Dünən “Hyatt” otelinin Şuşa zalında AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayevin Yerusəlim və Moskvada nəşr olunaraq xarici dövlətlərdə yayılmış erməni terrorizmini ifşa edən “Ölüm marşı” elmi-sənədli kitabının Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) diplomu ilə mükafatlandırması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə mərasimin təşkilatçısı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu ilə açdı: “Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə yaradılan xüsusi komissiya Azərbaycan alimi, professor Rövşən Mustafayevin 2007-ci ildə Moskvada nəşr olunan “Ölüm tanqosu”, bu il Moskvada, Qüdsdə çap edilən “Ölüm marşı” kitablarını dəyərli elmi araşdırma kimi qiymətləndirib. Rus, ivrit və ingilis dillərində yüksək tirajla işıq üzü görən bu elmi-sənədli araşdırmada 1918- 1919-cu illərdə, II Dünya müharibəsi dövründə dinc yəhudi əhalisinə qarşı törədilən cinayətlərdən bəhs olunur. Azərbaycan alimi dünya oxucusuna yaxın tariximizdə baş verən qanlı cinayətlərin statistikasını, günahsız qurbanlara dair faktları təqdim edir. Bir insana, bir ailəyə, bir xalqa qarşı deyil, bu nifrət, bu dəhşət və cinayət bəşəriyyətə, insanlığa qarşı yönəlib. Torpaqları işğal altında olan, vətəndaşları əsir, girov və məcburi köçkünə çevrilən bir dövlətin alimi bu faktlardan hansısa bir xalqa, millətə, dövlətə qarşı istifadə etməyib. Bu kitab millətçi çıxışlardan, təntənəli şüarlardan uzaq bir mövqedən, sülh çağırışı ilə yazılıb. Elə ona görə də Azərbaycan aliminin araşdırmaları dünyanın istər elm adamları, istərsə də adi oxucuları tərəfindən rəğbətlə qarşılanıb”.
Layihənin kordinatoru Nik Nvolisa R.Mustafayevin işıq üzü görən kitabının terrora, zorakılığa qarşı çox dəyərli bir araşdırma olduğunu qeyd etdi: “Qlobal bir problem olaraq terrorizmi Afirkanın Saxarasından tutmuş Asiya sahillərinə qədər hamı bir səslə pisləyir. Mən belə bir layihənin kordinatoru olmağımdan çox məmnunam”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun diplomu professor Rövşən Mustafayevə təqdim edildikdən sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış etdi. O, erməni terrorizminin bəşəriyyət üçün daim təhlükəli bəla olduğunu diqqətə çatdırdı. Vitse-spiker dünya xalqları tərəfindən bu bəlanın qarşısının vaxtında alınmasının zəruriliyini bildirərək, kitabın əhəmiyyətini vurğuladı. İsrailli alim, professor Aleks Pisman isə xalqlarımızın dostluq münasibətlərindən söz açdı və terrorizmin acı nəticələrini xatırlatdı. Alim çıxı.ında bildirdi ki, ermənilərin törətdikləri qanlı hadisələr, tökdükləri günahsız qanlar barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatlar verilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov, Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Qənirə Paşayeva, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir və digər natiqlər də dərin tarixi araşdırmaların nəticəsi olan kitabı yüksək qiymətləndirdilər.
Sonda R.Mustafayev çıxış edərək tədbirin təşkilatçılarına və araşdırmaları haqqında yüksək fikir söyləyənlərə öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, professor Rövşən Mustafayev Gelat Akademiyasının (Gürcüstan), Beynəlxalq Elmlər Akademiyasının (Avstriya), Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının (Rusiya) həqiqi üzvüdür, politologiya və beynəlxalq hüquq sahəsində tanınmış ekspertdir.
BAMF İnformasiya Departamenti
