“Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər”

19.06.2010 · 1622 baxış

Bu adda Bakıda, Hyatt Regency” hotelində 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı böyük tədbir keçirilib<br /> <br /> İyunun 18-də Bakıda, Hyatt Regency” hotelində 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı “Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər” adı altında tədbir keçirilib. Tədbir Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə baş tutub. Mərasimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Antonio Qutereşinin videomüraciəti, sözügedən qurumun xoşməramlı səfir Anjelina Colinin iştirakı ilə çəkilmiş videoçarx, “Vətən həsrəti və sönməyən ümidlər” adlı 13 dəqiqəlik film nümayiş olunub. Film Azərbaycanda məcburi köçkünlərin problemlərinə həsr olunub, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kiçik məlumat da yer alıb.

Tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, Azərbaycan artıq 18 ildir məcburi köçkün problemi ilə yaşayır, torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. O Azərbaycanda məskunlaşmış məcburi köçkünlərə göstərdiyi yardımlara görə Amerika, Avropa və ərəb ölkələrindən olan qeyri-hökumət təşkilatlarına təşəkkürünü bildirib. Əli Həsənov işğal faktının hələ də davam etdiyini, Ermənistanın işğal etdiyi torpaqlardan narkotik maddələr əkini üçün istifadə etdiyini bildirib. O, həmçinin Ermənistanın işğal altında olan ərazilərdə terror qrupları hazırladığını da vurğulayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm beynəlxalq birliyin qaçqın və məcburi köçkünlərə yardım etməsinin əhəmiyyətini vurğulayıb. O, BMT-nin Azərbaycanda və digər ölkələrdə qaçqın və məcburi köçkün övladları arasında sorğu keçirdiyini də deyib: “Uşaqlar adətən belə cavab verirdilər – evi olmayan adamlar xəstələnir və ölürlər. 8 yaşlı bir qız isə evin nə olduğunu belə izah edib: “Ev mən və anamın olduğu yerdir”. Qaçqın və məcburi köçkünlər çox ağır şəraitdə yaşayırlar, amma bu onların gələcəkdən məhrum olması demək deyil”. Tədbirin təşkilatçılarından biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev də mərasimdə çıxış edib. Onun çıxışını sizə təqdim edirik:

“Hörmətli xanımlar və cənablar! Hörmətli tədbir iştirakçıları!
Hamınızı ürəkdən salamlayıram.

Ümumdünya Qaçqınlar Gününü biz son 10 ildə hər il qeyd edirik. Bu il “Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər” adı altında Ümumdünya Qaçqınlar Gününə hazırlıq ərəfəsində biz dəstək üçün Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənova müraciət etdik. Yerli və beynəlxalq təşkilatların inkişaf və humanitar missiyalarını daim dəstəkləyən çox hörmətli cənab Həsənov təşkilatımıza böyük etimad göstərərək, Ümumdünya Qaçqınlar Gününü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə qeyd etməyi tövsiyə etdi. Fürsətdən istifadə edərək bu etimada görə cənab Əli Həsənova dərin təşəkkürümüzü bildiririk.

Mən özüm məcburi köçkün taleyini yaşayan insanam. Əzizlərim, doğmalarım uzun illərdir ki, yurdsuz-yuvasız, evsiz-eşiksiz yaşayırlar. Evsiz olmaq böyük faciədir. Xəyallarda olsa belə, hər bir insanın öz yurdu-yuvası var, bir evi var. Doğulduğu ocaq, ilk addımlarını atdığı torpaq hər kəsə doğmadır. Dünya özü də böyük bir evdir və heç kəsin qarşısında yaşamaq üçün yer seçməkdə hədd qoyulmayıb. Amma bəzi faktorlar insanın öz evini qurmaq, doğma ocağında yaşamaq imkanını məhdudlaşdırır. Müharibələr, qeyri-bərabər münasibətlər, kasıbçılıq, insan həyatına sayğısızlıq və dəhşətli təbii fəlakətlər dünyanı qaçqınlıq problemi ilə üz-üzə qoyan əsas faktorlardandır.

Ötən əsrin 90-cı illərindən Azərbaycan 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmasına baxmayaraq, son illər dünyanın ayrı-ayrı yerlərindən ölkəyə çox sayda evsiz-eşiksiz insanlar pənah gətirib. Azərbaycan öz doğma yurd-yuvasından didərgin düşən, özlərinə daha sakit, dinc yer axtaran bu insanlara da sığınacaq verib, onların problemlərinin həlli istiqamətində konkret addımlar atıb.

Azərbaycanda evsiz insanlardan danışanda qeyd etmək lazımdır ki, bu insanlar illərlə topladığı var-dövlətlərini itiriblər, doğma yurdlarından didərgin salınıblar, onların evləri əllərindən alınıb. Ancaq həyat davam etməlidir. Qaçqın və məcburi köçkünlər üçün ən mümkün və uyğun olan yol yeni həyata başlamaq, pozulmuş hüquqlarını bərpa etmək üçün mübarizə aparmaqdır. və bu ən uyğun yoldur.

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayan, soydaşlarımızın düşdüyü vəziyyəti özünün ürək ağrısına çevirən və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda yorulmadan mübarizə aparan ulu öndər Heydər Əliyev bu məsələdə öz vətəndaş mövqeyini belə ifadə etmişdir: “…İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”. Ümummilli liderimiz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu problemə həssas münasibətin nəticəsidir ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün ölkənin ayrı-ayrı bölgələrində salınan müasir, bütün infrastruktura malik 64 qəsəbədə 100 mindən çox soydaşımız məcburi köçkün yeni və rahat mənzillərə köçürülmüşdür.
Hər qaçqın və məcburi köçkün ailəsinin problemləri müxtəlif və əzabları fərdi olsa da, onların hamısı qeyri-adi cəsurluğu bölüşürlər. Onlar yalnız sağ qalmaq və yaşamaq üçün cəsarət göstərmirlər, onlar həm də məhv olmuş həyatlarını, dağılmış xoşbəxtliklərini yenidən qurmaq əzmi göstərirlər. Bir fərd və kollektiv olaraq, biz ümidsizlərə təsəlli, ümid verə bilərik, sıxıntı keçirənlərə dəstək ola bilərik, biz hər bir Allah bəndəsinə sığınacaq vermə naminə keçirilən kampaniyalara qoşula bilərik. Bizim hər birimizin rahat evə ehtiyacımız var, rahat ev xoşbəxtlik üçün böyük mənbədir.

Görkəmli Amerika yazıçısı və ətraf mühitin qorunması sahəsində böyük işlər görmüş Daniel Kvinin demişdir bir sözü var: “Evsiz adamı bizim uyğun bildiyimiz yerdə yerləşdirməyə çalışmayın. Özlərinin tapdığı və münasib bildikləri yerlərdə sağ-salamat yaşamaları üçün onlara kömək edin”.

Bu gün Ümumdünya Qaçqınlar Gününü qeyd etməklə biz qaçqın və məcburi köçkünlərlə həmrəyliyimizi nümayiş etdirir, bu problemə biganə qalmadığımızı bildiririk. Ancaq haradasa müvəqqəti sığınacaq tapan insanların (dinindən, dilindən, irqindən asılı olmayaraq) ən böyük arzusu yerinə yetirilməli, onlar öz doğma ocaqlarına qaytarılmalıdır və problemin həllinin ən doğru yolu da budur. Onlar yalnız öz evlərində xoşbəxt ola bilərlər! Səylər buna, bu istiqamətdə qəbul edilən beynəlxalq sənədlərin icrasına yönəlməlidir. Ermənistan işğal etdiyi 20 faiz Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd-şərtsiz çıxarmalı, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamələr yerinə yetirilməlidir.

Sizləri bu məsələdə həmrəyliyə çağırır, Qafqazda sülhün, əmin-amanlığın bərpasına, insanların yurd-yuvasına, doğma ocaqlarına-evlərinə qayıtmasına yardım göstərməyə səsləyirik!
Diqqətinizə görə təşəkkür edirəm”.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF