R
Azərbaycanın Braziliyadakı səfirliyində səfir Elxan Poluxovun dəvəti ilə Novruz bayramı tədbirləri çərçivəsində Dünya 8-ci Su Forumunun Azərbaycandan olan iştirakçıları ilə görüş keçirilib. Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və onun köməkçisi Anastasia Lavrina, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun (QSTSİ) direktoru Nidal Salim, forumun digər təşkilatçıları, o cümlədən  Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbərinin müavini Kənan Abdullayev  və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov iştirak ediblər.
 
Qonaqları salamlayan səfir Elxan Poluxov onları Novruz bayramı münasibətilə təbrik edib. O, Azərbaycandan gələn nümayəndələri Braziliya səfirliyində görməkdən məmnun olduğunu bildirib. Qonaqlar Forumda iştirak etmək təcrübələri barədə danışıb və xüsusilə də beynəlxalq tədbirlərdə hökümət və qeyri-hökümət təşkilatları arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
 
Su ehtiyatları üzrə ən böyük Su Forumunda iştirak etmək Azərbaycan üçün yeni tərəfdaşlar cəlb etmək və hazırda Ermənistanın işğalı altında olan Sərsəng su anbarının işğalı məsələsini qaldırmaq üçün böyük imkandır.
 
Daha sonra Azərbaycan milli mətbəxinin təamlarından dadan qonaqlar bayram tədbirini Novruz tonqalı ətrafında davam etdiriblər.