BAMF, Bakı, 13 Noy 2008 – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi layihə təklifləri müsabiqəsinin qaliblərinə ayrılan vəsait hesabına həyata keçirilən layihələrin monitorinqi davam edir. Monitorinqlər Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Müstəqil Hüquq Mərkəzi tərəfindən aparılır. BAMF-ın sədri Umud Rəhimoğlu rəhbərlik etdiyi quruma etimad göstərdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi və qeyd etdi ki, bu məsuliyyətli işin öhdəsindən BAMF-ın nümayəndələri layiqincə gələcəklər. O, daha sonra dedi: “Əslində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranmasının özü və müəyyən edilmiş istiqamətlər üzrə qeyri-hökumət təşkilatları arasında layihə təklifləri müsabiqəsi elan etməsi ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı sahəsində yeni mərhələ, uğurlu addımdır. Müsabiqədə qalib gələn və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihələr artıq həyata keçirilir. Həmçinin həmin layihələrin icrasının keyfiyyət göstəricilərinin, yol verilən nöqsanların aşkara çıxarılmasında mühüm əhəmiyyət kəsb edən monitorinqlərə başlanılıb. BAMF qrant almış təşkilatlarda 100-dən çox monitorinq aparmalı və layihələrin həyata keçirilməsi sahəsində prosedur qaydalarına əməl olunması, ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsi vəziyyətini aşkara çıxarmaladır. Bu proses sonrakı mərhələrdə də prinsipial şəkildə davam etdiriləcək. İnamla deyə bilərəm ki, olduqca məsuliyyətli olan bu işin öhdəsindən layiqincə gələcəyik. Bunu deməyə təşkilatın uzun illik təcrübəsi və səriştəli kadr potesialına malik olması əsas verir”.
U. Rəhimoğlu sonda monitorinqin nəticəsini əks etdirən hesabat hazırlanacağını və bu barədə mətbuata açıqlama veriləcəyini söylədi.
BAMF-ın İnformasiya Departamenti
