<b>Bu gün İslam İnkişaf Bankı, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və “Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı ilə birgə əməkdaşlıq əsasında 2014-cü il ərzində həyata keçirilmiş “Qadın sahibkarların planlaşdırma bacarıqlarının inkişafı vasitəsilə həvəsləndirilməsi“ layihəsinin bağlanış mərasimi keçirilib. Bu barədə tədbir Avrasiya-Kredit BOKT-nin təsisçisi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu məlumat verib. Tədbirdə çıxış edən AMFA-nın icraçı direktoru Jalə Hacıyeva layihənin əsas məqsədinin Azərbaycan qadınlarının iqtisadi cəhətdən fəal vətəndaş olmalarına mane olan çətinlikləri aşkar etmək, onları aradan qaldırmaq, cari və potensial müştərilər kimi onların yaşayış standardlarını yaxşılşdırmaq və istədikləri həyatı əldə etmək üçün bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə layihədən əsasən Beyləqan, Ağdam, Ağcabədi və Bərdə rayonlarında işğal altında olan ərazilərlə həmsərhəd ərazilərdə yaşayan münaqişədən zərər çəkmiş qadınlar yararlanıb. </b>
Tədbirdə çıxış edən Umud Rəhimoğlu məcburi köçkünlərin, aztəminatlı insanların məskunlaşdığı şəhərciklərdə, kəndlərdə peşə təlimlərinin keçirilməsi, qadınların əmək vərdişlərinin inkişaf etdirilməsi istiqamətində layihələrin zəruri olduğunu bildirib və bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatlarının maliyyə və dövlət qurumları ilə əməkdaşlıq perespektivlərini yüksək dəyərləndirdiyini qeyd edib.
Tədbirdə çıxış edən AMFA-nın layihə rəhbəri Vüsalə Qarayeva layihə çərçivəsində 42 qadına GALS (Gender fəaliyyəti üzrə araşdırmalar sistemi) alətləri haqqında təlim keçirildiyini deyib. Onun sözlərinə görə “Gender Act Learning System (GALS) WEMAN (Womens Empowerment Mainstreaming and Networking) təşkilatı tərəfindən yaradılıb. Bu metodologiya müxtəlif ölkələrdə istifadə olunmaqla insanlara həyatlarını daha effektiv şəkildə balanslaşdırmağa yardımçı olub. Bu təlimin əsas məqsədi də qadınları faydalı həyat planlaşdırması alətləri ilə tanış etmək və onların həyatlarını uğur hekayəsinə çevirməyə həvəsləndirməkdən ibarət olub.”
Təlimçilər Sevda Hüseynova və Sevinc Rüstəmova tədbir zamanı çıxışları zamanı layihənin ikinci fazasında 48 qadın Beynəlxalq Əmək Təşkilatı tərəfindən yaradılan “Öz Biznes ideyanı Yarat və İnkişaf etdir” təlimlərinin keçirildiyini qeyd ediblər. “Ümumilikdə, 48 qadın təlimləndirilmiş və onların əksəriyyəti yeni biznesini yaratmış və ya mövcud kiçik bizneslərini daha da genişləndiriblər. Təlim zamanı iştirakçılar yeni ideyaların yaradılmasını, onun detallı biznes plana çevrilməsini, həyata keçirilməsini və inkişaf etdirilməsi haqda bilik və bacarıqlar əldə ediblər.”
Daha sonra çıxış edən Avrasiya-Kredit bank olmayan kredit təşkilatının baş direktoru Ramil Əzizov layihənin sonunda 32 qadının “Avrasiya-Kredit” BOKT-nin güzəştli mikrokreditlərindən bəhrələndiyini və artıq təsərrüfat sahələrinin inkişaf etdirdiklərini, kiçik biznes sahələri yaratdıqlarını və bu istiqamətdə uğurlu nəticələr əldə etdiklərini bildirib.
Müzakirələr zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən işğaldan azad olunmuş ərazilərdə və bu ərazilərlə həmsərhəd bölgələrdə qadınlara biznes peşə təlimlərinin keçirilməsi və bundan sonra gəlir gətirən sahələrin formalaşdırılması istiqamətində görülən işlərin müvəffəqiyyəti də xüsusi olaraq vurğulanıb. Bu işlərin bir model olaraq gələcəkdə də davam etdirilməsi üçün müvafiq qurumlara, maliyyə təşkilatlarına, banklara müraciətlər səsləndirilib.
Tədbir zamanı İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev, Sənayə və İqtisadiyyat Nazirliyinin nümayəndəsi Elçin İbrahimov, Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Avropa İttifaqının layihə rəhbəri Pərviz Yusifov, “Azərbaycanın 100 biznes qadını” assosiasiyasının sədri Tatyana Mikayılova, Azərbaycan Qadın Sahibkarları konfederasiyasının rəhbəri Natəvan Məmmədova çıxışları zamanı qadınların həyat şəraitlərinin yaxşılaşdırılması, onların ailə təsərrüfatlarının inkişaf etdirilməsində dövlət, vətəndaş cəmiyyəti və maliyyə qurumlarının birgə əməkdaşlığının əhəmiyyətini qeyd edərək, layihənin ölkə miqyasında həyata keçirilməsinin zəruriliyini bildiriblər. Sonda layihənin nəticələrinə dair videoçarx izlənilib.
BAMF-ın informasiya Departamenti
