Umud Rəhimoğlu: “O erməni keçdi bizim tərəfə, axıra kimi vuruşdu…” – XATİRƏ –

19.05.2012 · 1693 baxış

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu lentşaz saytının “Əsgər gündəliyi” layihəsində hərbi xidmət dövründən danışıb. Söhbəti olduğu kimi diqqətinizə təqdim edirik.

“Dedim çıxın bayıra, mən bunlarla təkbətək qalım”

Layihə: “Əsgər gündəliyi”

Hər dəfə bu mövzu ilə bağlı müsahib axtarışına çıxanda uzun “yol” keçməli oluram...

Azərbaycanda hərbi xidmət dövrü Sovet dövrünə düşən indiki tanınmışlar - əksər deputatlar, tanınmış jurnalistlər, yazıçılar və sair arasında əsgərlik çəkənlərə nadir hallarda rast gəlmək mümkündür. Tapılanların da bəzisi nədənsə o günlərini heç yada salmaq istəmir... Və nəzərə alsaq ki, mütəmadi nitqlərdə biz daim döyüşkən, mübariz xalqın nümayəndələri kimi təqdim olunuruq, o zaman alınan bu mənzərə - nisbətən yaşlı nəslin nümayəndələri olan məşhurlarımızın hətta vaxtı ilə hərbi xidmətdən yayınması bizi ancaq heyrətləndirir...

Bu üzdən də “Əsgər gündəliyi” ilə bağlı axtardığımı tapanda son dərəcə sevincək oluram…

Növbəti sevincimə səbəb də Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Yazıçılar Birliyinin üzvü Umud Mirzəyev (Umud Rəhimoğlu) oldu. Müraciət edən kimi hərbi xidmətdə olduğunu və o günlərin xatirələrini bölüşməyə məmnuniyyətlə hazır olduğunu bildirdi…

Umud Rəhimoğlu 1961-ci ildə Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə sənəd versə də müsabiqədən keçə bilmədiyi üçün daxil ola bilmir. Beləliklə 1979-cu ilin payız hərbi çağırışında Sovet Ordusunda xidmətə yollanır…

“Təyyarədən enən kimi gördüyümüzdən vahimələndik…”

Bakıda təyyarəyə minəndə belə, bilməyib ki, hara gedirlər: “Uzun sürən uçuşdan sonra qəribə bir şəhərdə yerə endik. Öz ölkəmizin – SSRİ-nin ucqar şəhəri olsa da sakinləri də daxil olmaqla çox qəribə şəhər idi. Az sonra bildik ki, düşdüyümüz şəhər Ulan-Udedir. Bura, SSRİ-nin Monqolustanla sərhədinə yaxın bir əyalətdir. Lakin burada çox qalmadıq, təxminən bir həftə sonra mən də daxil olmaqla İttifaqın müxtəlif yerlərindən yığışmış gənc əsgərlərdən bir dəstəsini seçib, yenidən təyyarəyə yığdılar və bizə deyilməyən istiqamətə uçmağa başladıq…”

Həmsöhbətim yenə də uzun sürən uçuşdan sonra bir səhrada yerə endiklərini söyləyir. Deyir, ucu-bucağı görünməyən çox qəribə və vahiməli bir səhralıq idi.

– Təyyarədən enən kimi gördüyümüz mənzərədən vahimələndik. Düşdüyümüz səhralıqda yan-yana düzülmüş çadırlardan və üstü torla örtülmüş ağır hərbi texnikalardan ibarət sonu görünməyən iri hərbi hissələrdən başqa heç nə yox idi. Təyyarədən endiyimiz andan düşdüyümüz hərbi hissənin olduqca sərt, ciddi rejimli olmasını dərhal hiss etdik. Bu, gənc əsgərlərlə edilən rəftarlardan daha aydın hiss olunurdu. Demək olar ki, bizə xidmətə aid çox qısa mövzulardan savayı başqa mövzuda sual vermək icazəsi verilmirdi. Bir neçə gün sonra məlum oldu ki, Monqolustandayıq… (o vaxt Monqolustan SSRİ-nin forpostu olduğu üçün burada Sovet qoşunları yerləşirdi. Xüsusilə SSRİ Əfqanıstanda hərbi əməliyyatlar keçirdiyi ərəfədə əməliyyatlara yaxın olan bu ölkədə Sovet qoşunları daha ciddi cəmləşdirilirdi. Bunu orada xidmət edən Umud müəllim də təsdiqlədi – M.A.). Çox ağır hərbi rejimə düşdüyümüzü hiss etdikcə, bu, hərəmizə bir cür təsir edirdi.

“Zabitlər mənimlə ehtiyatlı rəftar eləməyə başladılar…”

– Bəs hərbi hissə hansı qoşun növündə idi?

– Bu, səhra tipli Ağır Artilleriya növlü hərbi hissə idi…. O dövrdə əsgərlikdə olanlar bilir, bu hissələrdə xidmət çox ağır keçirdi. Özü də, bizimki ola… Bilirsiz niyə? Çünki az keçəndən sonra bizə məlum oldu ki, bura cəmləşən əsgərlər Əfqanıstan üçün hazırlanır… Hətta adı gizlin saxlanıldığı üçün hərbi hissəmizin kod adı “17383 nömrəli Səhra Poçtu” idi…

Hər an gözlənilirdi ki, bizi Əfqanıstana aparsınlar, düz iki il hər anı bu gözlənti ilə yaşadıq…

Elə yoldaşlar vardı ki, artıq evə qayıtmaq ümidini itirmişdi… Çoxu dözümsüzlüyünü dərhal büruzə vermək çarəsizliyində qalırdı…

Xüsusilə mənimlə bərabər Azərbaycandan gedən 4 nəfərə ayrıca tətbiq olunan yerli-yersiz ciddi cəza tədbirləri lap canımızı boğazımıza yığırdı…

– Bu nəyə görə idi?

– Səbəbi vardı… Biz eyni çağırışda Azərbaycandan 4 nəfər getmişdik həmin hərbi hissəyə, daha dəqiqi, elə hissədə eyni batareyaya düşmüşdük. Bu 4 nəfərdən üçümüz azərbaycanlı idik, biri milliyyətcə rus idi, bakılı idi. Azərbaycanlılardan da məndən savayı digərlərinin hər ikisi Salyandan idi. Onlardan birinin adı Əliyev Səxavət idi, hündür boy, yekəpər bir oğlan. Hissəyə düşdüyü gündən “ipə-sapa” yatmırdı. Sərt əmrlər, ciddi rejim ona görə deyildi, narazılıq eləməyə başlamışdı… Hətta arada qolunun zoruna salıb digər əsgərlərdən bu heyfi alırdı… Bir dəfə, artıq xeyli müddət idi ki, xidmət edirdik, Səxavətdə belə bir vərdiş yaranmışdı: özündən təzə, yaxud köhnə qarşısına çıxan ilk gördüyü əsgərdən (hissə səhrada olduqca böyük idi deyə, bütün əsgərlər bir-birini çox gec tanıyırdı) soruşurdu: “Mənim çəkməmin ölçüsü neçə olar, səncə?” (ayaqları çox iri idi). Təbii ki, hər əsgər bu suala ya düz cavab verə bilmirdi, ya da sual xoşuna gəlmirdi… O zaman vay o əsgərin halına – bizim bu Səxavət onu döyüb insanlıqdan çıxarırdı… (gülür) Hə… bax Səxavətin bu hərəkətlərinin də acısını onunla birlikdə digər üç azərbaycanlı da çəkirdi. Zabit heyəti tez-tez Səxavətin qaydalara uymamasına görə biz dörd azərbaycanlıya qeyri-insani cəzalar verirdilər. Daha dəqiqi, aramızdakı Bakıdan olan rusun üstünə o qədər də düşmürdülər, əsasən biz üç azərbaycanlını çox incidirdilər…

– Cəzalar nədən ibarət idi?

– Normalda əsgərlərə tətbiq edilən hərəkətləri bizə iki, yaxud da üç dəfə artıq tətbiq edirdilər. Bir də görürdün durduğumuz yerdə dördümüzü yığıb “jim” vəziyyəti almağı, yaxud başqa hərəkətlər əmr edirdilər və sair. Elə olurdu ki, dalbadal yersiz yerə naryada çıxarırdılar: yeməkxana naryadı və sair… Həmişə də zabitlər buna səbəbkar kimi Səxavəti göstərirdilər… Bütün bu cəzaları verdikcə zabitlər bizə deyirdilər ki: “Siz qafqazlıların qanı istidir, onu dondurmaq lazımdır…”.

Nəhayət, bir gün mən dözmədim, elə zabitlərin yanında buna qəti etiraz edib, nümayişkaranə surətdə batareyanı tərk elədim. Məni qanunla hədələdilər, amma məhəl qoymadım. Tərk etdim və bildirdim ki, “qonşu batareyada köhnə hərbçilərdən olan yerlilərimin yanına gedirəm. Onların köməkliyi ilə SSRİ Müdafiə Nazirliyinə bu haqsızlıq barədə məktub ünvanlayacam”. Zabitlər bu dediklərimə əvvəlcə inanmadılar… Lakin mən batareyamızı tərk edib gecə qayıtmadım, gecəni qonşu batareyada olan köhnə azərbaycanlı əsgərlərin yanında keçirdim. Və həqiqətən dediyim məktubu yazdım, lakin hələlik göndərmədim. Səhər yoxlanışına qədər isə yenidən batareyamıza qayıtdım və gördüm ki, gecəni nümayişkaranə şəkildə buranı tərk etməyim zabitlərdə təlaş yaradıb. Həmin andan sonra onlar başladılar bizimlə mülayim rəftar eləməyə, üstümüzə o qədər də gəlmədilər. Hətta az sonra – xidmətə başlamamdan 4 ay sonra artıq mənə serjant rütbəsi də verdilər və tağım komandirinin müavini təyin olundum. Ümumiyyətlə, o söhbətdən sonra zabitlər mənimlə ehtiyatlı rəftar eləməyə başladılar… Getdikcə hərbi hissədə ictimai fəallığım artdı, aktiv bir əsgərə çevrildim.

Gənc əsgərlərə corab yudurtmaq…

Həmsöhbətim deyir ki, Sovet Ordusunun “emblem”i olan “dedovşina” onun düşdüyü hərbi hissədə elə ilk andan özünü göstərib. “Dedovşina”nın bütün xassələrinin ən yüksək halda xidmət etdiyi yerdə qabardığını deyən keçmiş əsgər bu situasiyadan uğurla çıxdığını deyir: “Ümumiyyətlə, “dedovşina” prinsipcə sosialist, bərabərliyi təbliğ edən ölkənin adına uyğun gəlməsə də, amma bu, SSRİ ordusunda “doğulan” hal oldu. O ordunun əsgəri olan şəxs kimi buna səbəb onda görürəm ki, “dedovşin” olmasa, çoxmillətli, çox tərkibli böyük bir ordunu idarə etmək çətin olar. Məsələn, zabitlər etnik cəhətdən, düşüncə cəhətdən müxtəlif olan heyətin xidmət etdiyi hərbi hissəyə birbaşa nəzarətdə çətinlik çəkirlər, ona görə də əsgərlər arasında “ağsaqqallar”ın meydana gəlməsinə şərait yaradırlar ki, onlar vasitəsilə hər bir əsgərə hərbi nəzarəti, hərbi gücü tətbiq edə bilsinlər… Kimin kim olduğunu təyin edə bilsinlər…

Təbii ki, bütün bu “yoxlamalar” əsgər hərbi hissəyə düşdüyü andan başlayır, ən yüksək forması ilk günlərə düşür. Bunun qurbanı olmamaq üçün də gərək səbrli olasan, şəxsən məndə bu alındı və mən “dedovşina”nın qurbanı olmadım… Çünki ilk gündən “ağsaqqallar” olan köhnə əsgərlər gənc əsgərləri corablarını yudurtmaq, yemək vaxtı onların yeməyini yuxarı – kazarmaya qaldırmaq, boyun ağlarını yudurdub tikdirmək və sair kimi işlərə buyurub vadar edirdilər. Kimsə imtina edirdisə, dərhal üsyan edirdisə, onun işi daha ağır idi. Onu “sındırmamış” əl çəkmirdilər. Xüsusən ictimai yerlərdən uzaq, Monqolustan səhralarında yerləşən bizim hərbi hissədə bu qaydalar daha sərt idi…

Burada ən yaxşı hal o idi ki, bu şəkildə “üstünə gəlirlərsə” sakit olmalısan, özünü deyilənə əməl edən kimi göstərməlisən. O zaman dərhal əmrlərini geri götürürdülər, anlayırdılar ki, sən “sındırılası uşaq” deyilsən… Mən də beləcə yaxa qurtardım və “dedovşina”nın deyilən şərtləri mənlik olmadı…”.

“O erməni həmişə bizim tərəfimizdə olub…”

Bütün bunlara baxmayaraq, Umud müəllim əsgərlik həyatında “dedovşina”dan yararlanır. Xüsusilə qonşu batareyada olan azərbaycanlı “ded” əsgərlər ilə birgə: “Bizə qonşu batareyada köhnə əsgər olan Tovuzdan Mehman Qasımov adlı bir oğlan vardı. Əsl “ded” idi. Olduqca zəhmli və vuruşqan oğlan idi. Əsgərlər arasında müstəsna hörməti vardı, az qala zabitlər ondan çəkinirdi. Amma əla yerlipərəst idi, istənilən azərbaycanlının problemi olsun, dərhal orada olmalıydı. Onun mənim əsgərlik həyatımda da izi oldu: artıq xeyli vaxt idi ki, xidmətdə idik, necə oldusa ad günüm ərəfəsində Mehman təkid etdi ki, ad günümü mütləq qeyd eləməliyik. Təbii ki, bunun üçün səhranın ortasında münasib yer yox idi və özümüz hissədə münasib otaq axtarmağa başladıq, lakin tapmadıq. Qəfil Mehman bildirdi ki, tapıb: “Lenin otağında keçirəcəyik”. Əvvəl elə bildik zarafat edir, sonra görəndəki ciddiləşib, əl-ayağa düşməyə başladıq ki, bəlkə lazım deyil. Çünki “Lenin otağı” bütün hərbi hissənin ən mötəbər və rəsmi bir yeri idi. Bizim orada ad günü keçirib, yeyib-içib əylənməyimiz arzuolunan deyildi. Rəhbərlik bilsə, cəzası ağır olardı. Amma Mehman təkid elədi və hər şeyi üzərinə götürdü, ad günümü orada qeyd elədik. Mehmanın qorxusundan hətta məsələni eşidən zabitlər belə buna göz yumdular…

Müsahibimiz, başqa Sovet hərbi hissələrində olduğu kimi, onlarda da tez-tez millətlər arası davaların olduğunu deyir. Deyir, xüsusən də bu hallarda qafqazlılar xüsusi tərəf olurdu: “Məsələn, bir dəfə qonşu batareya ilə kütləvi davamız düşmüşdü. Biz tərəfdən onlara qarşı əsasən azərbaycanlılar dayanmışdı. Çünki digər millətlərdən olanlar tədricən bizi tək buraxdılar. Başqa bir batareyada olan həmin Mehman Qasımovgil də bunu eşidib, bizə köməyə gəldilər. Daha doğrusu, demək olar ki, Mehman qarşı batareyanın uşaqlarına qarşı az qala tək vuruşmağa gedirdi. O anda yeganə qeyri-azərbaycanlı kimi bizə kömək edən Serjik adlı bir erməni oldu. O, Qarabağ ermənisi idi və həmişə bizim tərəfimizdə olub. Hətta həmin davada da baxmayaraq ki, bizimlə dalaşanlar arasında Ermənistandan olan erməni əsgərlər də vardı, lakin Serjik bizimlə bərabər onlara qarşı axıra kimi vuruşdu, bizimlə oldu…

O erməni sonralarda bizimlə dostluğu davam etdirdi, bizim Qarabağda yaşayırdı. Hətta sonralar – Qarabağ müharibəsi zamanı bizim Füzulidən olan əsgər yoldaşımız, mənimlə əsgər gedənlərdən olan Abbasov Atamoğlan Serjikə ailəsi ilə birgə atışmaların içindən çıxıb Kislavodskiyə qaçmasına kömək etdi….

“Başımı qırxıb, məni saldılar ora…”

Hərbi xidmətdə serjant kimi fəal olan Mirzəyevə xidmətin sonuna yaxın zabitlər daha məsul işlər həvalə edirlərmiş. Hətta belə işlərin birində az qalır “ilişsin”. Deyir, xidmətin sonuna yaxın ümumi hissədə əsgərlərin məskunlaşdığı çadırları təmir etmək, müəyyən yerləri rəngləmək üçün ümumi briqadaya onu rəhbər təyin edirlər və bu işdə serjant Mirzəyev özünü doğruldur: “Hətta bəzən lazım olan avadanlıqları özüm arayıb-axtarıb tapırdım. Məsələn, qonşu batareyalardan biri ehtiyat anbar tipli idi. Oranın şəxsi heyəti ilə münasibət qurub onlardan zəruri avadanlıqlar alıb təmir işlərində istifadə etdirirdim. Günlərin bir günü həmin batareyadan bizə dedilər ki, lazım olan avadanlıqların növbəti hissəsini gedib gətirək. Axşam getdik. Özümlə təxminən bir manqa əsgər aparmışdım. Anbara girdim və arxamca da özümlə gətirdiyim əsgərlərin içəri girməsini əmr etdim ki, həmişəki kimi avadanlıqları yükləyib çıxsınlar. Lakin biz içəri girən ki dərhal arxamızca anbarın qapısı bağlandı və orada bizi qarşılayan əsgərlər dərhal bizi mühasirəyə aldılar. Mən tez öz uşaqlarımıza əmr elədim ki, qaçıb bayıra çıxsınlar və özüm üstümüzə gələnlərlə təkbətək çıxdım. Uşaqlara problem yaranmasını istəmirdim, çünki onları mən gətirmişdim. Öz uşaqlarımız qapıya yol tapıb aradan çıxana qədər bunlarla əlbəyaxa süpürləşdim. Lakin axırda məni qamarlayıb tutdular və birbaşa serjantlarının göstərişi ilə hauptvaxta apardılar. Başımı qırxıb məni saldılar ora… Başladılar müxtəlif təzyiq-filan göstərməyə ki, indiyə qədər anbardan yoxa çıxanları əsgərlərim ilə birgə biz boynumuza alaq, daha doğrusu, qonşu döyüş batareyasının serjantı kimi mən boynuma alım… Lakin bütün təzyiqlərə baxmayaraq gecə səhərə kimi dözdüm, dediklərini eləmədim… Mənə artıq məlum oldu ki, bunlar il boyu o qədər anbarı satıb talayıblar ki, indi – ilin sonuna yaxın haqq-hesab zamanı komandanlıq qarşısında pis vəziyyətə düşüblər, boynuna “yıxmağa” adam axtarırlar…

Səhər açılan kimi öz batareyamızın komandiri olan ukraynalı mayor gəldi və məni tutulduğum anbar olan batareyanın komandirinin otağına çağırtdırdı. Məsələ artıq rəsmiləşmişdi və indiyə qədər anbardan satılanlar az qala oğurluq kimi mənim boynumda qalırdı. Öz komandirim məni təkliyə çəkdi və həqiqətin nə olduğunu soruşdu (o məni yaxşı tanıyırdı deyə deyilənlərə inanmırdı). Mən hər şeyi təfsilatı ilə danışdım və bunun bizə qarşı tələ olduğunu ona izah etdim. Sakitcə dinləyib, mənə dedi:

– Amma onlar sizi düz anbarda tutublar. İndi əsl həqiqəti necə sübut edəcəksən?

Mən “Yoldaş mayor, sübut edə bilərəm, əsaslarım var, mən haqlıyam…” deyib, ondan sadəcə bunun üçün mənə bir balaca kömək göstərməsini xahiş etdim.

O “xoroşo” deyib, mənə bunun üçün şərait yaratdı. Vəziyyət ciddi idi və mən indiyə qədər buradan mənə mal satıb indi də mənim özümü satanlardan yaxa qurtarmalı idim. Bir-bir indiyə kimi buradan kimlərdən mal almışam, onların adlarını dedim və hər aldığım mallara görə tarixiylə özümdəki qeydləri göstərdim, əsgərlərimiz arasından şahidlər buna zamin oldular. Beləliklə mən onları ifşa etdim və vəziyyətdən çıxdım…

Komandirimin bu özümü müdafiəmə görə mənə hörməti daha da artdı”.

Ümumiyyətlə, əsgərlik Umud Rəhimoğlu üçün xüsusi önəm daşıyan dövr olub. Deyir, məhz hərbi xidmətdən sonra o özünü həyata tam hazır və güclü hiss edib: “Nə qədər oxuyursan oxu, neynəyirsən, elə əsgərliyin yerini heç nə verməz. Şəxsən mənim həyatımda əsgərlikdə qazandığımı heç nə qazandıra bilməzdi. Hərbi xidmətdən sonra mən özümdə çoxlu dəyişikliklər hiss elədim, inkişafa doğru. Bu əsl kişilik yoludur…

“Anam hələ də onu saxlayır…”

– Sizcə, Sovet Ordusunu, Sovet əsgərini güclü edən nə idi?

– Ordunu güclü edən ölkə sənayesinin başdan-ayağa hərbiləşməsi idi. Sovet dövründə adi “Qaz-53” yük maşını belə hərbi tipdə yığılırdı. Ölkə yüksək səviyyədə hərbiləşmiş sənayeyə malik idi. Əsgəri güclü edən isə təbəqəsiz bütün xalqın əsgərlərə olan rəğbəti idi, insan arxasına əmin olanda güclü olur…

Məsələn, ötən il mən belə bir qəribə hadisənin şahidi oldum: Füzulidə kəndimiz işğal olunandan sonra anamgildən öz əsgərlik paltarımı tapdım, çox səliqə qatlayıb saxlamışdılar. Hətta işğal zamanı anamgil qaçqın düşərkən əksər yüklərini özləri ilə gətirə bilməyiblər, amma anam mənim əsgərlik paltarımı özü ilə götürüb. Hərbi xidməti bitirməyimdən 31 il keçməsinə baxmayaraq, anam hələ də o paltarımı əziz bir şey kimi özündə saxlayır….

Sanki məni o paltarda daha çox sevir, o paltarda daha güclü zənn edir…

Həqiqətən mən o əsgərlikdən sonra özümü hamıdan güclü zənn edirdim…

… Bu gün bizim müstəqil dövlətimiz, müstəqil ordumuz var… Dövlətimiz orduya daha çox imkanlar yaradır, ona görə də mən övladlarımızı bu kişilik yolundan daha çox yararlanmağa çaışıram…

– İndi sizə əsgərliyinizi xatırladanda daha çox nəyin nostalgiyasını yaşayırsınız?

– Daha çox orada qazandığım dostlarımız, əsgər yoldaşlarımın. Mən sizi əmin edirəm, insan əsgərlikdə qazandığı dostu çətin başqa yerdə qazana bilsin! Bu gün mən də onları unuda bilmirəm. Xüsusən də artıq dünyasını dəyişmiş iki nəfəri – Abbasov Atamoğlanla Namazov Rasimi… Allah onlara rəhmət eləsin, onlar mənim unudulmaz dostlarımdır…

– Bəs Qarabağ döyüşlərində necə, iştirak etdiniz?

– Xeyr… Əsgərlikdən sonra ali təhsil aldım, yaradıcılığımı davam etdirdim. Qarabağ döyüşləri zamanı da biz daha çox ermənilərə qarşı informasiya mübarizəsində iştirak edirdik… Daim ziyalılarımızla birgə öz qələmimizlə mübarizə aparırdıq…

– Sovet Ordusunda xidmətə görə peşman deyilsiniz?

– Qətiyyən! Niyə də peşman olum ki?! O dövr bizim qismətimiz idi və biz də bunu yaşadıq, dünyanın güclü ordularından birinin əsgəri oldum. Buna peşman olmaq olmaz, məncə. Xüsusilə hər şeylə, hər vasitə ilə təchiz olunan SSRİ Ordusunda xidmətin özü bir məktəb idi. Bunu yaşayanlar bilər…

Mübariz Aslanov

[email protected]

(c) 2018. IEPF