BMİ direktoru Sudan hakimiyyətini jurnalistlərə qarşı qaldırılan ittihamdan imtina etməyə çağırdı
İyulun 12-də çap olunmuş “Lubna…Qadının ram edilməsi” adlı yazıda Xartum restoranlarından birində şalvar geyindiyinə görə həbs edilmiş (bəzi hallarda qamçılanan) 13 qadın jurnalistdən birini – Lubna al-Husseyni müdafiə etdiyinə görə Sudan asayiş polisi “Ajrass Al Horreya” qəzetinin “Əhəmiyyətsiz məsələlər” köşəsinin redaktoru xanım Amal Habbaniyə qarşı iddia qaldırıb. İnsan Haqları İnformasiyası Ərəb Şəbəkəsinin məlumatına görə, xanım A.Habbani Cinayət Məcəlləsinin (1991-ci il) 159-cu maddəsinə əsasən ittiham olunur.
Lubna al-Husseyni bu maddə ilə mühakimə olunsa, ona 10 milyon Sudan funtu və ya 3 milyon avro cəza kəsiləcək. Bu barədə Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) qurumun Azərbaycan Milli Komitəsinə məlumat verilib. Məlumata görə, BMİ-nin direktoru Devid Dədc Sudan hakimiyyətini Amal Habbaniyə qarşı ittihamlardan imtina etməyə çağırıb: “Belə ədalətsizlik halları Sudan məhkəməsinə inamı azaldır, ölkədə qanunlara əməl olunmasına mane olur. Sudan hakimiyyəti qəbul etməlidir ki, məhkəmə administrasiyalarında ədalətsizlikləri tənqid etmək medianın qanuni haqqıdır”.
Lubna al-Husseyn və digər 12 jurnalist iyulun 3-də şalvar geyindiklərinə görə asayiş polisi tərəfindən həbs olunub, “sensasiyalı geyim”ə və Cinayət Maddəsinin (1991-ci il) 152 -ci maddəsinə əsasən, Sudan cəmiyyətinin dəyərlərini təhlükə altında qoyduqları üçün ittiham ediliblər. Qadınlardan on nəfər günahkar olduğunu etiraf etməkdən imtina edib, dərhal 10 şallaq və 250 Sudan funtu məbləğində cəza alıb. Digər 3 nəfər, o cümlədən Lubna qanuni vəkil qəbul etmək və ittihamlara qarşı mübarizə aparmaqdan imtina ediblər. Belə halda onları 40 şallaq cəzası gözləyir. Lubna media və insan haqları qruplarına elektron poçtla 500 dəvət məktubu göndərərək, onun məhkəməsində və gözlənilən qamçılanmasında iştirak etməyi xahiş edib.
Xatırladaq ki, Xartum da daxil olmaqla Sudanın şimalında qadınlar ənənəvi olaraq üzlərini və bədənlərini örtən paltarlar geyinir, hələ də şəriət qanunları yerinə yetirirlər.
BMI-nin Azərbaycan Milli Komitəsinin
Mətbuat Xidməti
