20 May 2014-cü il tarixdə BMT-nin İqtisadi Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) konfrans zalında “İqlim Dəyişikliyi və İnkişaf” Alyansı İqlim Dəyişikliyi üzrə Hökumətlər arası Panelin (İPCC) 5-ci Qiymətləndirmə Hesabatının 2-ci və 3-cü İşçi Qrupunun məlumatlarına dair Mətbuat üçün brifinq keçirilib. Tədbirə ev sahibliyi edən BAMF-ın sədri Umud Rəhimoğlu giriş sözü ilə qonaqları, eləcə də media nümayəndələrini salamlayaraq tədbirin mahiyyəti və bu istiqamətdə görülən işlər haqqında qısaca məlumat verib.
“İqlim Dəyişikliyi və İnkişaf ” QHT Alyansı bildirir ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) sonuncu hesabatları göstərir ki, iqlim dəyişikliyinin törədə biləcəyi fəlakətlərin qarşısını almaq mümkündür. Bunun üçün karbonla çirklənmənin təcili və uzunmüddətli dövr üçün azaldılması ən əsas şərt kimi göstərilib.
İPCC hesabatı tərəfindən təsdiqlənən məlumata görə iqlim dəyişikliyinin gələcəkdə törədəcəyi fəlakətlərin qarşısını almaq üçün dünya liderləri fəal olmalıdırlar
Dünyanın aparıcı iqlim mütəxəssisləri dünya ictimaiyyətinin iqlim dəyişikliyi nəticəsində artan risk şəraitində yaşamaq üçün qətiyyən hazır olmamaları barədə dövlətləri xəbərdar ediblər.
Yokohamada açıqlanan İPCC-nin V Qiymətləndirmə Hesabatının 2-ci hissəsində iqlim dəyişikliyinin bütün materik və okeanlarda həyata mənfi təsir göstərəcəyi barədə məlumat əksini tapıb. İqlim dəyişikliyi güclənir və temperatur artımı, daşqın, quraqlıq, ərzaq qıtlığı yaradır. Bunun nəticəsi olaraq yoxsul əhali sayının artması və xəstəliklərin yayılması kimi halların baş verməsi qaçılmazdır.
İPCC hesablamasına əsasən, inkişaf etməkdə olan ölkələrdə il ərzində adaptasiya tədbirləri 100 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti təşkil edəcəkdir. Amma bu rəqəmə pul ilə hesablana bilməyən mədəni irs, insnaların həyatı və biomüxtəliflik aid edilməyib.
Ekspetlər istixana effekti yaradan qazların azaldıması istiqamətində təcili tədbirlər görülmədiyi halda adaptasiya edilməyəcək qədər ciddi fəsadların baş verəcəyi barədə xəbərdar edirlər.
Alyansın koordinatoru Aytəkin Əsgərovanın sözlərinə görə, “Hesabata əsasən deyə bilərik ki, Azərbaycanda tempertaurun təxminən 5C qədər artacağı gözlənilir. Bu isə ölkəmizdə buzlaqların əriməsi, sel və daşqınların, Xəzər dənizinin səviyyəsinin artmasına gətirib çıxaracaqdır. Digər tərəfdən isə yarım-səhra zonada yerləşən ölkəmizdə quraqlıq nəticəsində torpaqların deqradasiyası, meşə landşaftının məhv olması, su resurslarının azalması kimi təhlükələr qaçılmazdır. Bunun nəticəsində isə əhalinin kənd-təsərrüfatı imkanları aşağı enəcək, sahilyanı ərazilərdə yaşayan əhali arasında isə infeksion xəstəliklərin yayılması halları və s. baş verəcəkdir. Bu kimi ağır nəticələrə isə cavab tədbirlərinin ləngiməsi gətirib çıxara bilər. Ən pis nəticələrin qarşısını almaq üçün aktiv fəaliyyət göstərmək lazımdır. Bunun üçün isə mövcud dövlət komissiyasını fəaliyyətinin aktivləşdirmək və ya bütün müvafiq qurumların da cəlb olunması ilə yeni çoxtərəfli Milli Komitə yaradılmalıdır.”
İPCC-nin V Qiymətləndirmə Hesabatının 3-cü hissəsi Berlində açıqlandı. Hesabatda uzunmüddətli perspektiv üçün mədən yanacaqlarını bərpa olunan enerji ilə əvəz olunmasının faydalarına xüsusi diqqət yetirilir. Ümumdünya enerji hasilatı sisteminin yaradılması ilə bərabər, İPCC iqlim dəyişikliyinə cavab tədbirləri olaraq başqa variantları da təklif edir. Bunlara enerjinin səmərəli istifadəsi, təmiz nəqliyyat və tikinti texnologiyalarına investisiyaların edilməsini misal göstərmək olar.
Hesabata görə iqlim dəyişikliyinin törədə biləcəyi ən pis təsirlərin qarşısını almaq üçün qarşısını almaq üçün, bütün dünya üzrə aşağı karbon və karbon olmayan enerji mənbələrindən istifadəni ən azı 2050-ci ilə qədər 3 dəfə artırmaq lazımdır. İPCC görə bu dəyişikliklərin maliyyələşdirilməsi üsulları belə olmalıdır: növbəti onilliklərdə çirkləndirici enerji mənbələrinə investisiya qlobal olaraq hər il 30 milyard ABŞ dolları azaldılmalıdır, əvəzində isə bərpaolunan enerji mənbələrinə investisiyalar en azı 2 dəfəf artırılmalıdır.
800 ekspertin üzərində işlədiyi İPCC 5-ci Qiymətləndirmə Hesabatının 3-cü hissəsi özündə son elmi tədqiqatların məlumatlarını birləşdirməklə dünya liderlərinə təzyiqi artırdı. Çünki, bu hesabatdan aydın oldu ki, tullantıların azaldılması çox ucuz başa gələ bilər və heç bir tədbirlər gösrməməklə müqayisədə daha effektiv ola bilər.
“Hesabat göstərir ki, iqlim məslələrində çıxış yolları mümkündür Alyansın koordinatoru Aytəkin Əsgərova qeyd etdi. “Amma nəzərə alsaq ki, iqlim dəyişikliyinə səbəb olan çirklənmə səviyyəsi daim artır, risklər çoxalır, belə halda təcili fəaliyytə başlamaq lazımdır və bərpa olunan enerji mənbələrində istifadəni tezləşdirmək və əhatə dairəsini genişlındirmək lazımdır. Bundan əlavə olaraq qeyd etməliyik ki, bərpaolunan enerjidən istifadənin enerji təhlükəsizliyi, yeni iş yerləri, davamlı biznes və sağlamlığın yaxşılaşması kimi faydaları vardır.”
Cari ilin sentyabrında BMT-nin Baş Katibinin təşəbbüsü ilə İqlim Dəyişikliyi ilə bağlı Sammit keçiriləcəkdir. Həmin Sammitdə ölkə rəhbərləri 2015-ci ildə Parisdə imzalanacaq yeni müqavilənin əsası olacaq birgə qərar qəbul etməlidirlər.
Tədbirdə İPCC üzrə milli koordinator ARDNŞ-nin Ekologiya idarəsinin Elm və texnika şöbəsinin rəisi Məhərrəm Mehtiyev IPCC İşçi Qrupları haqqında ətraflı məlumat verərək qeyd etdi ki, bundan əlavə olaraq tullantıların inventarlaşmasını aparan xüsusi qrup da mövcuddur. O, istixana effekti yaradan qazların atmosferdə konsentrasiyası son dövrlər kəskin artdığından onların inventarlaşmasını aparmaq əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişikliyi və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov istixana effekti yaradan qazların son 30-40 ildə 287 ppm-dən 400 ppm-ə qalxmasını nəzərə çatdırdı. Daha sonra “İPCC son hesabatına görə XXI əsrin sonuna kimi bu rəqəm 475 ppm çatacaq. Əhali temperatur artımının yaxşı hadisə olduğunu düşünür, bu əsla belə deyil. Temperatur artan zaman Yerin enerjisi qeyri-bərabər paylanır. Bunun nəticəsi olaraq isti ölkələrdə qarlı, soyuq ölkələrdə isə əksinə isti hava şəraiti müşahidə olunur. Buzlaqlar əridikicə metan qazı daha çox atmosferə qalxır. Bakıya nəzər yetirsək, aylıq yağıntı norması 1-2 günə düşür. Külək siklonlarının yaranma yeri və istiqamətləri dəyişir ” deyə G.Süleymanov bildirdi.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının milli koordinatoru İsa Əliyev “tarixən 1C temperatur artımı 1000-1200 il ərzində baş verirdi. Hazırda isə 3-5C arası temperatur artımı 30-40 il ərzində baş verir.” söyləməklə iqlimin dəyişməsi prosesinin getməsinin normal sayılması fikirlərinə aydınlıq gətirdi. “Dünya tullantılarının böyük əksəriyyəti ABŞ, Yaponiya, Çin, Hindistan, Avropa və s. kimi ölkələrin payına düşür. Çin 7 milyard ton tullantısı olmaqla ABŞ geridə qoyub. Azərbaycanın dünya tullantılarında payı 0.1% təşkil edir, bu da onu göstərir ki, bizim tullantılar qlobal istiləşməyəı bir o qədər də təısir etmir, amma bizə olan təsirlərə adaptasiya olmalıyıq. Hazırda ölkədə bir sıra dövlət proqramları həyata keçrilir. Məs, bərpaolunan ebnerjidən istifadəyə başlamaqla tullantıları 1% endirməyə nail olmuşuq.” fikirləri ilə İ. Əliyev çıxışını davam etdi.
Tədbir mətbuat nümayəndələrinin suallarını cavablandırmaqla başa çatdı.
Qeyd edək ki, BAMF Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə 2010-cu ildə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində Bakıda, regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçiləri, tələbə-jurnalistlər üçün keçirilən 3 günlük konfrans-seminarın təşkilatçılarından olub.
Bununla yanaşı BAMF Azərbaycan Mətbuat Şurasının, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin təşəbbüsü ilə media üçün “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabı və www.mediaclimate.org saytını hazırlayıb. Hər iki iş YUNESKO-nun “Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqram”ı çərçivəsində reallaşmış “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsinin tərkib hissələri kimi ərsəyə gəlib.
Nəşr edilən kitab çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri üçün nəzərdə tutub. www.mediaclimate.org sayt da eyni məqsədlə hazırlanıb.
