R

İspaniyanın UNIR - La Rioja Beynəlxalq Universitetinin Strateji İdarəetmə üzrə professoru, Dr. Salvatore Moccia, Paris Universitetinin siyasi elmlər üzrə professoru, Dr. Selin Şenocak və təsviri sənət üzrə müstəqil ekspert Filiz Düpon Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib.

Görüşdə BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina və BAMF tərəfindən təsis edilmiş beynəlxalq analitik informasiya portalı olan Eurasia Diary-nin baş redaktoru Aqil Aslan iştirak ediblər.

A.Lavrina qonaqları salamlayıb və təşkilatın fəaliyyətinin əsas istiqamətləri barədə danışıb. O, həmçinin qonaqlara yerli və xarici tərəfdaşlar, o cümlədən xarici diplomatik nümayəndəliklər və BMT qurumları ilə birgə həyata keçirilən bir sıra sosial-iqtisadi və humanitar layihələr haqqında məlumat verib.

Aqil Aslan isə qonaqlara Eurasia Diary-nin fəaliyyəti barədə məlumat verib. Baş redaktor bildirib ki, Eurasia Diary, BAMF-in təşəbbüsü ilə mövcud münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların yayılması və sülh ideyasının təşviqi üçün təsis edilib.

Salvatore Moccia, Azərbaycana səfərinin məqsədinin maliyyə sektorlarında texnoloji yenilikləri təbliğ etmək olduğunu söyləyib. Müasir dövrdə dünyanı texnologiyasız təsəvvür etmək olmur və o bir çox sektorlarda, eləcə də maliyyə sektorunda istifadə olunur.
 
S. Moccia, maliyyə texnologiyalarından istifadənin üstünlüklərini izah etmək üçün Azərbaycanda bir sıra konfranslarda iştirak etməyi planlaşdırır.
 
"Azərbaycan maliyyə texnologiyalarını tətbiq etmək üçün böyük imkana malikdir. Enerji sənayesinin mövcudluğu, iş adamları və istehlakçılar üçün maliyyə əməliyyatlarını asanlaşdıracaq maliyyə texnologiyalarının qurulmasına kömək edəcək. İnanıram ki, təşkil etdiyimiz bu konfranslar Azərbaycanda bu texnologiyanı təşviq etməyə böyük təsir göstərəcək. Çünki bu təşəbbüslərlə digər ölkələrdə çıxış edərək müsbət nəticələr əldə etmişik. Bu maliyyə baxımından bahalı bir platforma deyil, ancaq rahat həyatı təmin etmək üçün çox faydalıdır", - Dr. Moccia deyib.
 
 
Selin Şenocak Azərbaycanın Avrasiyada iqtisadiyyatın inkişafında mühüm rol oynadığını və bu konfransların çox faydalı ola biləcəyini vurğulayıb.
 
"Azərbaycan Avrasiyada maliyyə texnologiyasında lider rolunu oynaya bilər", - deyə Selin Şenocak bildirib.