"Mətbuat Şurası mediamız üçün vacib olan xeyli iş görüb"

23.07.2008 · 1294 baxış

Umud Rəhimoğlu: “Jurnalistikaya gələn insanlar bəzi məhrumiyyətləri əvvəlcədən gözləri önünə almalıdırlar”
Milli Mətbuat Günündə həmsöhbətimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğludur.

Umud müəllim, Milli Mətbuat Günü ərəfəsində ümumilikdə mediamızın durumunu necə qiymətləndirərdiniz?
-Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra bir sıra sahələrlə bərabər mediamız da sürətlə inkişaf etdi. Bu da təbiidir. Çünki müstəqilliyimizin əldə edilməsində mediamızın da böyük xidməti olub. O dövrdə mətbuatda çalışan nüfuzlu jurnalistlərimiz və qələm adamlarımız da xalq hərəkatının önündə idi. Sonrakı mərhələlərdə milli mətbuatımızın inkişafına təkan verən amillərdən biri də məhz bu oldu. Mətbuatımızın indiki durumuna gəldikdə isə məni qane edən və qane etməyən bir çox məqam var. Bu gün dövlətimiz mətbuatın inkişafında maraqlıdır. Bunun üçün dövlət tərəfindən bir çox vacib addımlar atılıb və bu proses indi də davam edir. Hələ sağlığında mərhum prezidentimiz Heydər Əliyevin senzuranın ləğvi, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması ilə bağlı sərəncamlarını, media işçilərinə xüsusi diqqət və qayğı göstərməsini qeyd etmək istərdim. O, jurnalistlərə xüsusi önəm verirdi. Onun siyasi kursunun davamçısı, hazırkı prezidentimiz İlham Əliyev də mediamızın problemlərinin həlli istiqamətində xeyli iş görüb. Və bu proses indi də davam edir. Amma bütün bunlarla yanaşı həll edilməmiş xeyli problemlər də var. Hazırda jurnalistləri ən çox narahat edən məsələlərdən biri də onların sosial-iqtisadi problemləridir.

Yeri gəlmişkən, bu yaxınlarda sizin rəhbərlik etdiyiniz Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Mətbuat Şurası ilə birlikdə jurnalistlərin sosial-iqtisadi vəziyyətlərini öyrənmək üçün sorğu da keçirmişdi…
-Bəli, bizim təşkilat Mətbuat Şurası ilə birgə jurnalistlərin real durumunu öyrənmək məqsədi ilə mətbuatda çalışanlar arasında sorğu keçirdi. Nəticələr gözlənilən oldu. Amma bir çox məqamlarda bu nəticələr bizi çox düşündürdü. Məsələn, mətbuatda çalışanlar arasında 40 manat əməkhaqqı alan jurnalistlərimiz var. Düzdür, az da olsa 700-800 manat əməkhaqqı alan jurnalistlərimiz də var, ancaq 40 manat faktı bizi ciddi düşündürməlidir. Bu əməkhaqqı ilə jurnalist necə dolana və özünə mənzil ala bilər? Axı onların əksəriyyəti mənzilsizdir. Digər tərəfdən, sorğu zamanı məlum oldu ki, jurnalistlərin 93 faizi sığortalanmayıb. Bunlar çox pis göstəricidir. Unutmaq olmaz ki, bu heç kəsin yox, birbaşa redaksiyaların öz problemidir. Həmin sorğu nəticəsində o, da bəlli oldu ki, ölkəmizdə jurnalistlərə kredit verilmir. Amma bütün bu problemlərdən çıxış yolları var. Biz Mətbuat Şurası ilə birgə bu nəticələri təhlil edib vəziyyəti qismən də olsa düzəltmək üçün nə edə biləcəyimizi müəyyənləşdiririk. Digər tərəfdən, dövlət də bu məsələləri daim diqqətdə saxlayır. Bildiyiniz kimi, Mətbuat Şurası dövlət qurumları ilə birgə “Mətbuata dövlət dəstəyi” adlı bir proqram hazırlayıb. Çox güman ki, bu proqram yaxın günlərdə reallaşacaq. Bundan sonra bir çox problemlər öz həllini tapacaq. Amma mən bütün problemlərin həllini dövlətin üzərinə qoymağın da tərəfdarı deyiləm. Biz özümüz öz problemlərimizin həllinə çalışmalıyıq. Əks təqdirdə müstəqil mediamız ələbaxan bir instituta çevriləcək.

“Mətbuata dövlət dəstəyi” proqramından “reket” qəzetlər də bəhrələnəcək?
-Məncə, onlar bu proqramdan bəhrələnə bilməyəcəklər. Ümid edirəm ki, media cəmiyyəti özü də bu istiqamətdə “reket” qəzetlərə qarşı real addımlar atacaq. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində olduğu kimi, jurnalistikamızda da xoşagəlməz, neqativ hallar var. Təəssüf ki, bir çox hallarda digər sahələrdə olan çatışmazlıqlar jurnalistikada olduğundan da çoxdur. Amma hamı jurnalistikamızdakı problemlərdən danışır. Bu da təbidir. Çünki media cəmiyyət üçün açıqdır. Onun üçün də reket jurnalistlərdən daha çox danışılır. Məncə, insanlarımız jurnalistikanı özlərinə peşə seçəndə müəyyən məhrumiyyətləri əvvəlcədən göz önünə almalıdır. Peşəkar jurnalistlər bilməlidirlər ki, onlar hamı kimi qaz vurub, qazan doldura bilməyəcəklər. Onlar müəyyən məhrumiyyətlərlə yaşamalı olacaqlar. Yəni jurnalist çalışdığı müddətdə öz təmizliyini, müstəqilliyini qoruyub saxlamalıdır. Cəmiyyət də onun müstəqilliyinə, hazırladığı xəbərin, yazının doğruluğuna inanmalıdır. Azad jurnalistika, azad mətbuatın başlıca prinsiplərindən biri də məhz budur. Bu yaxınlarda mənim şəxsi dəvətimlə Türkiyədən TRT İstanbul Televiziyasının Müdir Yardımçısı Hüseyn Başusta Bakıda oldu. Onunla da bu məsələlərdən danışdıq. O da deyir ki, əsl jurnalist bir çox peşə sahiblərindən fərqli olaraq nədənsə imtina etməlidir. Ona görə, jurnalist uzun illər vicdanla çalışaraq müəyyən ictimai kapital toplayır. Yalnız sonradan həmin kapitalı özü üçün xərcləyir.
Bu günlərdə Mətbuat Şurasının sədr müavini seçildiniz. Yeni postda özünüzü necə hiss edirsiniz?
-Açığı, mən bu seçimə vəzifə kimi yox, iş kimi baxıram. Bu, məndə daha çox məsuliyyət hissini artırıb. Sədr müavini olmamışdan öncə də mən həmişə bu sahədə əlimdən gələni etmişəm. Mətbuat Şurasındakı həmkarlarımla bərabər yuxarıda sadaladığım problemlərin həlli istiqamətində daha çox iş görməyi düşünürəm.

Mətbuat Şurasının fəaliyyətinə istər jurnalistikamızın özündə, istərsə də cəmiyyətimizdə birmənalı münasibət yoxdur. Narazılar və razılar var. Ümumiyyətlə, fəaliyyətinizdə yeniliklər gözlənilirmi?
-Bu, normal bir haldır. Hər bir təşkilat haqqında müxtəlif fikirlərin olması təbiidir. O cümlədən də Mətbuat Şurasının fəaliyyəti. Məncə, ötən müddətdə Mətbuat Şurası qarşısına qoyduğu məqsədə qismən çatıb. Şura yaranana qədər reket qəzetlər at oynadırdı. Amma indi qismən onların qarşısı alınıb. Mətbuat Şurası bundan başqa mediamız üçün vacib olan xeyli işlər görüb. Bundan sonra görəcəyimiz işlərlə bağlı müəyyən niyyətlərimiz, layihələrimiz var. İnşallah, Mətbuat Şurasının yeni seçilən İdarə Heyəti üzvləri ilə birlikdə bütün bunları həyata keçirəcəyik.

Dediniz ki, Türkiyədən qonağınız olub. Bildiyiniz kimi Türkiyədə jurnalistlərə müəyyən imtiyazlar verən sarı kart sistemi var. Bəs Azərbaycanda necə, sarı karta bənzər bir sistem yaratmaq olarmı?
-Bəli, qonşu Türkiyədə jurnalistlərə müəyyən imtiyazlar verən sarı kart sistemi var. Bu təqdirəlayiq bir haldır. Mətbuat Şurası yarananda da bu məsələ müzakirə edilirdi. Müəyyən işlər də görülmüşdü. Amma hələlik tam nəticə yoxdur. Çünki Azərbaycanda bir çox səbəbdən bunun tətbiq edilməsi çox çətin məsələdir. Lakin gələcəkdə buna bənzər addımların atılması gözləniləndir. Sonda mən Milli Mətbuat Günü münasibəti ilə bütün jurnalistlərimizi və bu sahədə çalışan insanlarımızı təbrik edirəm. Azərbaycanımızın və mediamızın gələcək inkişafı yolunda onlara uğurlar arzulayıram.
Mənbə: 525-ci qəzet, 22 iyul 2008-ci il, Bəxtiyar

(c) 2018. IEPF