İyulun 3-dən 5-dək Avropa Qeyri-Kommersiya Hüquq Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Bazaleti istirahət kompleksində “Yeni imkanlar yaradaq” çərçivəsində “Hökumət və vətəndaş cəmiyyəti” mövzusunda regional konfrans keçirilib. Konfransa müxtəlif ölkələrlə yanaşı Azərbaycan nümayəndələri də qatılıb. Azərbaycan nümayəndə heyətinin tərkibində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov və digər QHT-lərin rəhbərləri Əsli Əliyeva, Solmaz Əliyeva, Məhəbbət Dəmirçiyeva, Fərasət Qurbanovla yanaşı İradə Rzazadə də olub.
Bizimlə söhbətində U.Rəhimoğlu tədbirdə vətəndaş cəmiyyətinin inkişafına yeni imkanlar yaradılması, dövlət və qeyri-dövlət qurumları arasında münasibətlər və sairə məsələlərin müzakirə edildiyini dedi: “Bütövlükdə konfrans vətəndaş cəmiyyətinin inkişafı, müxtəlif ölkələrin bu sahəyə aid mövcud qanunvericilik və iş təcrübələrinin müzakirəsi baxımından çox əhəmiyyətli oldu. Bu istiqamətdə maraqlı məruzələr dinlənildi. Hər nümayəndə heyəti öz ölkələrində dövlətin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində gördüyü işləri qiymətləndirdi. Maraqlıdır ki, bu sahədə ən yaxşı durumun Azərbaycanda olması aşkar edildi. Məncə, belə tədbirləri davam etdirmək çox faydalı olardı”.
Onun sözlərinə görə, həm konfransda, həm də işçi qruplarda Azərbaycan nümayəndə heyəti fəal iştirak edib.
