Qaçqın və məcburi köçkün jurnalistlər BAMF-da bir araya gəldilər

21.04.2009 · 1323 baxış

qacqin-vejurnalistlerKütləvi informasiya vasitələrində çalışan bir qrup qaçqın və məcburi köçkün jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) bir araya gəliblər. Onlar Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarından didərgin düşmüş jurnalistlərin problemlərini birlikdə müzakirə ediblər. Tədbirə qatılan həm Ermənistandan, həm də Qarabağdan olan qaçqın və məcburi köçkün jurnalistlər çıxış edərək qarşılaşdıqları problemlərdən və onun çıxış yollarından danışıblar.
BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini və şikayətlər komissiyasının rəhbəri Umud Rəhimoğlu qaçqın və məcburi köçkün jurnalistlərin bir araya gəlməsinin vacib olduğunu qeyd etdi. O, BAMF-ın Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE) ilə və digər beynəlxalq qurumlarla geniş əlaqəsindən danışarkən bunları deyib: “Bildiyiniz kimi, uzun illərdir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyada nüfuz sahibi olan bir çox beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir. Onlarla birgə layihələr həyata keçirir. Bu istiqamətdə bizim təşkilatın böyük təcrübəsi mövcuddur. Mən istəyirəm ki, bu təcrübədən və beynəlxalq əlaqələrimizdən yararlanaraq qaçqın və məcburi köçkün jurnalistlərin bir çox problemlərinin həllinə, o cümlədən işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində aparılan işlərə öz töhfəmizi verək” .qacqinvejurnalistler-1
O, bu təbəqədən olan jurnalistləri fəal olmağa çağıraraq deyib: “Müəyyən yerli və beynəlxalq tədbirlərdə qaçqın və məcburi köçkünlərin problemlərini hamıdan yaxşı siz ifadə edə bilərsiniz, çünki bu dərdləri sizdən yaxşı heç kim bilmir. Ermənistanın törətdiyi vəhşilikləri, hər bir qaçqının və ya məcburi köçkünün yaşadığı faciəni siz də qələmə almayıb, bəs kim alacaq? Bütün bunlar sizli bizli qarşımızda duran əsas məsələdir”.
Görüşə qatılan jurnalistlər belə toplantıların səmərəli olacağını vurğulayıblar.

(c) 2018. IEPF