R

Ötən həftə Kanadanın Kalqari şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə etnik azərbaycanlılar və yerli sakinlər, habelə 1992-ci ildə baş vermiş faciənin canlı şahidləri iştirak ediblər.

"EDNews"un məlumatına görə, tədbir ALACSA-nın icraçı direktoru, elmlər doktoru Səbinə İsgəndərovanın fəal dəstəyi ilə Azərbaycan Mədəni Cəmiyyəti tərəfindən təşkil olunub. Tədbirdə həmçinin onun dəvəti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Litvadakı nümayəndəsi, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qətliamın şahidi olmuş Riçardas Lapaytis də iştirak edib.

L.Riçardas tədbirin geniş miqyasda keçirildiyini qeyd edib və təəssüratlarını EDNews ilə bölüşüb. Onun sözlərinə görə, əsas məqsəd dəhşətli 26 fevral gecəsində həlak olanların xatirəsinə ehtiram göstərmək və erməni hərbçilərinin yeganə səbəbi azərbaycanlı olduqlarına görə günahsız sakinlərə qarşı törətdikləri vəhşilikləri geniş kütləyə çatdırmaq idi.

Hərbi jurnalistin və həmin dəhşətli hadisələrin canlı şahidinin iştirakı tədbirdə ən təsirli məqamlardan biri olub.

BAMF-in Litvadakı nümayəndəsi Riçardas Lapaytisin sözlərinə görə, "Sonsuz Dəhliz" sənədli filminin təqdimatı Maunt Royal Universitetinin Jurnalistika kafedrasında baş tutub. Tədbirdə fakültənin müəllim və tələbə heyəti, həmçinin Kalqari şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.

Bu gün Kanadanın Alberta şəhərində təxminən 125 azərbaycanlı ailə yaşayır, onların bir hissəsi əslən hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsindəndirlər.

Daha bir tədbir isə Kalqari şəhərinin mərkəzi kitabxanasında keçirilib. Burada R.Lapaytis ziyarətçilərin Xocalı faciəsi ilə bağlı suallarını cavablandırıb. 1992-ci ilin fevral ayının sonu və martın əvvəlində Ağdamda gördükləri və yaşadıqları ilə bağlı xatirələrini bölüşüb. Bütün iştirakçılar dövrün hadisələrinin dəhşətli mənzərəsindən heyrətə gəliblər.

R.Lapaytis qeyd edib ki, tamaşaçılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında, xüsusən cəbhə bölgəsindəki mövcud vəziyyətlə tanış olublar, demək olar ki, hər gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, mülki yaşayış məntəqələri və hərbi postlara atəş açması və nəticədə sərhədçilər və mülki şəxslərin həlak olmasıyla bağlı onlara məlumat verilib.

Ümumiyyətlə, bu cür tədbirlərin ideyası həm də Kalqaridəki azərbaycanlıları ortaq bir məqsəd ətrafında birləşdirməyə, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlandığı müddətdə qonşu dövlətə qarşı təcavüzkar siyasəti barədə həqiqətləri yaymaqda davam etməyə xidmət edir.

Alberta Azərbaycan Mədəni Cəmiyyəti 2005-ci ildən fəaliyyət göstərir və Kanada ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük töhfələr vermişdir. Bou çayının sahilində "In Memory of The victims of The Khodjaly tragedy" (Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş) xatirə skamyası quraşdırılmışdır.

R.Lapaytisin sözlərinə görə, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün S.İsgəndərova ilə birlikdə buraya baş çəkiblər. Xocalı qurbanlarının xatirəsinə Kalqari şəhərində də simvolik ağac əkilmişdir. Öz növbəsində, Kalqari şəhər administrasiyasından Xocalı qətliamının tanınması ilə bağlı rəsmi məktub gəlib.

Kalqari Azərbaycan Mədəni Cəmiyyəti dəfələrlə Ermənistanın anti- Azərbaycan təbliğatını yaymasına qarşı çıxmışdır. Xocalı ilə bağlı Kalqari Universitetində, Royal Universitetində və Alberta Universitetində bir çox tədbirlər keçirilib. Hər il bir milyona yaxın əhalinin yaşadığı Kalqari şəhərinin mərkəzində Azərbaycan rəqsləri və folkloru da daxil olmaqla bir sıra mədəni tədbirlər keçirilir.

R.Lapaytisin sözlərinə görə, Kanadada "Lithuanians in Calgary -Lietuviai Kalgaryje" mədəni cəmiyyətinin təşəbbüsü ilə Xocalının günahsız qurbanlarına həsr olunmuş daha bir tədbir keçirilib. Bu məşhur Litva təşkilatının prezidenti Yurate Perminaytedir (Jūratė Perminaitė).

"Bu tədbirin keçirilməsi üçün, Kalqaridəki litvalılar xüsusi olaraq təqdimat salonu ayırıblar. Burada "Sonsuz dəhliz" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Kalqaridəki litvalı tələbələr, yaşlı nəslin nümayəndələri, kanadalılar və azərbaycanlılar iştirak ediblər. İştirakçılar tərəfindən verilən çoxsaylı suallara görə tədbir planlaşdırıldığından bir neçə saat artıq davam edib. Tədbir iştirakçıları verilən məlumatlara görə təşəkkür ediblər və Azərbaycan xalqının faciəsi haqqında daha çox məlumat əldə etmək üçün növbəti görüşlərin də təşkil olunmasını xahiş ediblər".

"Kanadaya səfərim göstərdi ki, özgənin ağrısı deyə anlayış yoxdur. Kanadaya səfərdən bir az öncə Azərbaycan icmasının rəhbəri Azərbaycanın Litvadakı səfirliyi ilə birlikdə Klaypeda şəhərinin mərkəzi kitabxanasında Xocalı faciəsinə həsr olunmuş tədbir təşkil edib. Buraya Ukrayna, Yəhudi, Belarus icmalarının üzvləri və litvalılar gəliblər. Bütün bunlar onu göstərir ki, dünya Xocalı soyqırımını tanımağa hazırdır", R. Lapaytis söyləyib.

Bu, BAMF-in Litvadakı nümayəndəsi, Xocalı faciəsinin şahidi Riçardas Lapaytisin iştirak etdiyi ilk tədbir deyil. Ötən yay Litvanın cənubunda Druskininkay şəhəri Gənclərin Məşğulluq Mərkəzində "Sonsuz Dəhliz" filminin ilk nümayişi keçirilib və filmin yaradıcı heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Qarabağ” ali mükafatına layiq görülüblər.

Müstəqil Litvalı kinorejissor Aleksandras Brokasın müəllifi olduğu "Sonsuz Dəhliz" filmi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən "Xocalıya Ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı hadisələrinin sağ qalan şahidlərinin, əsirlərin, jurnalistlərin xatirələri və litvalı jurnalist Riçard Lapaytisin erməni tərəfinin təşkil etdiyi kütləvi qırğında bilavasitə iştirak edən şəxslərlə görüşləri zamanı qeydə alınan müsahibələr əsasında ərsəyə gəlmişdir. Ekran işi yalnız bir gecədə 613 mülki şəxsin vəhşicəsinə necə qətlə yetirilməsi ilə bağlı yaranan sualı anlamağa və cavablandırmağa imkan verən həqiqəti əks etdirir.

Filmin premyerası 1 iyul 2015-ci ildə Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında (BAFTA) baş tutub. Təqdimat artıq İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, və Lüksemburqda reallaşmışdır.

Film «Global Film Awards 2015» kino festivalında "Böyük nailiyyətlər nominasiyasında «Humanitarian Award 2015» mükafatına layiq görülüb. Qeyd edək ki, «Global Film Awards» Amerikanın nüfuzlu nəşri Accolade Global Film Competition tərəfindən verilir. Madrid və Tenerifedəki beynəlxalq film festivallarında ilin ən yaxşı sənədli filmi və ən yaxşı rejissor işi olaraq tanınıb. Filmin İngilis versiyası beynəlxalq festivallarda çoxsaylı mükafatlar qazanıb.

1
 
1
 
1