Yerdə gizlənmiş qatil

31.07.2008 · 1599 baxış

Müəllif: Babək Cahandarov, “Paritet” qəzeti, 18 iyun 2008
Hər il dünyada mina partlayışları səbəbi ilə minlərlə insan ya həlak olur, ya da ciddi bədən xəsarəti alır
Parkdakı oturacaqların birində oturub ətrafı seyr edirəm. Birdən gözüm məndən bir qədər aralıda dayanmış və hər iki əlində əsa olan balaca bir uşağa sataşır. Bir anlıq donub qalıram… Ayağının birini itirmiş bu uşaq həsrətlə yaxınlıqda oynayan həmyaşıdlarını seyr edirdi. Uşaqlar isə öz aləmlərində idilər, başları oynamağa elə qarışmışdı ki, cəmi bir neçə addımlıqda olan və bir ayağını itirmiş uşağın varlığını belə hiss etmirdilər.
Təsəvvür edirsinizmi, 12-13 yaşı ancaq olan və bütün gələcəyi qabaqda olan bir uşağın arzuları bir andaca puç olur. Xain düşmən tərəfindən gizlədilən minaya düşən bu balaca ömrünün sonuna kimi əsa ilə yaşamağa, başqalarının köməyinə arxalanmağa məhkumdur. Bunun isə tək bir günahkarı var… MİNA!
Məlumat üçün bildirək ki, hazırda 82 ölkədə milyonlarla insan hələ də yerüstü mina və partlayıcı müharibə qalıqlarının qorxusu altında yaşayır. Hər il bu qurğular minlərlə qadın, kişi, oğlan və qızın ölümünə, əlsiz, ayaqsız qalmasına səbəb olur. Minalar insanların yaşamaq üçün vasitələrinə viranedici zərər vurmaqla yanaşı, onların ərazilər, yollar və ən sadə məişət xidmətlərindən istifadə etməsinə maneə yaradır. Hazırda bütün dünyada mina qurbanı olan yarım milyona yaxın insanın yaşadığı ehtimal olunur və gün ərzində çoxlu sayda insan mina qurbanına çevrilməkdə davam edir. Düzgün statistika aparılmadığından mina qurbanlarının sayının açıqlanan rəqəmlərdən qat-qat artıq olduğu ehtimal edilir.
Mina qurbanlarından biri də Qarabağ müharibəsi zamanı hər iki ayağını itirmiş Vahid Əliyevdir. Müsahibim 1957-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. Ailəlidir, üç oğul atasıdır. Dediyinə görə, 1984-cü ildən sovet ordusunda xidmət etməyə başlayıb. Qarabağ müharibəsi başlayan andan cəbhə bölgəsinə yollanıb və bir hərbçi kimi bir çox ağır döyüşlərdə iştirak edib. Son döyüşdüyü ərazi Füzuli rayonu olub: “Füzuli rayonunda ağır döyüşlər gedirdi. Hərbi komandanlıqdan əmr gəldi ki, topların mövqeləri dəyişdirilsin. Çünki düşmən təyyarələri topların yerini müəyyən etmişdilər və həmin ərazini atəşə tutmağa başlamışdılar. İki zabitlə birgə maşına oturub getmək isəyirdik ki, bir qədər aralanmış maşın minaya düşdü və mən huşumu itirdim. Oyananda gördüm ki, yerdə uzanmışam. Dərhal məni Beyləqan rayonunda yerləşən hərbi hospitala gətirdilər. Vəziyyətim ağır olduğundan əməliyyat elədilər və hər iki ayağımı dizdən yuxarı kəsdilər. Oradan da vertolyotla Bakıdakı Respublika Xəstəxanasına gətirdilər. Bir müddət burada müalicə olunduqdan sonra evə buraxıldım”.
V.Əliyevin ayaqları amputasiya edildikdən sonra işsiz qalsa da, dövlətin dəstəyi nəticəsində ayaqda durmağı bacarır. Minadan zərər çəkmiş insan kimi ona Xırdalan şəhərində iki otaqlı ev və “Oka” markalı maşın verilib. Bundan əlavə keçmiş hərbçi kimi 353 manat pensiya alır. Onu qayğılandıran əsas məsələsə böyük oğlunun işsiz qalması, ortancıl və kiçik oğlunun isə təhsil haqqını verməkdə çətinlik çəkməsidir: “Böyük oğlum diş həkimliyini qurtarsa da hazırda işləmir. Ortancıl oğlum Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alır. İllik təhsil haqqı 1100 manatdır. Ödəniş haqqının ləğv edilməsi xahişi ilə aidiyyəti dövlət qurumlarına bir neçə dəfə müraciət etməyimə baxmayaraq məsələ bu günə kimi öz həllini tarmayıb. Lakin hələ ümidimi itirməmişəm və inanıram ki, tez bir zamanda aidiyyəti dövlət qurumları mənə bu məsələdə köməklik göstərəcəklər”.

Ölkəmizdə 2331 nəfər minanın qurbanına çevrilib
Nə qədər ağır olsa da qeyd etməliyik ki, ölkəmizdə minadan zərər çəkən insanların sayı yüzlərlədir. Onların arasında azyaşlı uşaqlar və qadınlar az deyil. ANAMA-nın (Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) əməliyyat meneceri Samir Poladovun sözlərinə görə, Qarabağ müharibəsi başlayandan bu günə kimi 2331 nəfər insan minanın qurbanına çevrilib. Minaya düşən insanların 359-u ölüb, 1972-si isə yaralanıb. Ölənlərin 304-ü kişi, 9-u qadın, 46-sı uşaq olub. Eyni zamanda 1706 kişi, 39 qadın, 227 uşaq minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ümumiyyətlə, nəzərinizə çatdıraq ki, Azərbaycan dünyada ərazisində ən çox mina və partlamamış sursat olan ölkələr sırasında ilk yerlərdən birini tutur. Bu gün mina və PHS-lərin (partlamamış hərbi sursat) qalıqlarına ölkəmizin əksər ərazilərində təsadüf olunur. Dağlıq Qarabağdan başqa Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları, Füzuli və Ağdam rayonlarının bir hissəsi Ermənistanın nəzarəti altındadır və onların mina ilə güclü çirklənməsi ehtimal edilir.
Minadan zərər çəkən insanlara yardım göstərmək üçün hazırda ANAMA tərəfindən bir neçə layihə həyata keçirilir. Layihələrdən biri Gəncə şəhərində yerləşən xalçaçılıq sexində mina qurbanlarının və onların ailə üzvlərinin işlə təmin olunması ilə bağlıdır. Başqa bir layihə minadan zərər çəkən insanlara hüquqi yardım göstərilməsidir. S.Poladovun sözlərinə görə, minadan zərər çəkən insanların çoxu öz hüquqlarını pis bildiyindən hüquqi yardıma ehtiyacları var: “Bir çoxlarının əlillik dərəcəsi aşağı olduğundan az pensiya alırdılar. Layihə çərçivəsində mina qurbanlarının bir çoxunun əlillik dərəcəsini dəyişdik ki, bu da onlara daha yüksək pensiya almalarını təmin edəcək. Başqa bir layihə isə əlillərin psixoloyi və fiziki reabilitasiyası üçün Mərdəkanda yerləşən pansiyanata məzuniyyətə göndərilməsidir. Burada onlar istirahət etməklə yanaşı, həm də peşəkar həkimlər tərəfindən müayinədən keçir və müalicə olunurlar. Hazırda isə ANAMA İOM (Beynəlxalq Miqrasiya Təşkilatı) təşkilatı ilə birlikdə mina qurbanlarına mikrokreditlərin verilməsi layihəsini həyata keçirir”.

67,649 milyon kvadrat metr ərazi minalardan təmizlənib
Minalanmış ərazilərin minalardan təmizlənməsi üçün davamlı iş aparıldığını deyən S.Poladovun məlumatına görə, Agentlik yarandığı dövrdən indiyə kimi 67,649 milyon kvadrat metr ərazini minalardan təmizləyib. Bu müddət ərzində 140 piyada əleyhinə mina, 170 tank əleyhinə mina, o cümlədən 306578 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Əməliyyat meneceri bildirib ki, minalar və partlamamış hərbi sursat daha çox Füzuli, Ağcabədi, Xocavənd, Tərtər, Goranboy və Ağstafa rayonlarının ərazilərində aşkarlandığından təmizləmə əməliyyatları da əsasən adıçəkilən rayonlarda ararılır: “Hər bir rayonda regional ofisin nəzdində təmizləmə qrupu və minaaxtaran dəstə fəaliyyət göstərir. Eyni zamanda ANAMA-nın nəzdində Çevik Əməliyyat Qrupu da fəaliyyət göstərir. Onun əsas vəzifəsi mina təhlükəsi ilə bağlı fövqəladə hal yaranan zaman dərhal lazımi əməliyyat keçirmək və yaranmış təhlükəni aradan qaldırmaqdır. Bundan əlavə minaların və yerə basdırılmış hərbi sursatların tapılmasında 30-dan çox xüsusi təlim görmüş minaaxtaran itin köməyindən də geniş istifadə olunur”.
S.Poladovun sözlərinə görə, minaların tapılması və zərərsizləşdirilməsi məqsədilə daha çox texniki vasitələrdən istifadə olunur. Hazırda ANAMA-nın 5 minatəmizləyən maşını var. Xorvatiya və Slovakiyada istehsal olunmuş bu maşınlardan minaların aşkar edilib zərərsizləşdirilməsi məqsədilə dünyanın bir çox yerlərində geniş istifadə olunur.
Qeyd edək ki, ANAMA partlamamış hərbi sursatların tapılaraq zərərsizləşdirilməsi işini də həyata keçirir. Hazırda ANAMA NATO ilə əməkdaşlıq çərçivəsində iki ildən artıqdır ki, sovet ordusunun Ağstafa rayonunda yerləşmiş keçmiş hərbi bazasının ərazisində təmizləmə əməliyyatı ararır. Bu günə kimi həmin ərazidə 280 minə yaxın partlamamış hərbi sursat aşkar edilib. Onların bir hissəsi artıq məhv edilib və hazırda yerdə qalan hissənin də məhv edilərək zərərsizləşdirilməsi işi ararılır.

Mina qurbanlarının əsas problemləri cəmiyyətə inteqrasiya olunmaq və işsizlikdir
“Dirçəliş” Gənclərin Sosial Psixoloyi Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev qəzetimizə açıqlamasında qeyd edib ki, minadan zərər çəkən insanların əsas problemləri cəmiyyətə inteqrasiya olunmaq və işsizlikdir: “Ümumiyyətlə, əlil insan üçün iş tarmaq müşkül məsələ olduğundan mina qurbanları arasında işsizliyin səviyyəsi çox yüksəkdir. Bu səbəbdən də onların lazımi işlə təmin olunması və cəmiyyətə inteqrasiya olunmalarına yardım etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilməlidir”.
Mərkəz sədri Bakı ilə müqayisədə regionlarda yaşayan mina qurbanlarına münasibətin bir qədər fərqli olmasına da diqqət çəkir: “Mina qurbanlarının üzləşdikləri əsas problemlərdən biri əlillik qruplarının alınması və əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlıdır. Bu problem ölkənin Qərb bölgəsində özünü daha qabarıq şəkildə büruzə verir. 2006-cı il sentyabrın 17-dən 2007-ci il fevralın 17-nə kimi minadan zərər çəkən insanların əllillik qruplarının dəyişdirilməsinə yenidən baxılması məqsədilə Qazax, Tovuz, Ağstafa, Samux və Gədəbəy rayonlarında yeni bir layihə həyata keçirdik. Mina qurbanları ilə görüşərək onların əlillik qruplarının alınması və dəyişdirilməsi ilə bağlı problemlərinin həllinə nail olmaq məqsədilə sənədlərini yenidən hazırladıq və həkim müayinəsindən keçmələrini təşkil etdik. Ümumilikdə layihə çərçivəsində minadan zərər çəkən 33 nəfərin əlillik dərəcəsi almasına və yaxud da əlillik dərəcəsinin dəyişdirilməsinə nail olduq”.
İ.Baxşəliyev minadan zərər çəkənlərin işlə təmin olunması üçün Finlandiyanın “Abilis” Fondunun maliyyə dəstəyi ilə yeni bir layihə həyata keçirdiklərini də bildirdi: “Həmin layihə çərçivəsində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşayan dördü kişi və dördü qadın olmaqla 8 nəfər əlil üçün iş yerinin açılmasını təmin etdik. Adıçəkilən kənddə onlar üçün icarəyə götürdüyümüz 10 hektar torpaq sahəsində süpürgə və qarğıdalı əkilib becərilməsini nəzərdə tutmuşuq. Əlil insanlar burada birgə işləyəcəklər və yığılan məhsuldan əldə olunan gəlir onların ehtiyaclarına sərf olunacaq. Gələn il isə həmin torpaqda taxıl əkilməsini planlaşdırmışıq. Əsas məqsəd əlilləri işlə təmin etmək, onların kimdənsə asılı olmasının qarşısını almaq və cəmiyyətə inteqrasiya olunmalarına köməklik göstərməkdir”.

“Bəzi dövlət məmurları tərəfindən əlillərin hüquqları pozulur”
İ.Baxşəliyevi narahat edən məsələlərdən biri də bəzi dövlət məmurları tərəfindən əlillərin hüquqlarının pozulmasıdır: “Minadan zərər çəkən insanlara təmənnasız olaraq əlillik qrupu verilməli, səhhəti zəifləyən əlillərin əlillilik dərəcəsi artırılmalıdır. Lakin bir çox hallarda əlillərin hüquqları bəzi dövlət məmurları tərəfindən kobud şəkildə pozulur. Məsələn, ünvanlı sosial yardımın verilməsi ilə bağlı ölkə başçısının sərəncamı obyektiv və subyektiv səbəblərdən yerlərdə istənilən səviyyədə icra olunmur. Bunun səbəbidir ki, elə olur ki, maddi durumu aşağı olan və heç bir yerdən gəliri olmayan minadan zərər çəkən əlil sosial yardım ala bilmir. Bu neqativ hal aradan qaldırılmalı, kənd təsərrüfatı ilə məşğul olan əlillərə dövlət tərəfindən güzəştli kreditlər verilməlidir”.

Əsas mina istehsalçıları Çin, Rusiya və ABŞ-dır
Dünyada 180 milyon istifadə edilməmiş minaların qaldığı ehtimal olunur. Bu isə dünya ölkələrinin hər birinin payına bir milyon mina düşdüyü deməkdir. Ən böyük rezervlərə Çin, Rusiya və ABŞ malikdir. Əsas mina istehsalçıları da adıçəkilən ölkələrdir. Dünyada mina təhlükəliliyinə görə ilk yerləri isə Əfqanıstan, Kamboca, Saxara və İraq tutur. Hər il bu ölkələrdə minlərlə insan minanın qurbanına çevrilir.
Qeyd edək ki, minalar və partlamamış hərbi sursatların istifadəsinə qarşı beynəlxalq səviyyədə tədbirlər həyata keçirilir. Hər il aprelin 4-ü Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə Və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. Eyni zamanda 1997-ci ildə BMT tərəfindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında Ottava konvensiyası qəbul edilib. 160-a yaxın dövlət bu sazişə qoşulsa da, Azərbaycan da daxil olmaqla 44 ölkə onu hələ də ratifikasiya etməyib. Buna səbəb ölkəmizin müharibə şəraitində yaşaması və 20 faizdən artıq torpağımızın ermənilər tərəfindən işğal olunmasıdır. Bununla belə ölkəmiz konvensiyanın tələblərinin yerinə yetirilməsində yaxından iştirak etməklə müharibə tərəfdarı olmadığını və münaqişənin sülh yolu ilə həllinə çalışdığını sübut edir.

Mina istehsal edən ölkələrin sayı 55-dən 14-ə düşüb
Artıq minalardan istifadənin aradan qaldırılması sahəsində ciddi nailiyyətlər də əldə edilib. Belə ki, yuxarıda adıçəkilən sazişin imzalandığı tarixdən bu günə kimi 40 milyondan artıq piyada əleyhinə mina ehtiyatı məhv edilib. Konvensiyadan əvvəl 55 ölkə minaların istehsalı ilə məşğul olurdusa, konvensiyadan sonra bu ölkələrin sayı 14-ə enib. 30-dan çox ölkədə yerli hökumətlər, donorlar, qeyri-hökumət təşkilatları və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında bu problemin həlli istiqamətində əməkdaşlıq həyata keçirilir. Piyadalar əleyhinə minaların istehsalı, satışı və ötürülməsi ilbəil azalır. Mina qurbanlarına yardım, onların reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası daha geniş miqyasda və daha yaxşı səviyyədə təmin olunur.
İnanıram ki, nə vaxtsa torpaqlarımız nəyin bahasına olursa olsun geri qaytarılacaq. Lakin müharibə qurtarsa belə onun yaratdığı fəsadlar hələ uzun illər insanlara zərbə vurmaqda davam edəcək, hələ çox insan minaların qurbanına çevriləcək. Ölkəmiz minalardan əziyyət çəkən dövlətlər arasında ön sırada dayandığından ictimaiyyətin diqqətini bu məsələyə yönəltməklə, pozulan hüquqlarımızın bərpasına çalışmalıyıq. Minasız bir dünyada yaşamaq arzusuyla…

(c) 2018. IEPF