Rusiyada daha bir jurnalist öldürüldü

24.08.2009 · 1398 baxış

Bu günlərdə Rusiyanın Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqala şəhəri yaxınlığında daha bir jurnalist qətlə yetirilib. Dağıstanlı redaktor Malik Axmedilov öz maşınında qarın nahiyəsindən aldığı yaradan yerindəcə keçinib. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat verilib. 1997-ci ildən bəri Rusiyada 53 jurnalistin öldürüldüyünü bildirən BMİ M.Axmedilovun qətli ilə Rusiyanın jurnalistlər üçün dünyada ən təhlükəli ölkə olması fikrinin möhkəmləndiyini qeyd edir.

BMİ direktorunun müavini Maykl Kudlak bir daha Rusiya hakimiyyət orqanlarını jurnalistləri qorumağa çağırıb: “Rusiyada daha bir jurnalistin öldürülməsi bizim üçün təhqir hesab edilir. Bu cür əxlaqsız qətlin arxasında duran cinayətkar tapılıb cəzalandırılmalıdır. Cəzasızlığın baş alıb getməsinə imkan yaratmaq olmaz”.

“Qafqaz rabitəsi” regional İnsan Haqları Təşkilatının əməkdaşı İrina Kozerovanın BMİ-yə bildirdiyinə görə, qətlin xırdalıqları məlum olmasa da, öldürülənin iş yoldaşları güman edir ki, bu qətl jurnalistin tənqidi yazıları ilə bağlıdır.
Qeyd edək ki, M. Axmedilov son iki il ərzində Rusiyada öldürülən dördüncü dağıstanlı jurnalistdir.

BAMF-ın İnformasiya
Departamenti

(c) 2018. IEPF