Yazılmamış gündəlikdən səhifələr

26.03.2009 · 1647 baxış

Rey Kərimoğlu
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı başverən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni.
Mən yazıçı deyiləm, amma o günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın… Elə məqamlar var ki, onlar heç vaxt unudulmur. 26 fevral 1992-ci ilin qarlı qış səhəri kimi…
****
…fevralın 26-da səhər saat 5-də bizi həyəcan siqnalı ilə hərbi hissədən Ağdamın Şelli kəndi istiqamətinə gətirdilər. Azərbaycanın Milli Qəhrəmanı, mərhum polkovnik-leytenant Şirin Mirzəyev də ordaydı. Ora çatanda dəhşətli bir səhnəylə üz-üzə gəldik. Qocalar, qadınlar, uşaqlar… qarın, palçığın içində, həyəcanlı, çaşqın, gözləri yaşlı, üst-başı qan içində. Ətrafda çoxlu təcili yardım maşınları. Yaralılar, dərddən başını itirənlər.
“Qara qaya” ya yaxın yerdə yaralıları xilas etmək üçün ilkin tibbi yardım məntəqəsi yaradılmışdı. Qəribədi, həmin gün hər şey elə tez öz həllini tapırdı ki. Ağdamda olan yerli özünümüdafiə dəstələrinin rəhbərləri də, onların digər mövqelərdə keşik çəkməyən əsgərləri də ordaydılar. Əvvəlcə arabir, sonra isə şiddətli döyüş başladı. Məlum oldu ki, Xocalıdan qaçıb canını qurtarmaq istəyən insanların qarşısını meşədə ermənilər kəsiblər…
Heç bir komanda verilmədən hamı döyüşə atılmışdı. Çoxlu qar yağmışdı və bu, vəziyyəti daha da ağırlaşdırırdı. Döyüşənlər kifayət qədər idi. Mən bizim bölüyün əsgəri, döyüşçü dostum Nail Nəsirovla meşədə qalmış yaralı qadınları və uşaqları xilas etməyi qərara aldıq. Yalnız 4-5 nəfəri xilas edə bildik. Onları qarlı dağla çıxarmaq çox çətin idi. Ermənilər bizi vura bilmirdi, çünki əsgərlərimiz onları Əsgəran və sağ-sol istiqamətə sıxışdırırdılar. Ermənilərin bir neçə postu alınmışdı. Onlar xeyli itki verdiklərindən geri qaçırdılar. Yaralıların xilas edilməsinin vacibliyini Nailə bir neçə dəfə izah etsəm də, onun döyüşmək istəyinin qarşısını ala bilmədim. Bir neçə nəfəri xilas edəndən sonra axırda o, məndən ayrılaraq ağır döyüşlər gedən tərəfə üz tutdu…
****
…Təxminən 7-8 yaşında, ayaqyalın, başıaçıq bir qız uşağını heç kim sakitləşdirə bilmirdi. Elə bil qıza ilahi bir qüvvə verilmişdi. Şaxta onun yanağını çatlatdığından gözündən axan yaş qana qarışıb çənəsindən axırdı. Əynində cırıq-cırıq olmuş nazik paltar var idi. Palçığa bulaşmış dama-dama yun şalı kimsə onun çiyinlərindən atıb hər iki ucunu sinəsində düyünləmişdi. O, heç nə danışmırdı, əsgərlərimiz onu meşədən tapmışdılar. Əliylə Xocalı tərəfi göstərib elə hey qışqırırmış. Onu Şelli kəndinin yaxınlığındakı ilkin tibbi yardım məntəqəsinin yanındakı ocaq başına gətirdilər, təmiz paltar (kənd camaatının əlinə keçənindən), isti çay verdilər.
Qızcığaz bir az özünə gələn kimi Xocalı tərəfə qaçmaq istədi. Artıq dili də açılmışdı, qaçmaq istəyərkən var gücü ilə qışqıraraq anasını çağırırdı. Bu hal elə hey təkrar olunurdu…
Sonra bildik ki, bu qızın ata- anasını meşədə ermənilər güllələyib, özü isə, allah bilir, hansı möcüzə nəticəsində xilas olub.
****
…Naillə mən meşədən bir qadını və həmin qadının bağrına basdığı təxminən bir neçə aylıq körpəni də çıxardıq. Qadın ayağından yaralanmışdı. Onu ikimiz çətinliklə təcili yardım maşınının yanına gətirdik. Qadın ilk tibbi yardımın körpəsinə göstərilməsini tələb edirdi. Ancaq qucağına sıxdığı körpə artıq çoxdan ölmüşdü. Güllə onun hələ bərkiməmiş boynundan dəyib ağzından çıxmışdı. Körpənin yarasında heç bir qan izi də yox idi… (Körpədə qan nə gəzir? Haradansa beynimə bu səfeh fikir gəldi o zaman. Elə indi də anlamıram. Axı körpədə də qan olur.) Ana körpəsinin öldüyünü biləndə var gücü ilə qışqırdı. O səs hələ də qulağımdadır. O səhnə, o ananın səsi, o fəryad…
Sonra öyrəndik ki, həmin qadın əriylə birlikdə evdən çıxanda ermənilər onları atəşə tutub. Həmin vaxt körpə atasının qucağındaymiş. Ana həyat yoldaşının öldüyünü görüb, heç körpəsinin üzünə də baxmadan onu bağrına basaraq, bizə rast gələnə qədər qaçmışdı. Heç ayağından yaralanmasına da fikir vermədən. Bir düşmən gülləsi iki nəfərin həyatına son qoymuş, bir gənc ailəni məhv etmişdi…
****
Axşam eşitdik ki, Əsgəran istiqamətində gedən döyüşdə Nail ağır yaralanıb. O gün başından aldığı güllə yarası Nailin hər iki ayağının, bir əlinin iflic olmasına səbəb oldu. Həmin vaxtdan o əziz dostum yataq xəstəsidir…
…Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz – bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən…
Rey Kərimoğlu
[email protected]

(c) 2018. IEPF