Umud Rəhimoğlu:“QHT sektorunda çalışmaq həm məsuliyyətli, həm də şərəfli bir işdir”<br /> <br /> <br /> Müsahibimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğludur.<br /> <br /> Öncə qeyd edək ki, U.Rəhimoğlunun rəhbəri olduğu BAMF Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər, yaradıcı ziyalılar və xalq diplomatları tərəfindən yaradılmış və 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq təşkilatdır. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BAMF-ın əsas dörd fəaliyyət istiqamətləri var: media və vətəndaş cəmiyyətinin inkişafı; qaçqınlar və məcburi köçkünlərin problemləri; böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfliktologiya; icmanın inkişafı.
BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradıcılarındandır. Bu gün baş ofisi Bakı şəhərində yerləşən BAMF özünün beynəlxalq təcrübəsinə, ciddi və nüfuzlu tərəfdaşlarına, səriştəli kadr potensialına, maddi-texniki bazasına görə regionda tanınmış qeyri-hökumət təşkilatlarından birinə çevrilib və onun Rusiyada, Baltikyanı respublikalarda şöbələri, dünyanın bir sıra ölkələrində təmsilçiləri var.
Onu da qeyd edək ki, təşkilatın Tərtər, Füzuli və Ağstafa rayonlarında regional ofisləri fəaliyyət göstərir.
– Umud müəllim, Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də separatçı rejim “seçki” keçirdi. Bu məsələyə münasibətinizi bilmək istərdik.
– Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyi mayın 23-də Dağlıq Qarabağda separatçı rejim tərəfindən “seçki” keçirilməsindən çox narahatdır. Belə bir həssas məqamda separatçı rejim tərəfindən “seçki” oyununun ortaya atılması bir daha onu göstərir ki, Ermənistan bu problemin dinc yolla həllində maraqlı deyil. Bu səbəbdən də ermənilər hər dəfə danışıqların real müzakirəsi ərəfəsində ortaya nəsə bir bəhanə və yaxud “seçki” oyununu atır. Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların, görüşlərin intensivləşdiyi bir vaxtda işğalçı rejimin belə bir addım atması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənməlidir. İstər BMT, istərsə də digər nüfuzlu beynəlxalq güclər tərəfindən hər hansı ciddi sanksiyalarla üzləşməyən Ermənistan və separatçı rejim özünü daha arxayın aparır, özünün işğalçılıq siyasətini davam etdirir. Bu da Dağlıq Qarabağ probleminin həllinə mane olan əsas faktorlardandır. Bildiyiniz kimi, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın vətəndaşımız uzun illərdir ki, ağır məhrumiyyətlərlə məcburi köçkün və qaçqın həyatı yaşamaqdadır. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, nəhayət, həqiqəti anlamalı və Cənubi Qafqazda demokratiyanın, insan haqlarının qorunmasında ən böyük maneə olan Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və separatçı rejimə qarşı sanksiyalar tətbiq etmək üçün konkret addımlar atmalıdır.
– Son dövrdə həyata keçirdiyiniz layihələrlə bağlı məlumat verərdiniz.
-Ümumiyyətlə, BAMF özünün fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif layihələr həyata keçirir. Bu gün vətəndaş cəmiyyəti istiqamətində olan, media ilə bağlı layihələrdən birini xüsusilə qeyd etmək istəyirəm. Bu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Etik jurnalistika təşəbbüsü-Azərbaycan” layihəsidir. Layihə dörd təşkilatın – Beynəlxalq Avrasiya Mətbuat Fondu, Jurnalist Həmkarlar İttifaqı, “Ruh” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi və Demokratik Jurnalistlər Liqasının birgə formalaşdırdığı “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası” tərəfindən həyata keçirilir. Bu ilin əvvəlindən başlayan layihə bütövlükdə Azərbaycan mediası üçün faydalı olacaqdır. Dünya Bankının maliyyə dəstəyi ilə 2009-cu ilin yanvar ayından həyata keçirilən “Ortaq məktəblərdə yerli-məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin gücləndirilməsi və stimullaşdırılması” layihəsinin icrası 2011-ci ilin dekab ayınadək davam edəcək. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihə Bakı, Sumqayıt, Xırdalan və Şirvan şəhərlərində məcburi köçkün şagirdlərin də təhsil aldığı 35 ortaq məktəbi əhatə edir. İndiyədək layihəyə 22 ortaq təhsil ocağı cəlb olunub. Təqdir olunmalı haldır ki, ortaq məktəbin hər birinə dəyəri 6 min ABŞ dolları olan kiçik qrantlar ayrılıb. Bu qrant layihələri çərçivəsində məktəblərə idman avadanlığı, musiqi alətləri, kompyuter dəstləri, o cümlədən ortaq məktəb şagirdlərinin birgə istifadə edə biləcəyi digər avadanlığın alınması nəzərdə tutulur. Artıq doqquz məktəbdə bu qrant layihələri həyata keçirilib. 13 məktəbdən təqdim edilmiş layihələr isə seçim komissiyası tərəfindən qəbul edilib və artıq icra ərəfəsindədir. Növbəti tədris ilində isə layihəyə daha 13 ortaq məktəb cəlb olunacaq.
Qaçqınlar və məcburi köçkünlərlə bağlı digər layihəmiz isə BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirilir. Biz BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının ayırdığı yardımları Füzuli və Tərtər rayonlarında yaşayan qaçqın və məcburi köçkün ailələrə paylayırıq.
Böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfliktologiya məsələlərinin həllini də daim diqqət mərkəzində saxlayırıq. Bu istiqamətdə indiyədək onlarla layihə həyata keçirmişik. Keçən ilin iyul ayından ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlimi mərkəzinin (PTM) yaradılması” layihəsi icra olunur. Bu ilin mart ayının 30-da layihə çərçivəsində inşa edilən Tərtər Regional Peşə Təlimi Mərkəzinin üçmərtəbəli binasının yüksək səviyyədə açılış mərasimi oldu. Tədbirdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Katerin Beyker, ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Maykl Qant, Azərbaycan Respublikası Nazirlər Kabinetinin nümayəndəsi Aqşin Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, ANAMA-nın informasiya departamentinin rəhbəri Murad Rəhimov, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir, habelə müxtəlif beynəlxalq və yerli QHT-lərin nümayəndələri, mina qurbanları və onların ailə üzvləri, qaçqınların və məcburi köçkünlərin, ictimaiyyətin nümayəndələri iştirak edib. Hazırda layihə ilə bağlı bizim iki istiqamətdə – mərkəzin genişləndirilməsi və təlimlərin keçirilməsi işləri görülür. Ümumilikdə bu layihə çərçivəsində təlimlərə cəlb olunacaq 64 nəfər müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri, mina qurbanları, aztəminatlı ailələr, qaçqınlar və məcburi köçkünlərə təlimlər keçiriləcək. Hazırda mərkəzdə 32 nəfərə 4 istiqamətdə – xalçaçılıq, çörəkbişirmə, tingçilik və kompyuter-dizayner peşələrinin sirləri öyrədilir. Təlimlər başa çatdıqdan sonra BAMF onların işlə təmin olunmasına dəstək verəcək. Digər tərəfdən, BAMF-ın təsisçiliyi ilə yaradılan “Avrasiya-kredit” Məhdud Məsuliyyətli Cəmiyət tərəfindən müharibədən zərər çəkən regionlarda kiçik kreditlərin verilməsi həyata keçirilir ki, bu da kiçik biznesin inkişafında, regionda fəaliyyət göstərən insanların həyat tərzinin yaxşılaşdırılmasında, işsizliyin aradan qaldırılmasında mühüm önəm daşıyır. Bu ilin əvvəlindən təşkilatımız BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə müxtəlif layihələr həyata keçirməyə başlayıb və bu layihələrimiz il boyu davam etdiriləcək.
– Beynəlxalq Avrasiya Mətbuat Fondu daha çox Azərbaycanın münaqişə zonalarında fəaliyyətə üstünlük verir…
– Bəli, BAMF yarandığı gündən əsasən münaqişə bölgəsində fəaliyyət göstərib. Missiyamız münaqişə bölgələri ilə bağlı obyektiv informasiyaların yayılması və bu vasitə ilə də konfliktin aradan qaldırılmasına yardım göstərmək olub. Tale elə gətirdi ki, bizim fəaliyyətimiz regionlarla daha çox bağlı olduğuna görə insanların ehtiyaclarına biganə qala bilməmişik. Biz bu insanların problemlərini araşdırıb təhlil apardıq. BAMF öz əsas missiyası ilə yanaşı yaralının dərman ehtiyacını ödəməyə çalışdı, evsizin ev problemini həll etməyə yardımçı oldu və sairə… İnsanların yaşadığı münaqişə yerlərində mina partlayışlarının nəticələrinin şahidi olduğumuzdan bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində də fəaliyyət göstərdik. Buna görə də BAMF zaman-zaman şaxələndi, inkişaf etdi. Bu gün faktiki olaraq BAMF-da bir təşkilatın çətiri altında bir neçə təşkilatın fəaliyyəti müşahidə olunur. Hazırda irili-xırdalı təxminən 10-a yaxın layihəmiz var. Amma təxminən il ərzində bu layihələrin sayı dəyişə də bilər. Çünki BAMF-ın proqram departamenti ilə hər gün yeni ideyaları müzakirə edirik. Yeni iş və proqramlar haqqında axtarışlar aparır və çalışırıq ki, bu layihələr Azərbaycanda həyata keçirilməklə vətəndaşlarımıza fayda gətirsin. Yəni real olaraq icra olunsun və insanlarımız da onlardan real fayda götürsünlər.
– Belə görünür ki, təşkilatınız nüfuzlu beynəlxalq təşkilatlar və donorlarla sıx əməkdaşlıq edir. Əslində Azərbaycanda əksər təşkilatlara bu cür əlaqələr yaratmaq və intensiv olaraq beynəlxalq qurumlarla əməkdaşlıq etmək müyəssər olmayıb. Bu baxımdan sizin beynəlxalq təşkilatlar və donorlarla əməkdaşlıq məsələsinin asan və çətin tərəfləri ilə bağlı fikirlərinizi bilmək maraqlıdır.
– Bəli, biz beynəlxalq qurumlarla çox ciddi əməkdaşlıq edirik. Faktiki olaraq BAMF Azərbaycanda fəaliyyət göstərən ilk qeyri-hökumət təşkilatlarından biridir. Əslində təşkilatı ərsəyə gətirmək yolunda çox çətinlikləri, məhrumiyyətləri adlamalı olduq. Ümumiyyətlə, QHT sahəsində fəaliyyət göstərmək istəyən insan hər şeyə hazır olmalıdır. QHT sektorunda çalışmaq həm məsuliyyətli, həm də şərəfli bir işdir. Üçüncü sektora gələn insanların bəziləri daha çox qazanmaq haqqında düşünürlər. Amma bu strukturda əgər nəyi isə xərcləməsən, nəyi isə verməsən, heç nə əldə edə bilməzsən. Yəni bizim günlərlə, aylarla, illərlə çarpışdığımız, həyata keçirmək istədiyimiz niyyətlərimiz olub ki, son anda uğurla nəticələnməyib. Amma biz bunlardan usanmamışıq. Təkrar olunan uğursuzluqlardan sonra hədəfimizin ardınca bir də baş vurmağa çalışmışıq və sonda bizim bu cəhdlərimiz öz nəticəsini verib. Yuxarıda qeyd etdiyim kimi, biz hazırda BMT-nin Sosial-İqtisadi Şurasının QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvüyük. Bizim bu statusu əldə etməmiz üçün çoxlu yazışmalarımız oldu. Onların üzvlük üçün cavab istədikləri çoxlu sualların hər birinə dözümlə, səbirlə cavablar yazırdıq və BMT-nin Baş ofisinə – Nyu-Yorka göndərirdik. Son yazışmalar zamanı bizə bir məktub daxil oldu. Yazılırdı ki, bütün suallarımızı təmkin və səbirlə cavablandırdığınıza görə sizə təşəkkürümüzü bildiririk. Eyni zamanda, şad bir xəbəri də çatdırırıq ki, üzvlüyünüzü rəsmiləşdirmək üçün sizi Nyu-Yorka dəvət edirik. Deməli, bu prosesdə – QHT fəaliyyətində gərək dözüm ifadə etməyi bacarasan. QHT vətəndaş cəmiyyəti strukturudur. Yəni bütün dünyada vətəndaş cəmiyyətinin əsas atributu QHT-lərdir. Bu mənada QHT olaraq bu qurumda çalışan insan öz missiyasının nədən ibarət olduğunun fərqinə varmalıdır və burada çalışıb, hər şeydən öndə zəhmətin durduğunu dərk etməlidir.
Yeri gəlmişkən, onu da qeyd edim ki, təşkilatımızda həm yerli, həm də əcnəbi tələbələr təcrübədə olublar. Bu yaxınlarda bizim təşkilatla Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun tələbələri Beynəlxalq Avrasiya Mətbuat Fondunda təcrübə keçəcəklər.
2-Cİ HİSSƏ
“Qarabağ problemi məram və məqsədindən asılı olmayaraq hər bir qeyri-hökumət təşkilatının prioriteti olmalıdır”
Umud Rəhimoğlu: “Azərbaycan həqiqətlərini yaymaq üçün çox işlər görmək olar”
– Bəzən Azərbaycan üçüncü sektorunda beynəlxalq təşkilatlarla və donorlarla əməkdaşlıq məsələlərindən gileylənmə hallarına rast gəlinir. Yəni beynəlxalq təşkilatların bir çoxunun əməkdaşlığa həvəslə razılıq vermədiyi, hamıya açıq olmadığı barədə fikirlər var. Bu, nədən irəli gəlir?
– Beynəlxalq Avrasiya Mətbuat Fondu çoxlu sayda beynəlxalq qurumların üzvü və ya tərəfdaşıdır. Mən Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəriyəm. Bütün bunların hamısı qeyd etdiyim kimi, zəhmətdən, beynəlxalq qurumları inandırmaqdan keçib. İnandırmışıq ki, bizim hədəfimiz həqiqətən də vətəndaş cəmiyyətinə xidmət etmək və bu istiqamətdə intensiv, fasiləsiz fəaliyyət göstərməkdən ibarətdir. Bu mənada mən təcrübədən çıxış edib deyirəm ki, qınamaq lazım gələndə hər kəs özünü qınamalıdır. Bilirsiniz, Azərbaycan cəmiyyətində çox xoşagəlməz bir tendensiya var. Qrantın nə olduğunun fərqinə varmadan qrant verənləri qınayırlar. Qrant alanları isə satqınlar siyahısına salırlar. Yəni bunların hamısı həm də ola bilsin ki, indiki dövrün reallıqlarıdır. Amma reallıq əslində budur ki, Azərbaycan dünyanın ayrılmaz tərkib hissəsidir və bütün dünyada qəbul olunan, həyata keçirilən qaydalar bizim üçün də yad olmamalıdır. Biz bu prosesin içərisində fəaliyyət göstərməli, aktiv olmalıyıq. Bu gün Azərbaycan dünyanın aparıcı qurumlarına, Avropa Birliyinə, BMT-yə və digər beynəlxalq qurumlara üzvlüklə bağlı vəsaitlər köçürür, bir sıra qurumlara büdcədən maliyyə ayırır. Biz nə üçün bu vəsaitlərdən faydalanmayaq? Yəni bunun Azərbaycana təkrar dönüşündən faydalanmaq lazımdır. Bizim təşkilatda son 10 ildə 50-100 arası insan çalışır. Bu, həm də çoxlu sayda insanın normal məşğuliyyəti, işsizlik probleminin həllinə kömək deməkdir. Vergi ödəyicisi kimi Azərbaycan büdcəsinə xeyli ödənişlər həyata keçiririk. Biz iştirakçısı olduğumuz bütün tədbirlərdə Azərbaycanın haqq səsini ucadan deyirik, ölkəmizin haqqını tələb edirik. Millətin övladı olaraq, hökumətin bəzən deyə bilmədiyi fikirləri səsləndiririk. Bir az da daha qabarıq səsləndiririk. Bu cür mövqeyimizi həm BMT-nin, həm də digər qurumların tribunalarından səsləndirməkdəyik. Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik.
– Üçüncü sektorda son zamanlar hansı keyfiyyət dəyişikliklərini görürsünüz?
– Bildiyiniz kimi, artıq ölkəmizdə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb və fəaliyyət göstərir. Şura yarandığı vaxtdan az keçməsinə baxmayaraq, artıq üçüncü qrant müsabiqəsini reallaşdırıb. Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu artıq ikinci ildir ki, fəaliyyət göstərir. Bilirsiniz ki, KİV özü də vətəndaş cəmiyyətinin əsas atributlarından biridir. Bütün dünyada həm KİV, həm də QHT-lər vətəndaş cəmiyyətinin formalaşmasında həlledici rol oynayırlar. Bu baxımdan hər iki istiqamətdə bu gün ölkədə dövlət dəstəyi həyata keçirilir. Bəzən Şuranın, Fondun fəaliyyətini qınayanlar da olur. Bunlar təbiidir, yəni iş olan yerdə qınaqların olması da istisna deyil. Amma bütövlükdə götürəndə bir neçə il bundan öncə bu vacib sahələrə maliyyə ayrılmırdı. Ölkənin iqtisadi imkanları əvvəlcə buna yol vermirdi. Şükürlər olsun ki, son illərdə Azərbaycanın iqtisadi imkanları bu istiqamətə də diqqət yetirməyə imkan verir. Bu dəstək getdikcə inkişaf etdirilməkdədir. Biz vətəndaş cəmiyyətinə digər ölkələrdə göstərilən dəstək təcrübələri ilə bağlı Avropa timsalında mübadilələr həyata keçiririk. Bunlar da bizim yaxşı nə varsa onları əxz etməyimiz üçün faydası olan işlərdir.
– Milli donorçuluğu gücləndirmək üçün daha hansı işlər görülməlidir? Bunun üçün ölkədə fəaliyyət göstərən, gəlir əldə edən şirkətlər və korporasiyaları geniş miqyaslı əməkdaşlığa cəlb etmək üçün hansı effektli mexanizm fikirləşmək olar?
– Çox maraqlı məsələdir. Milli donorçuluğun inkişaf etdirilməsi çox vacib məqamlardan biridir. Bu gün Azərbaycanda kifayət qədər iş adamları fəaliyyət göstərir, milli sahibkarlıq institutu formalaşıb. Hesab edirəm ki, milli sahibkarlıq institutu və milli donorlarla Azərbaycan vətəndaş cəmiyyətinin birgə ansambl şəklində fəaliyyət göstərməsi böyük uğurlarımızdan birinə çevrilə bilər. Azərbaycanda sosial sahələrdə kifayət qədər problemlər var. Əsas problem təbii ki, işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Bununla yanaşı Azərbaycanda sosial yönümlü proqramların həyata keçirilməsinə çox böyük ehtiyac var. Ekoloji durumun son dövrlərdə dəyişkən olması bu istiqamətdə də həyata keçirilməli olan layihələrin aktual olduğunu göstərir. Hesab edirəm ki, millli donor institutu üçün lazımi qanunvericilik bazasının formalaşdırılması və milli donorların bu istiqamətdə həvəsləndirilməsi həm də hökumətin marağındadır.
– Hazırda QHT-lərdə daha çox hansı istiqamətlər üzrə ideya qıtlığı müşahidə olunur, üçüncü sektor təmsilçiləri hansı aktual sahələrə aid daha intensiv təşəbbüslərlə çıxış etməlidirlər?
– Bir şeyi deyə bilərəm ki, bu gün Azərbaycanda bizi həmişə düşündürən məsələlərdən biri Qarabağ probleminin həllidir. Problemin bu duruma gəlib çıxması məni bir vətəndaş olaraq çox qayğılandırır. Bu istiqamətdə əslində daha çox müxtəlif məmurlar hədəfə götürülür, qınanılır. Məncə, Qarabağ məsələsi məramından və məqsədindən asılı olmayaraq hər bir qeyri-hökumət təşkilatının prioriteti olmalıdır. Belə hesab edirəm ki, QHT-lərin görməli olduğu daha çox iş var. Bəzən biz passivlik edirik, kimdənsə ilk addımları atmağı gözləyirik. Bu məsələdə bir ələbaxımlılıq var. Bu psixologiyadan bir az uzaqlaşmaq lazımdır. QHT sektoruna gələn insan hər şeyə hazır olmalıdır. Bu gün internet deyilən bir texnologiya var ki, biz burada çox böyük bir savaş aça bilərik. Amma biz hələ də çox passivik. Düyməni basıb kompyuterdə Azərbaycan həqiqətlərini yaymaq üçün çox işlər görmək olar. Vacib deyil ki, silahla vuruşasan. Əlbəttə, bunun məqamı gələndə hamı silaha sarılmalıdır, indiki məqamda isə başqa formada bu savaş fasiləsiz davam etdirilməlidir. Bundan başqa sosial sahədə vəziyyəti yaxşılaşdırmaq üçün aktiv olmaq lazımdır, yeni və effekt gətirə biləcək ideyalarla çıxış edilməlidir. Əslində bu gün formalaşmaqda olan QHT-lər 10-15 il öncəyə baxmalı, hansı çətinliklərin olduğunu xatırlamalı və indiki əlverişli şəraitdən faydalanmağa çalışmalıdırlar.
İlkin AĞAYEV
”Palitra” qəzeti, 23-25 may 2010-cu il
