R
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan vətəndaş cəmiyyəti tarixində bir ilkə imza atıb. Martın 10-da BMT-nin Cenevrədəki qərargahında BAMF-ın təşkilatçılığı ilə münaqişədən əziyyət çəkən uşaqlarla bağlı beynəlxalq müzakirələr keçirilib.
 
Toplantıda xeyli sayda ictimai xadim, BMT ekspertləri, tanınmış beynəlxalq təşkilatların nümayəndələri, BMT agentliklərinin təmsilçiləri, səfirlər iştirak edib.
 
Açılış nitqi ilə çıxış edən BAMF sədri Umud Mirzəyev əsas diqqəti dünyadakı müharibələr və ondan əziyyət çəkən günahsız uşaqların hüquqlarının müdafiəsi məsələsini önə çəkib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat uşaqların müharibə və ya qarşılıqlı münaqişə vəziyyətlərində qanunsuz fəaliyyətlərə cəlb edilməsini, onların öldürlməsini, qaçırılmasını, humanitar yardımdan uzaq saxlanılmasını, fiziki və mənəvi zorakılığa məruz qalmalarını, əsirlikdə işgəncələr altında saxlanılmalarını bəşər övladının öz gələcəyi üçün indidən törətdiyi cinayət hesab edir. Qloballaşan dünya insanlar arasında sərhədləri, münasibətləri və eləcə də qarşılıqlı əlaqələri aradan qaldırdığı üçün bu gün təhdidlərə və haqsızlığın qurbanları olmuş uşaqlar gələcəyindən qisas almağa potensial namizəddir. Dünyanın müxtəlif bölgələrində törədilən qanlı qarşıdurmalar şəraitində yüz minlərlə uşağın ciddi surətdə əziyyət çəkməsi, təhsil və elementar həyat və sosial şərtlərdən kənarda qalması hər bir cəmiyyətin fundamental dəyərlərinin deformasiyasına səbəb olur. Multikultural dəyərləri rədd edən, radikal milli və dini düşüncələri ön planda saxlayan  paralel cəmiyyətlərin formalaşması münaqişələrin və xüsusilə uşaqların zorakılıq elementlərinə məruz qalması və ya öyrədilməsi, psixoloji sarsıntı və sosial –mədəni gərginliklərlə müşayət olunur. 
 
BAMF sədri əlavə edib ki, üzvü olduğu Beynəlxalq Sülh Bürosu, BMT agentlikləri və xüsusən UNİCEF-in təqdim etdiyi faktlara əsasən, dünyada baş verən münaqişələr ölkələrin 30 illik Ümumi Daxili Məhsulunun inkişafı dinamikasına bərabərdir. Keçən il dünya, ikinci dünya müharibəsindən sonra ən çox sayda, təxminən 50 milyon məcburi köçkünün öz doğma yurd-yuvalarından məcburi köçürülməsi faktı ilə üz-üzə qalıb. O, misal olaraq Azərbaycanı göstərib və bildirib ki, bu gün Azərbaycanda, cəbhə xəttində  uşaqların silahlı qarşıdurmaların qurbanına çevrilməsi halları daha tez-tez müşahidə olunmaqdadır. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vacib statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdıran, cənab Mirzəyev dünyanın münaqişə bölgələrində,  uşaqlara qarşı amansız zorakılıq hallarının davam etdiyini xatırladıb. 
 
O qeyd edib ki, 1992-ci ildən Ermənistan və Azərbaycan arasında  davam edən münaqişə nəticəsində Azərbaycanın 20 % torpaqları işğal olunmuş, bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir. İşğal olunmuş ərazilərin azad edilməsi və infrastrukturun bərpa olunması ilə bağlı BMT –nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, hələ də Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və bu bölgə ilə həmsərhəd 7 rayonun anneksiyası davam etdirilir. Umud Mirzəyev özünün də müharibənin acı nəticələrindən ziyan gördüyünü tədbir iştirakçılarının diqqətinə çatdıraraq, əksər qohumlarının, çoxlu sayda uşaqların məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını bildirib. Umud Mirzəyevin səmimi çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 
 
Sonda o inandığını bildirib ki, dayanıqlı inkişaf yalnız və yalnız sülhün, haqq və ədalətin təntənəsi,  uşaqların zorakılıq hallarının və münaqişələrnin törətdiyi faciələrin qarşısının alınması üçün birgə fəaliyyət sayəsində mümkündür. O, bu işdə bütün maraqlı tərəfləri əməkdaşlığa dəvət edib. 
 
Daha sonra BAMF-ın Tərtərin təmas xəttinə yaxın Həsənqaya və Şıxarx kəndlərində yaşayan  uşaqlarla bağlı hazırladığı “Müharibə Uşaqları” adlı xüsusi video çarxı tədbirdə təqdim olunub və material böyük marağa səbəb olub.
 
Tədbirdə çıxış edən tanınmış avropalı ekspert “Yenilənən və Səmərəli Enerji üçün Davamlı Beynəlxalq Enerji Təşkilatı”nın rəhbəri Qustav R.Qrob müharibədən əziyyət çəkən uşaqların hüquqlarının qorunması ilə bağlı bütün dünya birliyinin vahid mövqedən çıxış etməsinin vacib olduğunu deyib. O, vətəndaş cəmiyyəti təmsilçilərini bu həssas məsələni daim gündəmdə saxlamağı təklif edib.
 
Çıxışçılar - insan hüquqları üzrə mütəxəssis Nataliya Quliyeva və BAMF-ın departament rəhbəri Anastasiya Lavrina bütün dünyada müharibələr zamanı hüququ pozulan uşaqlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öldürülən, müharibənin ağrı-acısından əziyyət çəkən Azərbaycan uşaqlarının problemi barədə də fikirlərini bölüşüblər. Bununla yanaşı tədbirdə Avropalı ekspert, fiziki imkanları məhdud insanların beynəlxalq şurasının sədri Anna Laçovska münaqişə nəticəsində sağlamlığını itirən uşaqların gələcək taleyi və onların cəmiyyətə yenidən inteqrasiyasına ciddi önəm verilməsini bildirib. Əfqanıstanlı ekspert, BMT-nin gənc diplomalar assosiasiyasının təmsilçisi Nəcib Obaid isə tədbirə internet vasitəsi ilə canlı bağlanaraq Əfqanıstanda uzun illərdir davam edən münaqişələr nəticəsində acınacaqlı həyata məhkum olan əfqan uşaqlar barədə araşdımaların nəticəsini açıqlayıb. Beynəlxalq ekspert Məhmət Güzəl isə məcburi köçkün uşaqların hüquqlarının qorunması beynəlxalq sənədin qəbul olunmasının vacibliyindən söz açıb.
 
BAMF-ın Cenevrə bürosunun rəhbəri Maykl Montafinin moderatorluğu ilə davam edən tədbirdə ictimai müzakirələr də uğurla baş tutub.   
 
Ümumilikdə BAMF-ın təşkil etdiyi beynəlxalq tədbirə Avropa Birliyi, Əfqanıstan və indoneziya hökümətləri, Qaçqınlar üzrə Ali komissarlıq və BMT-nin Cenevrə ofisi, Beynəlxalq uşaq hüquqları birliyi, Avropa hüquq assosiasiyası, Beynəlxalq Civicus təşkilatı, Bejing uşaq hüquqlarına yardım və tədqiqat mərkəzi, UNESCO-nun eqidası  altında fəaliyyət göstərən Servas Beynəlxalq qurumu da daxil olmaqla 30-dan çox təşkilatın nümayəndəsi qatılıb.