”.

BAMF-ın və QİF-in rəhbəri U.Rəhimoğlu da hərbi hissənin əsgər və zabitlərini Novruz bayramı münasibəti ilə təbrik etdi. O, erməni hərbçisinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun macar dilindən tərcümə etdiyi və bu günlərdə çap olunan “Qapı” romanını nüsxəsini hərbi hissə komandirinə təqdim etdi.

“Hünər simfoniyası” kitabının müəllifi Balayar Sadiq və BAMF-ın mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu əsgərlər qarşısında çıxış edərək onlara qələbə zəfəri arzuladı.

Sonda xidmətində fərqlənən əsgər və zabitlərə bayram sovqatı, hədiyyələr və Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş “Hünər simfoniyası” kitabını təqdim edib.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF