QHT Koalisiyası KİV-lərə diplomlar verib

20.11.2008 · 1381 baxış

525.az, Bakı, 19 Noy 2008 – Dünən [BAMF-ın akt zalında] “Seçki 2008” QHT Koalisiyası 15 oktyabr prezident seçkisinin işıqlandırılmasında KİV-lərin fəallığına dair apardığı monitorinqin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. “Seçki 2008” QHT Koalisiyasının koordinatoru, “İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi bildirib ki, medianın monitorinqi Koalisiyanın seçki dövründə gördüyü işlərin bir hissəsidir. Onun sözlərinə görə, monitorinqə 4 telekanal – AzTV, İTV, ANS, Lider, 3 onlayn resurs – Mediaforum.az, Lent.az, 1news.az və 9 qəzet – “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “Azadlıq”, “Yeni Müsavat”, “Novoye vremya”, “Şərq”, “525-ci qəzet”, “Zerkalo” cəlb edilib.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, bu il keçirilən seçkilər zamanı ölkə KİV-ləri əvvəlki analoji seçkilərdən yaxşı mənada fərqli davranıblar. Onun dediyinə görə, bu seçki müddətində qəzetlərdə təhqirlərə yol verilməyib, gerçəklikdən uzaq materiallar çap olunmayıb. A.Həsrət müşahidə zamanı bütün KİV-lərin daha çox etik normalar və jurnalistika standartları çərçivəsində davranmaları, seçki proseslərinə və namizədlərə yanaşmada tərəfsizlik etmələrinə diqqət yetirildiyini vurğulayıb: “Monitorinqin sonunda nəticə etibarı ilə qərara aldıq ki, seçilən media qurumlarına koalisiyanın diplomları ilə təltif edək. Çünki həqiqətən də bu seçkidə telekanallar içərisində İTV və ANS balanslaşdırma baxımdan monitorinqə cəlb edilən televiziyalardan fərqləndi. Eyni zamanda onlayn resurslar çox diqqət çəkəcək dərəcədə operativ şəkildə seçkidə özlərini göstərdilər. Mətbu orqanlarda eyni şəkildə balansılı, obyektiv və qərəzsiz olaraq materiallar dərc etdiriblər”.
Tədbirdə prezident seçkisi ilə bağlı tutduğu balanslı, obyektiv və tərəfsiz mövqeyinə, bütövlükdə seçki proseslərini geniş işıqlandırdığına, hər hansı namizədin lehinə və ya əleyhinə qərəzli təbliğata qoşulmadan xəbər və təhlillər yaydığına görə Koalisiyanın təltif etdiyi KİV-lərin adları açıqlanıb. Bunlar İTV, ANS TV, mediaforum.az, Lent.az, 1news.az onlayn resursları, “Azərbaycan”, “Yeni Müsavat”, “Novoye vremya”, “Şərq”, “525-ci qəzet” və “Zerkalo” qəzetləridir.

(c) 2018. IEPF