Bu mötəbər qurumun Baş katibi qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işlərə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib<br /> <br /> Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova Qaçqın və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) Baş katibi Bjarte Vandvikdən məktub gəlib. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən məlumat verilib. ECRE-nin Baş katibi məktubda 20 İyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı Azərbaycanda böyük bir tədbir keçirildiyinə və azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün görülən işlərə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib.
Bjarte Vandvik tədbirin keçirilməsində tərəfdaş təşkilat kimi çıxış edən BAMF-ın ECRE-nin üzvü olduğunu, mütəmadi olaraq onlarla Azərbaycandakı qaçqınların, məcburi köçkünlərin və sığınacaq axtaranların vəziyyəti barədə məlumat bölüşdüyünü qeyd edib. O, məktubda BAMF-ın fəaliyyətindən söz açaraq bu qurumun qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri təqdir edib.
Məktubda deyilir: “69 təşkilatı özündə birləşdirən ECRE şəbəkə vasitəsilə şərəf və ləyaqətə, insan haqlarına və həmrəylik etikasına əsaslanaraq sığınacaq axtaranların, qaçqın və məcburi köçkünlərin müdafiəsini və cəmiyyətə inteqrasiyasını həyata keçirir. Azərbaycanda qaçqın və sığınacaq axtaranların vəziyyətinin dəyərləndirilməsinə dair BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatına əsaslanan ECRE bu qrup insanlar barədə məlumatlıdır.
Daha sonra Baş katibin imzaladığı məktubda bunlar yazılıb: “Beynəlxalq Avrasiya Mətbuat Fondu həmişə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası şəbəkəsi çərçivəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinin dəstəklənməsinə üstünlük verir. Əsas məsələ qaçqın və məcburi köçkünlərin məskunlaşması və onların yaşayış tələblərinə cavab verən evlərdə yerləşməsi probleminin həlli yollarını tapmaqdır. Son illərdə Azərbaycan hökuməti bu istiqamətdə olduqca böyük işlər görmüşdür: məcburi köçkünlər üçün bir neçə yeni qəsəbələr tikilmiş və insanlar həmin qəsəbələrdə artıq məskunlaşmışlar. ECRE bu işi yüksək qiymətləndirir və öz ölkəsində məcburi köçkün taleyi yaşayan yüz minlərlə azərbaycanlıların köçkünlük həyatına son qoyulmasının həlli yollarının yaxın gələcəkdə tapılacağına ümid edir”.
Məktub Ə. Həsənovun dərkənarı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarova, ədliyyə naziri Fikrət Məmmədova, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova, təhsil naziri Misir Mərdanova, Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimova, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Arun Sala-Nqarmaya da ünvanlanıb.
BAMF-ın informasiya
depatramenti
