Tərtərdə Regional Peşə Təlim Mərkəzinin təməli qoyuldu

28.10.2009 · 1163 baxış

DSC06128Mərasimdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Debora Netland da iştirak edib

Tərtər rayonunda mina qurbanları və müharibədən zərərçəkənlər üçün Regional Peşə Təlim Mərkəzinin təməli qoyulub. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin əməkdaşı xanım Debora Netland ABŞ Prezident İdarəçilik Cəmiyyətinin əməkdaşı cənab Darren Manninqin müşayiəti ilə təməl qoyma mərasimində iştirak edib. Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev də tədbirə qatılıb. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu məlumat verib.

O, xanım Deboranın BAMF-ın həyata keçirdiyi layihənin icrası ilə tanış olmaq üçün gəldiyni deyib: “Bildiyiniz kimi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) bu il iyul ayının 1-dən “Azərbaycanın Tərtər rayonunda mina qurbanları və minadan zərərçəkənlər üçün peşə təlimi mərkəzinin yaradılması” layihəsinin icrasına başlayıb. Layihə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi Məsələlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin qrant vəsaiti hesabına həyata keçirilir. 2010-cu ilin sonunadək icra ediləcək layihənin əsas məqsədi regionda iş imkanları yaratmaq, minadan və müharibədən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına yardımçı olmaqdır. Layihənin fəaliyyət planına əsasən, artıq xeyli işlər görülüb. Layihə çərçivəsində Tərtər rayonunda yaradılacaq Regional Peşə Təlim Mərkəzi yeni vərdişlərin, bacarıqlarının öyrədilməsi istiqamətində özünəməxsus bir biznes məktəbi olacaq. Yaradılacaq Peşə Təlimi Mərkəzində xalçaçılıq, reklam-dizayn, rəngsazlıq, mənzil-dekorasiya işləri və digər peşələr üzrə təlimlər keçiləcək. Sonra isə iştirakçıların bacarıqlarına uyğun olaraq işlə təmin olunmalarına köməklik göstəriləcəkdir. Layihənin faydalılığı, ən azı təlimlərə cəlb edilən insanların işlə təmin olunmasından və ya onlar üçün kiçik biznes sahələrinin inkişaf etdirilməsindən ibarətdir. Xanım Deboranın da Tərtər rayonuna səfəri layihənin icrası ilə tanış olmaq idi”.

U.Rəhimoğlu qonaqlara otaqlar, konfrans zalı, anbar, mətbəx və sairədən ibarət iki mərtəbəli Regional Peşə Təlim Mərkəzinin layihə planının göstərildiyini də dedi: “Biz Peşə Təlim Mərkəzinin layihəsini onlara təqdim etdik. Qeyd edim ki, Peşə Təlim Mərkəzinin tikiləcəyi ərazi Tərtər rayonu İcra Hakimiyyəti tərəfindən bizə təqdim olunub. İcra orqanları tikinti üçün vacib olan bütün lazımi faktorları – əsas yola yaxınlığı, su mənbəyini, elektriki və təlimə cəlb olunacaq insanların təsərrüfat təcrübəsi üçün ayrılmış torpağa çıxış imkanını nəzərə alıblar”.

Səfər zamanı Debora Netlandə BAMF-ın təsisçiliyi ilə yaranan “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” və Avrasiya Kredit MMC-nin fəaliyyəti barədə geniş məlumat verilib. O, hər iki qurumun fəaliyyətindən məmnun qaldığını vurğulayıb.

Sonra Peşə Təlim Mərkəzinin tikiləcəyi əraziyə baxış keçirilib. Xanım Debora Netland, Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və U. Rəhimoğlu ilə əvvəlcə qırmızı lenti kəsiblər sonra isə təməl lövhəsini əraziyə basdırıblar.

BAMF-ın İnformasiya

Departamenti

(c) 2018. IEPF