YUNESKO-nun Baş Direktoru İrina Bokovanın 3 may Dünya Mətbuat Azadlığı Günü münasibətilə müraciəti

01.05.2010 · 1521 baxış

YUNESKO-nun Baş Direktoru İrina Bokovanın 3 may-Dünya Mətbuat Azadlığı Günü münasibətilə müraciəti yayılıb. Müraciətdə deyilir:

“Mövzusu informasiya azadlığı olan Dünya Mətbuat Azadlığı Günü bizə bilmək hüququmuzun əhəmiyyətini xatırlamaq imkanı verir. Təşkilatlar və hökumətlər informasiya azadlığı prinsipinə müvafiq olaraq, ictimaiyyətin məlumatlı olmaq hüququna əsasən, malik olduqları informasiyanı bölüşməyə və ya istənilən şəxsin ona sərbəst çıxışını təmin etməyə borcludurlar.
İnformasiya hüququ digər əsas hüquqların dəstəklənməsi, şəffaflıq, ədalət və inkişafa yardım edilməsi üçün fundamental əhəmiyyətə malikdir. O, mətbuat azadlığı anlayışı ilə birgə demokratiyanın əsasını təşkil edir.

Biz informasiyaya çıxış hüququmuzdan bəlkə də şüurlu şəkildə istifadə edə bilmirik. Lakin hər dəfə qəzeti əlimizə alanda, televizoru və ya radionu açanda, yaxud internetə qoşulanda gördüyümüzün və ya eşitdiyimizin keyfiyyəti bu kütləvi informasiya vasitələrinin dəqiq və aktual informasiyaya çıxışa malik olmasından asılıdır.
İnformasiya hüququmuzun həyata keçirilməsi yolunda resursların və lazımi infrastrukturun olmamasından informasiyanın düşünülmüş şəkildə gizlədilməsi kimi bir çox maneələr dayanır.
Bir çox jurnalistlər öz peşələri ilə informasiya ilə bağlı məhdudiyyətlərin norma olduğu, gündəlik işlərində təzyiq, təqib, hədə, hətta fiziki zorakılıq ilə qarşılaşdıqları mühitdə məşğul olmalı olurlar.
Keçən il YUNESKO 77 jurnalistin qətlini pisləyib. Onların əksəriyyəti hərbi münaqişə vaxtı həlak olmayıb. Onlar yerli əhalinin həyatını işıqlandıran yerli jurnalistlər idilər.
Mən bütün dünyada Dünya Mətbuat Azadlığı Gününü qeyd edənləri artıq kömək etməyin gec olduğu şəxsləri – bizim informasiya hüququmuz üçün həyatlarından keçən jurnalistləri bir dəqiqəlik sükutla yad etməyə dəvət edirəm.
Lakin gəlin, bu gün əldə olunmuş əhəmiyyətli tərəqqini də etiraf edək.
Bütün dünyada daha çox ölkə informasiya azadlığı barədə qanun qəbul edir. Bu, hökumətlərin fəaliyyətinə nəzarəti asanlaşdırır və dövlətin məsuliyyətini möhkəmlədir.
Bununla yanaşı daha sürətli və ucuz texnologiya hazırda dünyada əvvəlkindən daha çox insanın gündəlik həyatları xaricində baş verən hadisələrdən bəhs edən informasiyaya sərbəst çıxışa malik olması deməkdir.
İndi qurumları möhkəmləndirməklə, kütləvi informasiya vasitələri nümayəndələrini zəruri hazırlıqla təmin etməklə, dövlət sektoru daxilində aşkarlığı və ictimaiyyətin məlumatlılığının səviyyəsinin artırılmasını dəstəkləməklə bu tərəqqidən istifadə etməliyik.
Mən hökumətləri, vətəndaş cəmiyyətini, kütləvi informasiya vasitələrini və bütün insanları bütün dünyada informasiya azadlığına dəstək məqsədilə güclərini YUNESKO ilə birləşdirməyə çağırıram.”
İrina Bokova

(c) 2018. IEPF