Oxşar talelər

31.07.2008 · 1591 baxış

Müəllif: Kəbutər, “Yeni Azərbaycan” qəzeti, 24 may 2008
Bir həyətdə böyümüşdük. Yaraşıqlı, boylu-buxunlu oğlanın mütənasib burnu iri qara gözləri ilə həmahəng idi. Rövşən üç bacının bir qardaşı idi. Bu o demək idi ki, ailədə ən ərköyün uşaq Rövşən olmalıdır. Valideynləri isə bizim ailələrə xas olan ənənənin əksinə, onu çox da əzizləmirdilər. Həmişə atasının sərt tapşırıqları ilə rastlaşırdı: “Oxu ki, adam olasan”. Məktəbdə Rövşənin göstəriciləri pis deyildi. Bununla belə o məktəbi bitirdiyi il instituta qəbul ola bilmədi. O birisi il Rövşəni hərbi xidmətə çağırdılar. Biz bir də on iki ildən sonra – qəzetçilik fəaliyyətimin ilk illərində görüşdük.
…Bakının 8-ci km qəsəbəsində sakit bir həyət. Yaşadığı küçədə onu tanımayan yoxdu. Rövşən nümunəvi oğul olduğu kimi, eyni zamanda, nümunəvi dost və qonşu, həmçinin nümunəvi tibb işçisidir. Qəsəbənin poliklinikasında masajçı işləyir.
Kabinetin qarşısında gözləyən xəstələrdən birtəhər icazə alıram. Gözləyənlər ondan yazmaq istədiyimi biləndə çar-naçar razılaşırlar. Yoxsa heç bir səbəb onun yanına növbəsiz keçməyə əsas ola bilməzdi. Görüşürük. Güclə də olsa xatırlayır. İstirahət günü evdə görüşməyi məsləhət bilir. Həm rahat söhbət edərik, həm də məni ailəsi ilə tanış edər. Həyat yoldaşı olmağa razılıq vermiş o gözəllə.
…Birotaqlı mənzil. Divanda oturmuşuq. Həyat yoldaşı doğrudan da gözəldir. Qızın babası da II Dünya Müharibəsindən şikəst qayıdıb. Minaya düşüb hər iki ayağını itirib. Kəndə qayıdandan bir ay sonra kəndin ən gözəl qızı olan nənəsi ona ərə getməyə razılıq verib. Qız Tibb İnstitutuna daxil olanda kənddə düşünüblər ki, Bakının ən adlı-sanlı ailəsinin gəlini olacaq. O isə Rövşəni seçib. Qəsəbəyə rəfiqəsinin ad gününə gələn qız uzaq qohumlarından biri ilə rastlaşır. Rövşənin anası yaxınlıqda yaşadıqlarını bildirib və qızı evlərinə qonaq dəvət edib. İstirahət günü olduğundan Rövşən də işə getməyibmiş. Beləcə tanış olublar, sonra bu tanışlıq məhəbbətə, daha sonra isti bir yuva qurmağa səbəb olub.
Rövşən əlini uzadıb stəkanı götürür. Bütün çətinliklərə baxmayaraq suallarımı verməliyəm. Amma mənim üçün ən maraqlısı Rövşənin sevdiyi qızın gözəl olduğunu hardan bilməsidir. Çünki əsgərlikdə minaaxtaran olmuş Rövşənin səhvi hər iki gözünü tamamilə itirməsi ilə nəticələnib. Sifəti çapıq-çapıq olan oğlanın gözlərinin yerində iki dərin çuxur var. Sualım Rövşənə qəribə görünmür. Ümumiyyətlə, görmə qabiliyyəti olmadan dünyaya gələnlərdən danışır. Düşünürəm ki, biz insanlar təsəlli üçün əlyeri tapmasaq, görəsən, neyləyərdik? Gözlərinin heç vaxt açılmayacağını biləndən sonra yeni həyatına alışmağa çalışıb. Ən əvvəl korlar məktəbinə müraciət edərək onların əlifbasını öyrənmək istəyib. Hövsələsi çatmayıb. Qarşılaşdığı çətinlik ən çox da əsəblərinə təsir edib. Onda anası “Polad necə bərkidi” romanının qəhrəmanı Pavel Korçaginin üsuluna əl atıb. Ona yazı yazmaq üçün kağız çərçivələr kəsib hazırlayıb. Bu da alınmayanda birillik masajçı kursuna yazılaraq intiutiv olaraq istini, soyuğu müəyyənləşdirmək, əlinin altındakı xəstənin əsəblərinin nə vəziyyətdə olduğunu hiss etməyi müəyyənləşdirmək vərdişlərinə yiyələnməyə başlayıb.
Deyəsən, gözləri görməyən bir heykəltaraş haqqında oxuduğumu xatırlayıram. Başını qaldırır. Elə bilirəm, diqqətlə üzümə baxır. Sifətindəki çuxurlara baxmamaq üçün başımı aşağı salıram. Hiss edirəm ki, əsəbləşir. Mən də vaxt tapdım təsəlli verməyə. Ürəyimdə özümü söyürəm. Sonra yadıma düşür ki, sovet qoşunları Əfqanıstanı tərk edəndə mətbuat bu müharibənin səhv olduğunu yazırdı. Səsini əməlli-başlı qaldırır:

-Nə səhv, siz fikirləşirsiniz ki, mən bir səhvə görə gözlərimi itirmişəm?
-Axı, siz əfqanlarla onların öz torpağında vuruşurdunuz.
Bu dəfə qışqırır:
-Onlar düşmən idilər, bildin, düşmən. Mən düşmənlərlə döyüşmüşəm!
Gözəl gəlin özünü yetirir. Göyərçin qanadına bənzər əlini Rövşənin çiyninə qoyur. Baxışları ilə mənə get deyir. Dururam. Qapı örtülməzdən əvvəl Rövşənin donuq və əsəbi səsini eşidirəm:
-Bir də bu qapıya gəlmə…
Mənsub olduğu dövlətin əsgəri olmuş Rövşən üzərinə düşən borcu şərəflə yerinə yetirərkən sağlamlığını qurban vermiş vətəndaşdır. Onu qınamaq cəsarətini özümdə tapdığıma görə ikinci dəfə özümü danlayıram. …İkinci müsahibim çox gəncdi. Bu oğlan Rövşəndən fərqlidir. Çünki ən azından dünyanı öz rənglərində görə bilir. Gözləri və əlləri sağ-salamatdır. Tank əleyhinə mina onun təkcə ayaqlarını qoparıb. Evlidir. Əlillər evində yaşayıb. Sonra Qarabağ əlillərinə ev payından biri də Mahirin qismətinə düşüb. Gözəl ailəsi, uşaqları var. Çəkməçilik edir. Qazancı pis deyil. Əlillik təqaüdü, əlavə maddi yardımlar. Mahirlə söhbətim alınmır. Ehtiyat edirəm ki, burda da qapını göstərib bir də gəlmə desinlər. Ona görə də, vəziyyətindən yox, müharibədən danışmaq istəyirəm.
Şuşa ətrafında olub. Neçə qanlı döyüşdən sağ çıxıb, amma gözlənilmədən minaya düşüb. Dəstə üçün ərzaq gətirməyə gedibmişlər.
-Biz az günahkar hiss edirəm özümü. Niyə döyüşdə olmadı bu? Üstəlik bizim döyüşdüyümüz torpaqları düşmənə satdılar. Mən, bilirsən, neyniyərdim bu satqınları? Öldürməzdim, birinin qolunu, birinin qıçını- (ürpəndiyimi görüb dayanır, münasib bir söz axtarır)- amputasiya edib deyərdim gedin yaşayın. Bilirsən də, amputasiya nədir, mən orda olanda həkim hər gün bu əməliyyata girirdi…

– Çətin deyil?
– Əvvəllər…Artıq vərdiş eləmişik. İndi protezləri xaricdən gətirirlər, heç öz ayağından fərqlənmir- gülür- təzə-təzə bir də görürdün dostlarımdan biri gəlib ki, protezini ver, bu gün qonaq gedəcəm. İndi hamımıza gətirirlər. Ən yaxşıları Almaniyanın istehsalıdır. Xeyli susub durur – Həmişə təəssüf edirəm ki, sabah müharibə başlasa, mən oraya qayıda bilməyəcəm.
-İntiqamını almaq üçün?
-Yox, Qarabağ bizim taleyimizdir. Orda həm də bizim canımızdan nəsə qalıb, axı…Mən bir azərbaycanlının belə o torpaqların taleyinə biganə qaldığına inana bilmərəm. Amma bizim sizdən bir fərqimiz var. Bizim qanımız tökülüb ora, biz canımızın yarısını orda qoyub gəlmişik. O torpaqlar həm də bizim bir hissəmizə çevriliblər.
Düşünürəm ki, hər bir insan özü boyda torpaq parçasıdır. Bəlkə buna görə insan dünyaya gəldiyi məkana ölümünə yaxın daha çox can atır? Canının yarısı dəfn edilmiş, hissəciklərinə, zərrəsinə çevrilmiş torpaqlar azad edilməyincə bizim bu gün Qarabağ əlilləri dediyimiz bu insanlar bütöv, tam ola bilməyəcəklər.

-Bəs Mereseyev? Onun protezləri adi taxtadan idi ki.
-Sovet təyyarəçisini deyirsən? Bilmirəm, bəlkə adam cəhd eləsə, hər şey eləyə bilər. Cəmiyyətin münasibəti də insan həyatında böyük rol oynayır. Mən xəstəxanadan çıxanda qardaşım dalımca gəlmişdi. Məni qucaqlarına alıb maşına qoydular. Qarşı binanın qabağında bəzək-düzəyi göz qamaşdıran gəlin maşını dayanmışdı. Bilirsən, eləbil bu boyda müharibənin heç kimə dəxli yox idi. Cəmiyyət duyğularından məhrum olmuşdu, nəydi. Heç ayaqlarımı itirdiyimi biləndə mənə belə təsir etməmişdi. Musiqi səsini eşidəndə hönkürüb ağlamağa başladım. Tez iynə vurdular, dərman içirtdilər, elə bilirdilər əsəblərim korlanıb.
Susmaqdan başqa əlacım yoxdu. O isə getdikcə əsəbləşir:
-Televiziyada bizə aid bir veriliş görürsən? Yox! Bəs qəzetlərdə? -ağzımı açmağa imkan vermir – sən də müsabiqəyə görə gəlmisən. Biz heç kimin yadına düşmürük. Yardıma görə demirəm, hökümət bizə hər cür yardım göstərir. Evlə, maşınla təmin olunmuşuq, müalicələrimiz pulsuzdur. Amma cəmiyyətin öz tələbi olmalıdır, axı. Şikəst də olsam, bu cəmiyyətə nə üçün lazım olduğumu bilməliyəm, elə biz hamımız. İstəyirik ki, bizdən tələb etsinlər, hansısa işə yaradığımızı bilək. Döyüşməyi bacarmışıqsa, bunu da bacararıq…
Daha danışmıram. Xətrimə dəysə də, haqlıdı…
…Cəlb edildiyimiz müharibələrin nə Pavel Korçagini, nə Aleksey Mereseyevi yaranmayıb. Nə həyatda, nə ədəbiyyatımızda…

(c) 2018. IEPF