R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təmsilçisi olaraq mən və mənim həmkarlarım tez-tez müxtəlif ölkələrə səfərlərə gedir, vacib tədbirlərdə, o cümlədən BMT-nin qərargahında təşkil olunan tədbirlərdə iştirak edirik.

Bu ilin sentyabr ayında Cenevrədə sonuncu səfərim zamanı BMT İnsan Hüquqları Şurasının 42-ci növbəti sessiyasına qatıldıq. Səfər zamanı yeni insanlar, ekspertlər və BMT agentliklərinin nümayəndələri ilə bir sıra vacib görüşlər keçirdik. Eyni zamanda tədbirdə qaçqın və məcburi köçgün düşən soydaşlarımızın hüquqları barədə bəyanat təqdim etdik. Əminliklə deyə bilərəm ki, bu səfər çox məhsuldar oldu. 

BMT-nin Cenevrədəki şöbəsinin Baş Direktor Aparatının rəhbəri David Çikvaidze ilə yaddaqalan bir görüşü xüsusi qeyd etmək istərdim.  

David Çikvaidze Tbilisidə anadan olub. "MQİMO"-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, otuz ilə yaxındır diplomatik, dövlət işi və beynəlxalq sahələrdə fəaliyyət göstərir. 1993-cü ildən bəri, D.Çikvaidze Nyu York və Cenevrədə BMT ilə əlaqəli fəaliyyət göstərib. Hal-hazırda o, İsveçrə Xarici siyasət Assosiasiyasının və Cenevrə Diplomatik Klubunun vitse-prezidenti, Dünya İncəsənət və Elmlər Akademiyasının müxbir üzvü, beynəlxalq Rotari Hərəkatının üzvüdür.

Davidlə görüşdə necə əməkdaşlıq edəcəyimizi və gələcəkdə əlaqələri inkişaf etdirəcəyimizi, xüsusən də BMT strukturlarına inteqrasiya imkanlarını müzakirə etdik.

Ancaq mənim üçün onun Azərbaycana bir səfəri və Ümummilli Liderimiz Heydər Əliyevlə görüşü barədə xatirələrinə qulaq asmaq çox maraqlı oldu.

Həmin səfər zamanı tarixi eksklüziv bir foto da çəkilib. 

D.Çikvaidze həmin şəkillə bağlı mənə bunları danışdı:  

"Mən ilk dəfə 1994-cü ilin dekabrında Azərbaycana, ölkənin humanitar ehtiyaclarını nəzərdən keçirmək üçün Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətinin tərkibində gəldim. Nümayəndə heyətini Prezident Heydər Əliyev qəbul etdi. O, heyətin hər bir üzvünü şəxsən salamladı və hər kəsə öz adı ilə müraciət etdi!

Müasir Azərbaycanın atası olan Heydər Əliyev, karyeramda qarşılaşdığım ən görkəmli siyasi liderlərdən biridir. O, postsovet məkanında dağılmış və yoxsul vəziyyətdə olan bir ölkəni uğurla inkişaf edən respublikalardan birinə çevirdi. Görülən işlər bu gün də onun istedadlı oğlu Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə icra edilir. Onun müdrik, balanslaşdırılmış idarəçiliyi və uzaqgörənliyi ilə Azərbaycan enerji, siyasi, strateji sahələrdə, eləcə də Avrasiyaın təhlükəsizlik sahəsində aparıcı gücə və dünya arenasında ciddi bir oyuncuya çevridi."

O, öz növbəsində, "MQİMO"-da prezident İlham Əliyevlə birgə təhsil alması və öz qrup yoldaşından atası H.Əliyevlə bir vaxt çəkilmiş fotonu imzalatması üçün xahiş etməsi barədə danışdı.

Ulu Öndər H.Əliyev onun xahişini nəzərə alaraq şəkilə imza atıb və hətta belə bir cümlə yazmışdır:

"David Çikvaidzeyə BMT-dəki nəcib işlərində uğurlar arzulayıram".

David cümlənin yazıldığı yeri səliqə ilə kəsərək onu fotonun yanında yerləşdirib. O, həmin fotonu çərçivəyə salınaraq öz iş otağında ən görüntülü bir guşədə əziz bir xatirə kimi saxlayır. O, bunu çox qiymətləndirir və qürurla qonaqlarına göstərir.

David Çikvaidze ara-sıra Azərbaycana da gəlir və beynəlxalq formatda keçirilən forum və konfranslarda fəal iştirak edir.

Onun imzasını əziz xatirə kimi qoruyub saxladığı foto ilə Ulu Öndərə və Azərbaycana olan sevgisi məndə bir azərbaycanlı olaraq qürur hissi yaratdı. 

Bu gün də Davidlə münasibətlərimizi davam etdiririk və bu yaxınlarda bu məlumatı ictimaiyyətlə bölüşmək istəyi ilə ona müraciət etdim. Əlbətdə o buna məmnuniyyətlə razılıq verdi.

Cenevrə səfəri, digər səfərlərdə olduğu kimi, bizim üçün də son dərəcə faydalı oldu.

Ümumiyyətlə, bütün bu tədbirlər bizə yaxşı bir mühit formalaşdırmaq imkanı verir. Nəticədə biz tez-tez dostlarla, yaxınlarla və həmfikir insanlarla rastlaşırıq və bu məni sevindirir. David Çikvaidze ilə son görüş bunun bariz nümunəsidir.

Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti