Vətən eşqilə çırpınan ürək

31.07.2008 · 1290 baxış

Müəllif: Nizami Hüseynov, “24 saat” qəzeti, 10 iyun 2008
Hava çiskin idi. Narın yağış yağırdı. Adamların çoxu yağışdan qorunmaq üçün yaxınlıqdakı çayxanada daldalanırdı. Stulların birində tək oturan ortaboylu, qarasaç, 35 yaşlı gənc bir anlığa ötən günlərini xatırladı: «Müharibə, baiskar müharibədir. Məni əlil edən müharibə oldu». Bu gənc adamın üzündəki kədər hissi aydın duyulurdu…
Azərbaycan xalqı Qarabağın od tutub yanan, işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə minlərlə şəhid verib. Hələ də neçə-neçə ikindən xəbər yoxdur, minlərlə insanımız əlil olub ki, onların da əksəriyyəti minadan zərər çəkib.
Tağı Cəfərov Lənkəran rayonunun sakinidir. Üç uşaq atasıdır. Ailədə beş uşaq olublar. O, ailənin ilkidir. Tağı 1973-cü ilin noyabrın 29-da rayonu Nərimanabad qəsəbəsində anadan olub. 1990-cu ildə E.Məmmədov adına Nərimanabad qəsəbə orta məktəbini bitirib. 1992-ci ilin yanvarın 12-də hərbi xidmətə çağrılıb. 6 aydan sonra – 1992-ci ilin iyulunda Ağdərə rayonu istiqamətində erməni faşistlərinə qarşı ilk döyüşlərdə iştirak edir. Sonra Kəlbəcər və Laçında, daha sonra Beyləqan rayonunun Haramı düzü adlanan yerdə Şişqaya – Nərgiztəpə yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə iştirak edir.
Tağı 1993-cü ilin dekabrın 29-da Haramı düzündəki Qarasu çayının yaxınlığındakı ərazidə minaya düşür.
İndi Tağı həmin üzüntülü günləri belə xatırlayır: «Səhər idi, açıq, günlü hava vardı. Saat təxminən 11:00 olardı. Artilleriya divizionun komandiri, kapitan M.İsmailov tapşırıq verdi ki, əsgərlərin birini götürüb MTLB qoşqusu ilə öndə vuruşan piyadaların köməyinə gedim.
İki saatdan sonra tapşırığı yerinə yetirib geri qayıdanda minaya düşdüm…
Bir də ayılanda beynim də uğultu hiss etdim. Haradasa 15-20 dəqiqə texnikanın içərisində koma vəziyyətində qalmışdım. Əsgər yoldaşım Beyləqanın Xaləc stansiyasından olan İbrahimi isə qoşqunun üstündə olduğundan minanın dalğası onu xeyli uzağa atmışdı.
İbrahim kömək edib məni qoşqunun içərisindən çıxartdı. Yeriyə bilmirdim. Sağ ayağım özündə deyildi. Xeyli qan itirmişdim. Portyanka (dolaq) ilə ayağımı bağladım ki, qan itirməyim. İbrahimi göndərdim ki, əsgərlərimizi köməyə çağırsın. Lakin o da yaralı və taqətsiz olduğu üçün 500 metr gedəndən sonra elə yolda uzandı.
Yavaş-yavaş gözümə qaranlıq çökürdü – iki saata qədər orada uzandıq. Heç yerə tərpənə bilmirdik. Sonra komandirimiz dalımızca adam göndərdi. Bizi Beyləqandakı Daşburun qəsəbəsindəki səhra hospitalına gətirdilər.
Orada cərrahiyyə əməliyyatı aparıb sağ ayağımı dizdən aşağı amputasiya etdilər. İki gündən sonra isə məni vertolyotla Bakıya – Travmatologiya İns¬ti-tutuna (hospitalların heç birində yer yox idi) gətirdilər. Burada ayağım qan-qrena oluduğundan bu dəfə dizdən yuxarı amputasiya olundu. Xəstəxa¬na¬da üç ay müalicə olundum və 1994-cü ilin martında II qrup əlil statusu ilə evə qa¬yıtdım. 1995-ci ilin aprelində ailə həyatı qurdum…”.

…Tağı minaya düşəndə çənəsi də yerindən çıxıb. Dişləri indi də qırıq-qırıqdır.
Qarabağ əlillərinə göstərilən münasibətdən söhbət düşəndə gənc Tağı bir qədər duruxdu, gözləri yol çəkməyə başladı, sonra keçirdiyi hissləri bizimlə bölüşərək dedi: «Heç vaxt özümü tənha hiss etmirəm. Həmişə bütün insanları özümə doğma bilirəm. Elə sanıram ki, onlar mənim bacı-qardaşlarım, ata-anamdırlar. Hökumət də bizi yaddan çıxarmır, qayğısını bizdən əsirgəmir. Mənə 2000-ci ildə «Oka» avtomobili verilib. 2004-cü ildə isə Lənkəran şəhərində evlə təmin olunmuşam».

Problemlərilə bağlı söhbətində Tağı bildirdi ki, müavinətləri cüzi olduğu üçün indiki bazar qiymətlərilə uyğun gəlmir. Bundan başqa, vaxtlı-vaxtında müalicə oluna bilmir.
Ayağındakı protez iki ildən bir dəyişdirilməli, ildə dörd dəfə isə təmir edilməlidir. Lakin bu müalicə prosesi də vaxtında həllini tapmır.
Hökumətin onlara «Oka» avtomobillərinin verməsini təqdir edən Tağı deyir ki, maşın yanacaq və ehtiyat hissələri ilə də təmin olunsa, vəziyyətləri xeyli yüngülləşər.
Tağının cəbhə dostu Kamil Əhmədov deyir ki, Tağı ilə dostluğunu indi də davam etdirir. Hər gün görüşür, birgə dərdləşirlər.
Hüquqşünas Ehtiram Fəttahyev bildirdi ki, əlillərin cəmiyyətə inteqrasi¬yası məsələlərilə bağlı «Əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qanuna görə, əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. 25 maddəyə əsasən, müəssisə, idarə və təşkilatlarda mövcud olan hər iyirmi beş iş yerindən birinin əlillər üçün nəzərdə tutulması, 47 və 48-ci maddələrində isə onlara hər cür güzəşt etmələri təsbit olunub. Bundan başqa, «Veteranlar haqqında» Qanunda da müharibə veteranları üçün bir sıra güzəştlər nəzərdə tutulub.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lənkəran rayon bölməsinin sədri Əbülfət Əliyevin bildirdi¬yinə görə, Lənkəran rayonunda 70-dən yuxarı Qarabağ müharibəsi əlili var ki, bunun da 6 nəfəri minadan zərər çəkib.
Lənkəran Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Sərraf Heydərov bildirdi ki, Qarabağ müharibəsi əlillərinə, o cümlədən minadan zərər çəkənlərə imkan daxilində hər cür köməklik göstərilir.
Azərbaycanda əlillərə kompleks tibbi-sosial reablitasiya xidməti göstər¬mək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 14 regional bərpa mərkəzinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Artıq Bakı, Sum¬qayıt, Gəncə, Şəki, Naxçıvan, Lənkəran və s. yerlərdə regional mərkəzlər fəaliyyətə başlayıb.
Lənkəran Şəhər Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Nazim Qəribov bildirdi ki, 2007-ci ildə mərkəzdə 30 nəfərə yaxın Qarabağ müharibəsi əlili stasionar müalicə almışdır ki, bunun da 5 nəfəri minadan zərər çəkən olub. Hazırda isə 14 xəstə stasionar müalicə alır ki, bunun da 4 nəfəri minadan zərər çəkəndir.
Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 10 saylı zonasının müdiri Emil Hüseynovun bildirdiyinə görə, müəssisə Yardımlı, Lerik, Astara və Lənkəran rayonlarında yaşayan əlillərin sosial müdafiəsi ilə məşğuldur. Burada rayonlar üzrə 25 min 625 nəfər qeydiyyatdadır. Təkcə Lənkəran rayonundan 11 min 62 əlil qeydə alınıb ki, bunun da 77 nəfəri Qarabağ müharibəsi əlilidir. Onun sözlərinə görə, əlilləri ildə bir dəfə Novruz bayramı, 3 dekabr Əlillər günü və digər əlamətdar günlərdə əlillərə maddi və digər yardım göstərilir.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun məlumatına görə, bu günədək Azərbaycanda ümumilikdə 3000-ə yaxın insan mina və partlamamış hərbi sursatlardan (PHS) zərər çəkib. Onların 500 nəfəri həlak olub. Mina qurbanları arasında xeyli uşaq da var. Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda 7 nəfər mina və PHS-dən zərər çəkib. Bu hadisələr zamanı ölüm baş verməyib. Mina qurbanı olmuş insanların 6-sı mülki şəxs, 1-i isə hərbçidir.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov bildirib ki, ANAMA 2001-ci ildən bu günə qədər 50 milyon kvadrat metr ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Qeyd edək ki, BMT çərçivəsində kasetli silahların yayılmasının qarşısının alınması və qadağan olunmasına dair Konvensiyanın müddəaları dövlətlərlə müzakirə olunub. Konvensiyanın 2008-ci ilin sonlarında rafikasiya olunmaq üçün BMT-yə üzv dövlətlərə təqdim edilməsi gözlənilir. Sənəddə kasetli silahların istehsalı, yayılması və ötürülməsinin qadağan olunması, mövcud ehtiyatların məhvi və s. bu kimi məsələlər öz əksini tapacaq.
İndi Tağı torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağı günü arzulayır…

(c) 2018. IEPF