Tərtərdə Qarabağla bağlı konfrans keçirilib

24.12.2010 · 1686 baxış

<b>Cahangir Məmmədli: “Yerli əhalinin qələbə əzmini artırmasında, vətənpərvərlik ruhunu gücləndirilməsində medianın rolu böyükdür”</b><br /> <br /> Dekabrın 24-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun (KİVDF) maliyyə dəstəyi ilə cəbhə bölgəsi olan Tərtər şəhərində “Qarabağ problemi mediada” mövzusunda konfrans keçirib. Konfransda Azərbaycan mediasının paytaxt Bakıdan getmiş tanınmış nümayəndələri, yerli icra strukturlarının, bələdiyyələrin, QHTvə region mətbuatının təmsilçiləri iştirak edib. Tədbiri giriş sözü ilə Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev açıb. O, cəbhə rayonu olan Tərtərdəki hazırkı vəziyyət, rayonda aparılan quruculuq və abadlıq işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi. V.İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mediaya daim diqqət və qayğı göstərdiyini deyib.<br /> <br />

BAMF-ın sədri Umud Rəhimoğlu “Qarabağ problemi ilə bağlı dövlət siyasətinin media vasitəsi ilə cəmiyyətə çatdırılması” mövzusunda çıxış etdi. O, çıxışı zamanı Azərbaycan mediasının keçdiyi şərəfli yola qısa ekskurs edib: “Hələ 1875-ci ildə böyük mütəfəkkirimiz Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə əsası qoyulan mediamız tarixin bir çox burulğanından keçib bizim günümüzə çatmışdır. Elə o zamanlarda da mənfur qonşularımızın Azərbaycana qarşı başladıqları iyrənc savaşa da sinə gərən məhz mətbuatımız oldu. Amma həm çar Rusiyası, həm də SSRİ dövründə bu məsələlərin olduğu kimi işıqlandırılmasında böyük maneələr olub. Hələ 80-ci illərdən başlayaraq ermənilərin Azərbaycan torpaqlarını işğal etmək məqsədi ilə başladıqları məlum çirkin siyasi oyunlar zamanı biz də belə maneələrin canlı şahidləri olduq. Və Qarabağ müharibəsini əsasən informasiya savaşında uduzduğumuzu bizlər etiraf edirik. Çünki Qarabağ hadisələri başlayanda biz SSRİ tərkibindəydik və bu münaqişə ilə bağlı bütün informasiyalar Moskvanın süzgəcindən keçərək yayılırdı. Orada isə erməni əsilli və ya ermənilərin mənafeyini müdafiə edən onlarla adam çalışırdı. Belə bir vəziyyətdə isə dünya informasiya məkanına Qarabağla bağlı obyektiv məlumat ötürmək çox çətin idi. Bu isə Qarabağın de-fakto itirilməsinə bərabər idi.” Sonra o, Azərbaycan mətbuatının müstəqillik dövründəki inkişaf yollarından bu zaman Qarabağ probleminin mediada işıqlandırılması vəziyyətindən, ümumilikdə medianın sözügedən problemin həllindəki rolundan söz açdı. U.Rəhimoğlu həm medianın, həm vətəndaş cəmiyyəti institutlarının dövlətin qayğısı nəticəsində son illərdə inkişaf etməsindən, bunun isə Qarabağ probleminin həllində müsbət rol oynayacağını vurğuladı.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli yerli əhalinin qələbə əzmini artırmasında, vətənpərvərlik ruhunu gücləndirilməsində jurnalist peşəkarlığının rolu mövzusunda məruzə etdi. Yerli əhalinin qələbə əzmini artırmasında, vətənpərvərlik ruhunu gücləndirilməsində medianın rolu böyük olduğunu deyən C.Məmmədli bu istiqamətdə region mediasının üzərinə böyük yük düşdüyünü dedi. O, bütövlük mətbuatımızın çox həssas bir mövzudan – Qarabağdan, ordudan yazarkən çox diqqətli olmasının vacibliyinə toxundu.

Tanınmış hüquqşünas, Müstəqil Praktik Hüquq Firmasının rəhbəri Aydın Kərimov jurnalistlərin cəmiyyətdəki rolundan danışdı. O, jurnalistlərin hüquq və vəzifələrindən, xəbər yayarkən jurnalistlərin hərbi sirrin qorunması istiqamətində bilməsi vacib olan məqamlara toxunub. A.Kərimov jurnalistlər üçün maraqlı ola biləcək mövcud qanunverici bazadan ətraflı çıxış edib.

“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Bakı xəbər”, “Paritet” qəzetlərinin baş redaktorları Aydın Quliyev, Camaləddin Quliyev “Cəbhə bölgəsi və media”, “İnformasiyanın ötürülməsi və döyüş bölgələrindən reportajların hazırlanması zamanı hərbi və dövlət sirlərinin qorunmasının vacibliyi” və sairə mövzularda məruzələrlə çıxış ediblər. Onlar Qarabağ probleminin həllində medianın rolunu yüksək qiymətləndirərək KİVDF-nun dəstəyi ilə belə konfransların mütəmadi şəkildə Azərbaycanın bütün cəbhəyanı rayonlarında keçirilməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar.

Konfransda region mətbuatının nümayəndələri – “Yeni Tərətər”, “Ağdam”, “Kür” qəzetlərinin baş redaktorları Tofiq Yusif, Baxşeyiş Abbasoğlu, Əminə Yusifqızı çıxış ediblər. Onlar dövlətin, xüsusi ilə də, KİVDF-nin region mətbuatının inkişafına verdiyi dəstəyindən, konfransın əhəmiyyətindən danışıblar. Konfransda digər iştirakçılar da çıxış edərək Qarabağ probleminin həll olunması istiqamətində aparılan işlərdə onları narahat edən məqama toxunublar.

BAMF-ın informasiya departamenti

(c) 2018. IEPF