Qarabağ İctimai Forumunun apardığı sorğunun nəticələri cəmiyyətə təqdim olundu

15.10.2010 · 1494 baxış

Respondentlərin rəyinə görə, Heydər Əliyev Fondu və Mehriban Əliyeva Qarabağla bağlı daha çox iş görür<br /> <br /> Bu gün “Park İnn” otelində Qarabağ İctimai Forumu (QİF) tərəfindən vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə münasibəti öyrənmək üçün QHT, KİV və ictimaiyyət arasında bu ilin iyul- sentyabr aylarında aparılan sorğunun nəticələri media mənsublarına təqdim olunub. QİF-in informasiya departamentindən verilən məlumata görə, təhlil edilən sorğunun ilkin nəticələrinə tanınmış sosioloq Əhməd Qəşəmoğlu və işçi qrupu tərəfindən verilmiş rəy və nəticələri əvvəlcə QİF-in İdarə Heyyətində təsdiq edilmişdir.

Qarabağ İctimai Forumunun sədri Umud Rəhimoğlu min nəfərə yaxın respondent arasında aparılan sorğunun nəticələri barədə təqdimat mərasiminə toplaşanlara ətraflı məlumat verdi. Verilən məlumata əsasən bəlli oldu ki, rəyi öyrənilən respondentlərin böyük əksəriyyətini Qarabağ problemi ilə bağlı aparılan təbliğat işi qane etmir. U.Rəhimoğlu daha sonra tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Qarabağ probleminin həlli istiqamətində görülən təbliğat işlərində fəallıq göstərən qurumlar sırasında isə respondentlər daha çox Heydər Əliyev Fondunun, onun prezidenti, millət vəkili xanım Mehriban Əliyevanın adını çəkib. İkinci və üçüncü yerlərdə isə Dünya Azərbaycanlıları Konqresi və Qarabağ Azadlıq Təşkilatı qərarlaşıb. Respondentlər bunlarla yanaşı bir sıra qurumların, eləcə də ayrı-ayrı nüfuzlu ziyalıların adlarını qeyd ediblər.

Tədbirdə ekspert Əhməd Qəşəmoğlu çıxış edərək Qarabağ problemi ilə bağlı sorğunun aparılmasını Azərbaycanın taleyüklü bu məsələsində böyük önəm kəsb etdiyini və sorğunun nəticələrinə əsalanaraq yeni fəaliyyət planı hazırlamağın zəruriliyini vurğuladı. QİF-in üzvü, millət vəkili Cəmil Həsənli Qarabağ probleminin həlli yollarında aparılan təbliğat işlərində ictimaiyyətin fikrini, mövqeyini öyrənmək və cəmiyyəti bu problem ətrafında daim hərəkətə gətirmək üçün bu cür sorğuların əhəmiyyətindən danışdı. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz çıxışçında bildirdi ki, Qarabağ problemi ilə bağlı aparılan təbliğat işinin sorğu zamanı rəyi soruşulanları qane etməməsi və problemin həllində dövlətin daha çox məsuliyyət daşımasını qeyd etməsi əslində yaxşı haldır və bu o deməkdir xalq Qarabağ probleminin həlli ilə bağlı narahatdır.

Qeyd edək ki, QİF 24 iyun 2010-cu ildə ölkənin aparıcı QHT-lərinin rəhbərləri, tanınmış ziyalılar və millət vəkilləri tərəfindən təsis olunmuş, Forumun əsasnaməsi qəbul edilmişdir.

Vətəndaş Cəmiyyəti İnstitutlarının Qarabağ məsələsi ilə bağlı apardığı
təbliğat işinə QHT, KİV və ictimai fəallığı ilə seçilən bir qrup şəxsin
münasibətini öyrənmək məqsədi ilə Qarabağ İctimai Forumu
tərəfindən keçirilmiş sorğunun ilkin nəticələri

T Ə H L İ L

Sorğuda 973 nəfər iştirak etmişdir. Onlardan 48,5% – i qadın, 51,5% – i isə kişilərdir. Respondentlərin 26% – i 18-35 yaşında, 38,5% i 35-50 yaşında, 35,5 % i isə 50 yaşından yuxarı olmuşdur.
Sorğunun əsas məqsədi: QHT, KİV və ictimai fəallığı ilə seçilən bir qrup şəxsin Vətəndaş Cəmiyyəti İnstitutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə münasibətin öyrənilməsi

Qarabağ problemilə bağlı aparılan təbliğat işi Sorğuda iştirak edilənlərin 54%-ni qane etmir, 27,5%-ni isə təbliğat sahəsindəki mövcud vəziyyət qane edir. Rəyi soruşulanların 18,5%-i bu təbliğat işinin qismən qənaətləndirici olduğunu bildirir. Nəticələrdən göründüyü kimi sorğuda iştirak edənlərin əksəriyyətini indiki vəziyyət qane etmir. Onlar öz növbəsində təbliğat işinin yaxşılaşması, indiki vəziyyətin ortadan götürülməsi üçün konkret təkliflər vermişlər. Respondentlərin 55,5%-nin fikrincə, Qarabağ problemi ətrafında təbliğat işini gücləndirmək üçün elektron KİV-lərin imkanlarından geniş istifadə etmək vacibdir. Onlar belə hesab edirlər ki, internetdə Qarabağ problemilə bağlı çoxsaylı xəbər saytları yaradılmalıdır. 39,5% isə belə düşünür ki, bu sahədə müxtəlif nəşrlərin hazırlanması faydalı olar. Rəyi soruşulanların 27,5%-i Qarabağ problemilə bağlı təbliğatın güclənməsi üçün Azərbaycanda və xarici ölkələrdə beynəlxalq səviyyəli konfransların keçirilməsini vacib hesab edir. 25,5%-in fikrincə, bu sahədə Qarabağla bağlı müxtəlif filmlərin çəkilməsi və xaricdə göstərilməsi lazımdır. 21,2% respondent isə düşünür ki, Qarabağ uğrunda gedən müharibəni əks etdirən qısametrajlı filmlər çəkilməli və internetdə yerləşdirilməlidir. 18,8% Qarabağın tarixilə bağlı müxtəlif portalların yaradılmasını təklif edir. Konqresmenlər, senatorlar və parlamentarlarla ciddi iş aparılmasının vacibliyini 16,5% deyib.

Alınan cavablar onu göstərir ki, respondentlər təbliğat işinin yüksəldilməsində daha çox informasiya vasitələrinin yaradılmasına və yayılmasına üstünlük verirlər. Bu sahədə isə ən çox üstünlük verilən elektron vasitələrdir. Çox yaxşı haldır ki, artıq Azərbaycanda elektron vasitələr sahəsində kifayət qədər yüksək ixtisaslı mütəxəssislərimiz, təşkilatlarımız var. Amma bu işi təkcə onların öhdəsinə buraxmaq düzgün olmazdı. Hökmən Qaragbağ problemini dərindən bilən tarixçilər, siyasətçilər, QHT və KİV nümayəndələri, müxtəlif sahələrdəki ziyalılar elektron vasitələr sahəsində çalışan mütəxəssislərlə birlikdə çalışmalıdırlar.

Sorğuda iştirak edənlərin 58,9%-ni vətəndaş cəmiyyəti institutlarının Qarabağ problemilə bağlı həyata keçirdikləri layihələr qane etmir. 22,8%-ni isə belə layihələr qismən qane edir. Bu institutların həyata keçirdikləri layihələr rəyi soruşulanların yalnız 18,3%-ni qane edir.

Qeyd. Amma bir məsələni də hökmən qeyd etmək lazımdır. Sonradan topladığımız informasiyalar nəticəsində aydınlaşdı ki, rəyi soruşulanların bir çoxunun bu lahiyələr barədə lazımı qədər informasiyaları yoxdur. Burada iki problem üzə çıxır. 1) Həyata keçirilən layihələr barədə ictimaiyyətin məlumatlandırılması; 2) Həmin layihələrin icra olunmasının keyfiyyəti. İndiki vaxtda Qarabağ problemi ətrafında təbliğatı gücləndirmək üçün daha ciddi, əhatəli layihələr həyata keçirilməli və onlar barədə ictimaiyyətə geniş məlumat verilməlidir.

Rəyi soruşulanların 29,5%-i Qarabağ probleminin həllini daha çox dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların birgə fəaliyyətindən gözləyir. 23,4 % isə problemin həllini dövlət, vətəndaş cəmiyyəti və dünyanın aparıcı dövlətlərinin birgə fəaliyyətindən gözləyir. Yalnız dövlət və vətandaş cəmiyyətlərinin birgə fəliyyətinin bu problemin həllinə kömək edcəyini düşünənlərin sayı 17,5 %-dir. Dövlətimizin təkbaşına bu problemin həll edəcəyinə inanalar 20% təşkil edir. Beynəlxalq təşkilatların problemin həllinə nail olacaqlarına inananlar isə 10,3%-dir. Göründüyü kimi, Qarabağ probleminin həllinə müəyyən qədər pessimist münasibət vardır. Bu baxımdan indiki zamanda Qarabağ probleminin həlli ilə bağlı ciddi elmi əsaslarla, sistemli, kompleks yanaşma metodları ilə əməli Fəaliyyət Proqramının hazırlanmasına olduqca böyük ehtiyac vardır.

Sorğuda iştirak edənlərin 63,2%-i Qarabağ probleminin həllinə dair indiyə qədər görülən işlər sırasında dövlətlərarası danışqların prioritet məqsədlərə xidətmət etdiyini, 43,4% portallar və saytların bu sahədəki əhəmiyyətini, 32,5% sənədli filmlərin, 29,1% yerli və beynəlxalq konfransların, dəyirmi masaların işni qeyd etmişdir. 21,5% nəşrlərin, 11,5% xalq diplomatiyasının üstün məqsədlərə xidmət etdiyini göstərmişdir. 77,5% göstərmişdir ki, bütün istiqamətlər üzrə aparılan işlər Qarabağ probleminin həllinə dair prioritet məqsədlərə xidmət edir.

Bu nəticələrdə diqqəti çəkən məsələlərdən biri xalq diplomatiyasının fəaliyyətinə münasibətdir. Deməli, Qarabağ problemilə bağlı fəaliyyətdə xalq diplomatiyası sahəsində işlərin xeyli güclənməsinə diqqət vermək zərurəti vardır.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində KİV-lərin və vətəndaş cəmiyyətlərinin fəaliyyəti respondetlərin cəmi 28,5%-ni qane edir. 21,4%-ni isə onların fəaliyyəti qismən qane edir. Rəyi soruşulanların 50,5%-i bu fəaliyyəti qənaətləndirici hesab etmir. Bu fakt bir daha KİV-lərin və vətəndaş cəmiyyətinin Qarabağla bağlı fəaliyyətlərinin xeyli zəif olduğunu göstərir. Halbuki Qarabağ probleminin danışıqlar yolu ilə həlli prosesində KİV və vətəndaş cəmiyyətlərinin öhdəsinə olduqca çox işlər düşür.

Qarabağ müharibəsindən zərər çəkmiş insanların hüquqlarının beynəlxalq səviyyədə qorunmasında QHT-lərin rolunu yaxşı qiymətləndirənlər cəmi 10,8%-dir. QHT-lərin rolunu kafi qiymətləndirənlər isə 38,1 %-dir. Olduqca diqqəti çəkən haldır ki, QHT-lərin rolunu pis qiymətləndirənlər xeyli çoxdur-51,1%-dir. Fakt olduqca həyacanlandırıcıdır. Bütün dünyadan Qarabağ probleminin həllinə, müharibədə zərər çəkən insanların hüquqlarının qorunmasına kömək gözlədiyimiz halda, öz QHT-lərimizin rolu bu sahədə qeyri-qənaətbəxşdir. Ciddi şəkildə QHT-lərin bu sahədəki fəaliyyətlərinin zəif olmasının səbəbləri araşdırılmalı və mövcud vəziyyət aradan götürülməlidir. Yeri gəlmişkən qeyd edək ki, doğma yurdlarından didərgin düşmüş insanların Qarabağ probleminin həllinə daha aktiv qoşulması üçün müəyyən işlər aparılmasına da ciddi ehtiyac var.

Sorğu aparılarkən, eyni zamanda, hər bir respondentdən Qarabağ probleminin Azərbaycanın mənafeyinə uyğun həlli üçün ən vacib işlərin hansılar olduğu soruşulmuşdur. Alınmış cavabları aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Qarabağ probleminin həllində dövlətlə yanaşı, bütövlükdə cəmiyyətin də məsuliyyətinin dərk edilməsi;
2. Parlamentlərə arası əlaqələrin inkişaf etdirilməsi və Azərrbaycanın beynəlxalq qurumlarda mövqelərinin möhkəmləndirilməsi
3.Azərbaycan və Türkiyə diasporunun sistemli və ardıcıl fəaliyyəti, onun koordinasiyası;
4.Azərbaycan-Türkiyə dövlətlərinin strateji müttəfiqliyi nəticəsində Ermənistanın tarixi boyu türk xalqına qarşı apardığı təcavüzkar siyasətinin beynəlxalq aləmdə ifşa edilməsi; Rusiya Federasiyasının və ABŞ-ın siyasi dairələri ilə daha fəal əlaqələrin qurulması.
5.Ordu quruculuğunu inkişaf etdirmək, milli birliyə nail olmaq və vətənpərvərlik ruhunun artırılması, işğal altında olan ərazilərimizin azad olunması üçün hərbi əməliyyatlara başlamaq
6. Cəmiyyətimizin demokratikləşməsi
7.Təhsilin səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatımızın daha da gücləndirilməsi
8. Problemin danışıqlar yolu ilə daha konstruktiv şəkildə davam etdirilməsi

Eyni zamanda, respondentlərdən Qarabağ məsələsilə bağlı daha aktiv fəaliyyət göstərən qeyri-hökümət təşkilatları və ziyalıların adları da soruşulmuşdur. Qarabağ məsələsi ilə bağlı daha aktiv fəaliyyət göstərən təşkilat kimi respondentlərin 75,5 faizi Heydər Əliyev Fondunu və Fondun Prezidenti Mehriban Əliyevanın adını çəkiblər. Dünya Azərbaycanlıların Konqresi və onun rəhbəri xalq şairi Sabir Rüstəmxanlının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirənlər 41 %, Qarabağ Azadlıq Təşkilatının fəaliyyətini dəyərləndirənlər isə 31,5 % təşkil edir.
Rəyi soruşulanların 29 %-i Dağlıq Qarabağın Azərbaycanlı İcmasının, 24,5 %-i professor Cəmil Həsənlinin, 23,5 %-i Azərbaycanın və Türkiyənin Diaspora Təşkilatlarının, 22 %-i Qarabağ Qaziləri Birliyinin, 21 %-i Azərbaycan Milli QHT Forumunun və 20,5 %-i İnam Plüralizm Mərkəzinin Qarabağ məsələsilə bağlı səmərəli fəaliyyət göstərdiklərini bildiriblər.

QEYD: Respondentlər sorğu zamanı “İrəli” təşkilatının, televiziya kanallarından ANS-in, İTVnin, AzTV-nin, millət vəkili Qənirə Paşayevanın, politoloqlardan Vəfa Quluzadənin, Rasim Musabəyovun və digərlərinin də adlarını qeyd ediblər.

QİF-in informasiya departamenti

(c) 2018. IEPF