Tərtərdə jurnalist təhlükəsizliyinin təmin edilməsinə dair təlimlər keçirilib

03.08.2011 · 937 baxış

<b>Avqustun 1-dən 3-dək Tərtər şəhərində “Tərtər Regional Peşə Təlimi Mərkəzində” Avropa Komissiyasının maliyyə dəstəyi ilə Beynəlxalq Jurnalistlər Federasiyasının, “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”nın birgə həyata keçirdiyi “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində “Jurnalist təhlükəsizliyinin təmin edilməsində yeni metodlar” adlı 3 günlük təlimlər keçirilib. Təlimləri Beynəlxalq Jurnalistlər Federasiyasının layihə üzrə koordinatoru Adrein Kollin, beynəlxalq ekspert David Bevan və tədbirə ev sahibliyi edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri aparıblar.<br /> </b>

Təlimlərə Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən 9 aparıcı KİV redaksiyasından ( “El TV” televiziyası, “Xəzər” TV-nin Qərb Regional bürosu, APA İnformasiya Agentliyinin Qərb Regional bürosu, “Ağdam”, “Kür”, “Yeni Tərtər”, “Ağdaş” və “Bərdə” qəzetlərinin) 13 nəfər jurnalist qatılıb. Onlara “Tibbi davranış və xəstənin qiymətləndirilməsi”, “Qiyamlar və digər ictimai qarışıqlar”, “Atıcılıq silahları ilə məlumatlandırma”, “Kardiopulmonal reanimasiya”, “Səfər təhlükəsizliyi”, “Odlu silahla yaralanmalar və qanaxmalar”, “Müşahidə və əks müşahidə”, “Şəxsi təhlükəsizlik”, “Ofis təhlükəsizliyi”, “Yol nəqliyyat hadisələri”, “Girov götürmələr və oğurlanmalar” mövzusunda təlimlər keçirilib.

BAMF-ın departament rəhbərləri Siyab Məmmədov və Ramil Əzizov isə “Təhlükəsizlik Təlimi Proqramı BAMF-ın təcrübəsində” mövzusunda təlim keçiblər.

“Təlimlərin keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları ilə tanış etmək və bu sahədə onların bilikləri artırmaqdır. Bu, Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın müharibə şəraitində olması araşdırma ilə məşğul olan jurnalistlər üçün spesifik problemlər yaradır. İndiki təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən, öz təhlükəsizliklərini təmin edə bilsinlər”- bu sözləri layihənin koordinatoru Müşfiq Ələsgərli deyib.

Tədbirdə sözügedən layihənin Azərbaycan üzrə koordinatoru, Jurnalsitlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Fondun departament rəhbəri Nik Nvolisa, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.

Qeyd edək ki, “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” na Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalstlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və “Ruh” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi daxildir.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF